Azedu.az

Məktəb təhsilinin rolu: repetitor olmadan 600-700 bal mümkündürmü?

Məktəblər

Repetitor

Şagirdlər

22 Avqust 2025, 10:08
Məktəb təhsilinin rolu: repetitor olmadan 600-700 bal mümkündürmü?

Azərbaycanda təhsil sistemində son illərin ən çox müzakirə olunan məsələlərindən biri  yuxarı sinif şagirdlərinin məktəbə marağının azalması və əsasən repetitorlara yönəlməsidir.

Ənənəvi olaraq məktəb yalnız təhsil deyil, həm də sosiallaşma və şəxsiyyətin formalaşması mühiti kimi qəbul olunurdu. Lakin bu gün bir çox şagird məktəbi yalnız “formal iştirak” yeri, əsl dərs isə “repetitor yanında” olaraq görür. Məktəb dərsləri əsasən kurikulumun əhatəsinə yönəlir, qəbul imtahanlarının formatı isə fərqlidir. Bu boşluğu doldurmaq üçün repetitorlar "həll yolu" kimi görülür.

Ali məktəblərə qəbul yalnız test əsasında aparıldığından, şagirdlər məktəb proqramı ilə bu imtahanlara hazırlaşmağın mümkün olmadığını düşünürlər. Repetitorlar isə bu sahədə konkret və fokuslanmış hazırlıq təklif edir.  

Repetitorlar daha çox fərdi və ya kiçik qruplarla işlədikləri üçün hər bir şagirdə xüsusi diqqət yetirirlər. Bu da biliklərin daha dərindən mənimsənilməsinə və imtahanlara effektiv hazırlaşmağa imkan yaradır. Bir çox repetitor öz proqramını məhz Dövlət İmtahan Mərkəzinin testlərinə uyğunlaşdırır. Bu da məktəbdəki ümumi proqramdan fərqli olaraq, daha konkret və məqsədli hazırlıq deməkdir. Məktəbdə dərs saatları və proqramın sıxlığı müəllimlərə qəbul imtahanı səviyyəsində dərs keçməyə imkan vermir. Bu da şagirdləri əlavə dəstəyə yönəldir. Valideynlər də uşaqlarının məktəblə kifayətlənməməsini, əlavə hazırlığa yönəlməsini zəruri sayırlar. Bu isə məktəbin rolunun gözardı edilməsinə gətirib çıxarır.  

Valideyn Təranə Sadıqova deyir ki, bu gün məktəb proqramı ilə ali məktəbə qəbul olmaq mümkün deyil: “Müəllimlərin çoxu ya proqramı çatdırmır, ya da ümumi dərslərdə elə bir fərdi yanaşma olmur. Biz də məcbur qalıb repetitor tuturuq. Hər fənnə görə aylıq ödəniş edirik – bu da ailə büdcəsini ciddi şəkildə çətin vəziyyətə salır. Amma başqa çıxış yolumuz yoxdur. Hər bir valideyn istəyir ki, övladı yaxşı universitetə daxil olsun. Təəssüf ki, bu məqsədə çatmaq üçün məktəb kifayət etmir. Əslində məktəb bu hazırlığı təmin etməlidir. Amma reallıq başqadır – repetitorsuz keçinmək olmur".

Valideyn Emin Qurbanovun fikrincə, məktəb hazırlığı ilə uşaq qəbul imtahanında müəyyən nəticə göstərə bilər. Amma yüksək nəticə göstərmək üçün repetitor və ya hazırlıq kursuna getmək mütləqdir: “Qızım 9-cu sinifdən repetitor yanına gedir. Məktəbdə müəllimlər çox yaxşıdır, amma imtahanlara spesifik hazırlaşmaq üçün kifayət etmir. Bu gün ali məktəbə yüksək balla qəbul olmaq istəyən hər bir uşaq üçün repetitor zərurətdir. Məktəbin verdiyi bilik təməl üçündür, amma imtahanda uğur qazanmaq üçün əlavə dərslər, praktika, test bilikləri lazımdır. Biz də istəyirik ki, övladımız yaxşı universitetə, yaxşı ixtisasa qəbul olsun. Ona görə də repetitor axtarırıq – özü də tanınan, nəticə verən müəllimlərdən. Düzdür, qiymətlər bahadır, bəzən ailə büdcəsini aşırıq, amma başqa çıxış yolumuz yoxdur. Hamı bilir ki, məktəblə 600-700 bal yığmaq mümkün deyil”.

