Yeni tədris ilindən etibarən Bakı şəhərində yerləşən ümumtəhsil müəssisələrində kağız jurnallardan istifadə edilməyəcək. Bütün proseslər yalnız "Rəqəmsal məktəb" platforması üzərindən aparılacaq.
Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Keyfiyyətə nəzarət və monitorinq sektorunun müdiri Fidan Nəcəfova deyib. Onun sözlərinə görə, cari ilin yanvar-fevral aylarından etibarən platformanın tətbiqi istiqamətində işlərə başlanılıb və bu müddət ərzində sistemin təkmilləşdirilməsi aparılıb. Artıq direktorların 98 faizi, müəllimlərin isə 93 faizi platformada qeydiyyatdan keçib: “"Rəqəmsal məktəb" platformasından istifadə müəllim və məktəb rəhbərliyinin iş yükünün azaldılmasına xidmət edəcək”.
Elektron jurnal - məktəblərdə dərs prosesinin və qiymətləndirmənin rəqəmsal şəkildə idarə olunmasını təmin edən sistemdir. Bu platformalar vasitəsilə müəllimlər dərs cədvəlini izləyə, şagirdlərin davamiyyətini qeyd edə, qiymətləndirmə aparıb valideynlərlə paylaşa və ümumi statistik hesabatlar çıxara biləcəklər.
Elektron jurnala məlumatları daxil etmək daha sürətli və rahatdır. Valideynlər və rəhbərlik prosesi anlıq izləyə bilir. Səhv ehtimalı azdır. Çünki jurnalda avtomatik yoxlama və düzəliş imkanları var. Ekektron jurnala stənilən yerdən daxil olmaq mümkündür. Bütün bu üstünlüklər müəllimləri artıq kağız daşımaq, səhifə çevirmək və imza toplamaq kimi yorucu işlərdən azad edir.
Elektron jurnal sistemi təkcə müəllimlər üçün deyil, valideyn və şagirdlər üçün də böyük rahatlıq yaradır. Valideynlər övladlarının dərsə davamiyyətini, qiymətlərini və irəliləyişlərini real vaxtda izləyə bilirlər. Bu isə ailə ilə məktəb arasında daha sıx əlaqə və əməkdaşlıq yaradır.
Elektron jurnal sistemi təhsildə yeni bir mərhələnin başlanğıcıdır. Bu sistem müəllimlərin iş yükünü azaldır, təhsilin idarə olunmasında səmərəliliyi artırır və ümumilikdə məktəb həyatını daha müasir və funksional edir. Artıq müəllimlərin jurnal yazmaqdan canları qurtardı və bu dəyişiklik təhsilin keyfiyyətinə də birbaşa təsir göstərir.
Müəllim Solmaz İsmayılova deyir ki, müəllim olaraq başlıca vəzifəsi tədris prosesinin yüksək səviyyədə, mövcud standartlara uyğun təşkil etmək olsa da o, vaxtının çox hissəsini yazı-pozu işinə sərf edirdi. Müəllim kağız-kuğuz, yazı-pozu işinə vaxtını sərf etməklə tədrisin keyfiyyətini zəiflətmək məcburiyyətində qalırdı. Artıq bu problem aradan qalxdı: “Jurnal yazmaqdan canımız qurtardı. Əvvəllər hər dərsdən sonra kağız jurnalı doldurmaq həm vaxt aparırdı, həm də çox yorucu idi. İndi isə elektron jurnal vasitəsilə hər şey daha asandır – qiymətləri, davamiyyəti və şagird məlumatlarını bir neçə dəqiqəyə daxil edirik. Bu sistem bizə böyük rahatlıq və vaxt qazandırdı".
Digər müəllim Vüsalə Vəliyeva bildirib ki, Elektron jurnal müəllimlərin işini yüngülləşdirəcək: “Artıq hər şey bir platformadadır – davamiyyət, qiymətlər, şagirdin irəliləyişi. Əvvəllər səhv etdikdə düzəliş etmək çətin olurdu, indi isə sistemdə hər şeyi rahat şəkildə redaktə edə bilirik. Ən əsası isə valideynlər də hər şeyi vaxtında görür, bu da məsuliyyəti artırır". İbtidai sinif müəllimi kimi, şagirdlərimin inkişafını gündəlik izləmək və qeyd etmək çox vacibdir. Elektron jurnal bizə bu işi daha sistemli şəkildə görmək imkanı verir. Ən çox bəyəndiyim tərəfi isə qiymətləndirmə və şərhlərin valideynlərlə anında paylaşılmasıdır. Bu, valideyn-müəllim əməkdaşlığını gücləndirir".
Müəllim Sona Şirinova qeyd edib ki, əvvəllər müəllimlər dərsdən sonra saatlarla jurnal doldurmaq məcburiyyətində qalırdı. İndi isə bir neçə kliklə bütün məlumatları sistemə daxil etmək mümkün olacaq. Həm vaxta qənaət olunacaq, həm də müəllimlərin bütün diqqəti daha çox dərsə yönələcək: “Mənim üçün vacib olan dəqiqlik və sistemlilikdir. Elektron jurnal bu baxımdan çox rahatdır. Qiymətlər və qeydlər sistemli şəkildə qorunur və itmə riski yoxdur. Əvvəllər jurnalda səhv yazı olanda düzəltmək üçün rəhbərliyin təsdiqini almaq lazım gəlirdi. İndi isə hər şey elektron şəkildə, sürətli və rahatdır. Biz müəllimlər üçün bu, böyük bir yenilikdir. Elektron jurnal təkcə yazını deyil, ümumi idarəetməni də asanlaşdırır. Hətta şagirdin bir neçə aylıq nəticəsini analiz etmək bir neçə saniyə çəkir. Bu, bizim işimizi daha peşəkar edir. Elektron jurnal valideynlərlə əməkdaşlıq üçün çox yaxşı vasitədir. Onlar istənilən vaxt övladlarının qiymətlərinə və davamiyyətinə baxa bilirlər. Bu şəffaflıq həm şagirdlər, həm də valideynlər üçün müsbət nəticə verir".
