ABŞ-də aparılan yeni sorğu göstərib ki, orta məktəb şagirdlərinin 70 faizi hazırda öyrəndikləri fənlərin gələcəkdə faydalı olmayacağını düşünür. Şagirdlərin bu yanaşması, xüsusilə süni intellektin sürətlə inkişaf etməsi və tədris proqramlarının yeni texnoloji reallıqlara uyğunlaşmaması ilə izah olunur.
AzEdu.az-ın xarici mənbədən aldığı məlumata görə, şagirdlər hesab edirlər ki, məktəblərdə tədris edilən bir çox mövzular real həyat bacarıqlarını formalaşdırmır. Onların fikrincə, dərslərin məzmunu əmək bazarının tələblərinə uyğunlaşdırılmalı, süni intellekt, proqramlaşdırma, rəqəmsal savadlılıq və yaradıcılıq kimi sahələr daha çox ön plana çıxarılmalıdır.
Mütəxəssislər də xəbərdarlıq edirlər ki, ənənəvi tədris sistemi sürətlə dəyişən texnoloji dövrdə köhnəlmiş görünür. Əgər təhsil proqramları yenilənməsə, şagirdlər öyrəndiklərinin praktik dəyərini görmədikləri üçün motivasiya itkisi yaşayacaqlar.
Hazırda ABŞ-də bu məsələ ətrafında müzakirələr davam edir. Təhsil ekspertləri məktəblərdə yenilənmiş kurikulumun hazırlanmasını, dərslərin şagirdlərin gələcək peşə bacarıqlarına uyğunlaşdırılmasını vacib sayırlar.