Məktəb təhsilinin əsas funksiyası şagirdlərə akademik biliklər, həyati bacarıqlar və ali təhsilə keçid üçün lazımi hazırlıq verməkdir. Lakin uzun illərdir müşahidə olunan tendensiyalar göstərir ki, məktəb bu vəzifəni tam yerinə yetirə bilmir. Bunun ən bariz göstəricisi isə geniş yayılmış repetitorluq sistemidir. Repetitor hazırlığı Azərbaycanda təhsilin ayrılmaz hissəsinə çevrilib və artıq elə bir vəziyyət yaranıb ki, məktəbə getmədən yalnız repetitor yanına gedərək ali məktəbə qəbul olmaq adi hal kimi qəbul edilir.

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, repetitorluğun bu qədər geniş yayılmasının əsas səbəblərindən biri məktəb proqramının və tədrisin ali məktəb imtahanları ilə uzlaşmamasıdır:

Təhsil ekpertləri haqqında nə bilirik? - Kamran Əsədov...

“Dərsliklərdə olan materiallarla qəbul imtahanlarında tələb olunan biliklər arasında ciddi fərqlər var. Məktəbdə verilən təhsil imtahanlarda yüksək nəticə əldə etmək üçün yetərli deyil və şagirdlər əlavə hazırlıq olmadan universitetə qəbul ola bilmirlər. Bu isə məktəb təhsilinin effektivliyini sual altına qoyur. Əgər məktəb şagirdləri imtahana tam hazırlamırsa, bu halda repetitorlar təhsil sistemində boşluğu dolduran əsas vasitəyə çevrilir. Digər bir problem müəllimlərin repetitor hazırlığı ilə məşğul olmasıdır. Təhsil sistemindəki maaş problemləri və məktəbdə dərs keçməyin maddi baxımdan qeyri-cəlbedici olması bir çox müəllimlərin repetitorluğa üz tutmasına səbəb olub. Məktəbdə az əməkhaqqı alan müəllimlər dərsdən sonra və ya hətta rəsmi dərs saatlarında repetitor hazırlığı keçməklə əlavə gəlir əldə edirlər. Bəzi hallarda məktəb müəllimləri dərsdə mövzuları tam izah etmir, şagirdləri repetitor yanına getməyə məcbur edirlər. Bu isə məktəbin nüfuzuna zərbə vurur və təhsil sisteminin iki paralel quruma – məktəb və repetitorluq şəbəkəsinə bölünməsinə səbəb olur. Bu vəziyyətin uzunmüddətli perspektivdə yaratdığı problemlər kifayət qədər ciddidir. İlk növbədə, məktəb öz əsas funksiyasını itirir və formal bir quruma çevrilir. Şagirdlərin əsas diqqəti məktəbə yox, repetitor dərslərinə yönəlir və məktəbdə keçirilən dərslərə maraq azalır. Bundan əlavə, repetitorluq təhsildə qeyri-bərabərliyi artırır. Daha yaxşı repetitor yanına gedənlər ali məktəbə daha yaxşı hazırlaşır, maddi imkanı olmayanlar isə geridə qalır. Bu, təhsildə sosial ədalətsizlik yaradır və nəticədə yalnız müəyyən sosial təbəqədən olan insanlar ali təhsilə rahat çıxış əldə edə bilirlər”.