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təhsil sistemində son illərdə aparılan ən mühüm islahatlardan biri məktəblərdə kağız jurnalların istifadəsinin dayandırılması və elektron jurnala keçid prosesidir:
“"Təhsil haqqında” qanunun 13-cü maddəsində və "Elektron Təhsil haqqında” Dövlət Proqramında qeyd edilir ki, təhsil müəssisələrinin fəaliyyətində rəqəmsal idarəetmə və informasiya sistemlərinin tətbiqi proseslərin səmərəliliyini və şəffaflığını artırmalıdır. Eyni zamanda, müəllimlərin pedaqoji fəaliyyətində rəqəmsal texnologiyaların istifadəsi müasir dövrün tələbi kimi qəbul edilir. Bu kontekstdə, kağız jurnalların tamamilə dövriyyədən çıxarılması həm qanunvericiliyin ruhuna, həm də təhsil sisteminin dayanıqlı inkişafına uyğun bir addımdır. Elektron jurnal sisteminin tətbiqi bir sıra müsbət dəyişikliklərə gətirib çıxaracaq. Əvvəla, müəllimlər üçün gündəlik kağız sənədləşdirmə yükü xeyli azalacaq və bu, onların əsas vaxtını pedaqoji fəaliyyətə və tədrisin keyfiyyətinin artırılmasına yönəltməyə imkan verəcək. Valideynlər və şagirdlər isə real vaxt rejimində qiymət və davamiyyətə dair məlumatları izləyə biləcək, bu da təhsildə şəffaflığı və operativliyi artıracaq. Elektron sistem vasitəsilə məlumatların arxivləşdirilməsi, statistik təhlil və hesabatlılıq daha əlçatan və çevik olacaq. Üstəlik, ekoloji baxımdan da minlərlə kağız jurnaldan imtina resursların və ətraf mühitin qorunmasına xidmət edir. Dünya təcrübəsində, xüsusən də Estoniya, Finlandiya, Sinqapur kimi ölkələrdə məktəb idarəçiliyinin rəqəmsallaşdırılması təhsil sisteminin səmərəliliyinin və şəffaflığının əsas komponentlərindən biri hesab edilir”.
Kamran Əsədov vurğulayıb ki, elektron jurnal sisteminə keçid bir sıra çətinliklər də yaradacaq: “Ölkənin bəzi ucqar və region məktəblərində internet infrastrukturunun zəifliyi, İKT avadanlığının çatışmazlığı, müəllim və texniki heyətin rəqəmsal bacarıqlarının müxtəlif səviyyədə olması keçid prosesinin əsas problemləridir. Elektron sistemlərdə informasiya təhlükəsizliyi, şəxsi məlumatların qorunması və texniki nasazlıqlar zamanı alternativ həll mexanizmləri vacib məsələlərdir”.
Ekspert hesab edir ki, elektron jurnal tətbiqi məktəbin idarə olunmasında çevikliyi, hesabatlılığı və şəffaflığı artıracaq, müəllimlərin və şagirdlərin işini asanlaşdıracaq. Əgər bu islahat mərhələli, planlı və hərtərəfli şəkildə həyata keçirilərsə, Azərbaycanda təhsil idarəçiliyinin müasir standartlara cavab verməsi, müəllim və şagirdlərin gündəlik fəaliyyətinin yüngülləşməsi, təhsildə şəffaflıq və keyfiyyətin artması mümkün olacaq. Nəticədə, ölkənin təhsil sistemi çevik, dayanıqlı və rəqabətqabiliyyətli olacaq, dünya təhsil məkanına inteqrasiya sürətlənəcək.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun fikrincə, elektron jurnal sisteminin tətbiqi təhsil prosesində keyfiyyətin yüksəlməsinə xidmət edən əsas alətlərdən biridir. Bu sistem yalnız müəllimin işini yüngülləşdirmir, həm də məktəb-inzibati nəzarət mexanizmini gücləndirir. Valideyn, müəllim və rəhbərlik arasında şəffaf əlaqə qurulur, təlim nəticələri daha çevik şəkildə izlənilir. Bu, müasir təhsildə rəqəmsallaşmanın vacib mərhələsidir və nəticədə həm vaxt, həm də resurslara qənaət edilir:
“Beynəlxalq təhsil sistemində sinif jurnalları elektron formadadır. Eyni zamanda, həmin jurnalda valideyn kabineti də olur ki, valideyn özü övladı ilə bağlı bütün qeydlərə daxil ola bilir. Müəllimin də vəzifəsi hər dərsdən sonra hər bir şagirdlə bağlı xüsusi qeydlərini onların kabinetlərinə yerləşdirməkdən ibarətdir. On illərdir bu, beynəlxalq təcrübədə istifadə olunur. Elektron jurnal yalnız qiymətlərin və davamiyyətin qeyd edilməsi üçün deyil, eyni zamanda təhsil prosesinin hər mərhələsinin sistemli şəkildə izlənməsi üçün effektiv platformadır. Bu sistem vasitəsilə müəllimlər, valideynlər və məktəb rəhbərliyi arasında operativ məlumat axını təmin olunur. Eyni zamanda, statistik təhlillər və təlimin keyfiyyətinə dair qərarların verilməsi daha dəqiq və əsaslandırılmış olur. Bu, təhsilin rəqəmsal transformasiyasının vacib bir hissəsidir".
Nərmin Qarazadə