Son dövrlərdə xarici mediada yayılan xəbərlərdən biri də şagirdlərin ev tapşırıqlarını birbaşa süni intellektə həvalə etməsi ilə bağlıdır. Burada əsas problem süni intellektdən köməkçi vasitə kimi istifadə edilməməsi, tam əvəzləyici funksiyanın ona ötürülməsidir. Bu isə təhsil prosesinin mahiyyətinə ziddir. Çünki məktəb və müəllimin əsas missiyası şagirdlərdə müstəqil düşünmə, analitik təhlil və yaradıcılıq qabiliyyətlərini formalaşdırmaqdır. Əgər şagird tapşırığı özü yerinə yetirmirsə, süni intellekt onun əvəzində bunu edirsə, onda təhsil dəyərləri sıradan çıxır.
Bu fikirləri təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında bildirib.
Süni intellektdən yanlış istifadə təhlükəlidir
"Rəsmi statistikaya görə, dünyada təhsildə süni intellektdən istifadə sürətlə artır. 2023-cü ildə ABŞ məktəblərində aparılan sorğular göstərir ki, şagirdlərin 51 faizi ən azı bir dəfə ev tapşırığını ChatGPT və ya bənzər proqramlarla yerinə yetirib. İngiltərədə isə universitet tələbələrinin 43 faizinin ən azı bir esse və ya layihə işində süni intellektdən istifadə etdiyi məlum olub. Bu göstəricilər qısa müddətdə belə, texnologiyanın təhsildə nə qədər geniş yayıldığını göstərir. Halbuki “Təhsil haqqında” Qanunun 13-cü maddəsində təhsilin əsas prinsiplərindən biri kimi müasir informasiya texnologiyalarının tədris prosesinə tətbiqi qeyd edilir. Amma bu prinsip yalnız formal olaraq mövcuddur, real həyata keçirilməsi istiqamətində addımlar atılmır.
Problemin mənfi tərəfi odur ki, süni intellektin tənzimlənməməsi şagirdlərin tənbəlliyinə və hazır cavablara öyrəşməsinə səbəb olacaq. Bu, gələcəkdə həm ali təhsil pilləsində, həm də əmək bazarında savadsız və müstəqil düşünmə qabiliyyəti olmayan kadrların artması deməkdir. Digər tərəfdən, süni intellektin düzgün istifadəsi təhsil prosesini zənginləşdirə bilər. Məsələn, şagirdlər esse yazarkən ilkin ideya toplamaq, xarici dillərdə tərcümə bacarıqlarını inkişaf etdirmək və ya mövzunu müxtəlif aspektlərdən araşdırmaq üçün bu texnologiyadan faydalana bilərlər. Əgər süni intellekt “tədris partnyoru” rolunda tətbiq olunarsa, bu həm müəllimin iş yükünü azaldar, həm də şagirdlərin yaradıcılıq imkanlarını genişləndirər.
Dünya təcrübəsi göstərir ki, problemin həlli yalnız qadağalarla mümkün deyil. ABŞ-nin bəzi ştatlarında məktəblər əvvəlcə ChatGPT-ni tam qadağan etsələr də, çox keçmədən bunun real nəticə vermədiyini gördülər və istifadə qaydalarını müəyyənləşdirərək süni intellekti tədris proqramına inteqrasiya etdilər. Finlandiya və Estoniya məktəblərində isə süni intellekt xüsusi dərsliklər vasitəsilə şagirdlərə öyrədilir, onlara bu texnologiyadan necə düzgün faydalanmaq lazım olduğu izah olunur. Almaniyada universitetlər plagiat yoxlaması üçün artıq süni intellektdən istifadə edir. Azərbaycan isə bütün bu proseslərdən kənarda qalır. Nə yeni dərsliklər hazırlanır, nə müəllimlər üçün təlimlər keçirilir, nə də şagirdlər marifləndirilir.
Müvafiq tədbirlər görülməsə, yaxın illərdə süni intellektin təhsilə kütləvi şəkildə daxil olması ilə ciddi problemlər üzə çıxacaq. Ev tapşırıqları şagirdlərin inkişafında rolunu itirəcək, müəllimlər qiymətləndirməni obyektiv apara bilməyəcək, şagirdlərin intellektual inkişafı isə formal bir prosesə çevriləcək. Bu gün Nazirlik qabaqlayıcı işlər görməli, məktəblərdə və universitetlərdə süni intellektdən istifadənin etik qaydaları hazırlanmalı, qiymətləndirmə sistemi yenidən qurulmalıdır. Əks halda, süni intellekt şagirdlərin öyrənmə vasitəsi deyil, yalnız tapşırıqları avtomatik yerinə yetirən “alət” rolunda qalacaq.
Əslində sual texnologiyanın özündə deyil, onun necə tətbiq edilməsindədir. Əgər dünyada olduğu kimi bizdə də süni intellektin düzgün istifadəsi ilə bağlı normativ-hüquqi baza yaradılsa, müəllimlər və şagirdlər marifləndirilsə, bu proses təhsilin keyfiyyətini yüksəldə bilər. Azərbaycanda süni intellektin təhsilə inteqrasiyası qaçılmazdır, amma məsələ budur ki, bu inteqrasiya xaotik və tənzimlənməz olacaq, yoxsa idarə olunan və fayda gətirən bir proses kimi qurulacaq".