Ekspert deyib ki, Azərbaycan təhsil sistemində də repetitorluğun qarşısını inzibati yollarla almaq mümkün deyil. Əsas məsələ məktəblərdə tədrisin keyfiyyətinin artırılması və repetitorlara ehtiyacın azaldılmasıdır: “Bunun üçün bir neçə əsas dəyişikliklər həyata keçirilməlidir: Məktəb proqramı qəbul imtahanlarına uyğunlaşdırılmalıdır. Hazırkı sistemdə məktəb dərslərində verilən biliklər və imtahan sualları arasında böyük uçurum var. Şagirdlərin məktəb proqramı əsasında imtahanlara hazırlaşması təmin edilməlidir. Müəllimlərin maaşı artırılmalı və repetitorluğa olan asılılıq azaldılmalıdır. Əgər müəllimlər layiqli əməkhaqqı alsalar, onlar üçün repetitorluq əlavə qazanc mənbəyi kimi vacib olmayacaq və onlar məktəbdə daha effektiv dərs keçməyə maraqlı olacaqlar. Məktəblərdə əlavə hazırlıq kursları təşkil olunmalıdır. Şagirdlər üçün məktəb daxilində pulsuz və ya aşağı qiymətə imtahana hazırlıq kursları keçirilməlidir. Bu, repetitorluğa olan ehtiyacı azaldacaq və təhsildə bərabər imkanlar yaradacaq. Məktəblər arasında akademik rəqabət artırılmalıdır. Finlandiya və Sinqapur təcrübəsində olduğu kimi, məktəblər öz nəticələrinə görə qiymətləndirilməli və yüksək nəticə göstərən məktəblər mükafatlandırılmalıdır. Təhsilin əsas məqsədi şagirdlərə bilik vermək və onları gələcək həyatlarına hazırlamaqdır. Əgər məktəb bu funksiyanı tam yerinə yetirə bilmirsə, repetitorluq məcburiyyətə çevrilir. Bunun qarşısını almaq üçün yalnız cərimələr və məhdudiyyətlər kifayət deyil, təhsil sisteminin özündə fundamental dəyişikliklər edilməlidir. Məktəb elə bir səviyyəyə çatdırılmalıdır ki, şagirdlər əlavə dərs olmadan da yüksək nəticə əldə edə bilsinlər. Əks halda, repetitorluq təhsilin ayrılmaz hissəsi kimi qalacaq və məktəblər yalnız formal bir institut olaraq mövcud olacaq”.

Təhsil ekspert Elçin Əfəndi qeyd edib ki, repetitorlara olan tələbatın  başlıca səbəbi odur ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanları ümumi vahid bir proqrama malikdir və həmin proqram ixtisas qruplarında yaranan fənlər üzrə materialın tam əhatə olunmasına əsaslanır: 

“Buraxılış və blok imtahanları birləşdirilsin”-Elçin Əfəndi

"Azərbaycan dili və riyaziyyat üzrə 5-ci sinifdən 11-ci sinifə qədər bütün mövzuları əhatə edən tapşırıqlar bu proqramda yer alır və nəticə etibarilə şagirdlər məcbur olub məhz repetitor fəaliyyətinə üz tuturlar. Repetitor fəaliyyətini məktəblərdə müəllimlərin əmək haqqının az olması ilə əlaqələndirmək doğru olmaz. Hal-hazırda respublika üzrə 900-dən çox müəllim 1500-2000 manatdan çox əmək haqqı alır və onlar da repetitorluqla məşğul olurlar. Bunu konkret olaraq bəzi müəllimlərin xidmət sahəsi kimi qiymətləndirmək olar. Onlar müvafiq təhsil müəssisəsində əmək fəaliyyəti göstərirlər və təhsil verirlər, günün müəyyən saatlarında isə repetitor fəaliyyəti ilə məşğul olurlar. Amma könül istər ki, şagirdlər bu kimi istiqamətlərə üz tutmadan birbaşa tam orta ümumi təhsil müəssisələrində əldə etdikləri biliklər əsasında həm orta ixtisas təhsil müəssisələrinə, həm də ali təhsil müəssisələrinə qəbul ola bilsinlər. Bunun üçün Dövlət İmtahan Mərkəzinin müvafiq olaraq sualları və mövzuları 10-cu və 11-ci siniflər üzrə təyin edərək imtahan keçirməsi düşünürəm ki, bu istiqamətdə atılmış ən uyğun və optimal addım ola bilər. 11 illik bazadan şagirdlər yuxarı təhsil pilləsinə gəlib, yəni 9-cu sinifi bitirdikdən sonra hansı ixtisas qrupu üzrə təhsil alacaqlarını qərarlaşdırsalar, həmin ixtisas qrupu üzrə məhz məktəbdə hazırlaşaraq ali təhsil müəssisələrini qazana bilərlər. Belə olduğu halda, Dövlət İmtahan Mərkəzi də 10-cu və 11-ci siniflərə konkret olaraq həmin qrupa daxil olan fənlər əsasında imtahan keçirsələr, repetitor istiqamətinə ehtiyac qalmayacaq. Digər bir üsul isə qəbul imtahan fənlərinin minimallaşdırılmasıdır. Burda, ən azı, 3 fənn üzrə şagirdlərin bilik və bacarıqlarını qiymətləndirib onların ali təhsil müəssisələrinə qəbulunu həyata keçirmək mümkün ola bilər. Hansı ki, bu əsaslarla repetitor istiqamətində müəyyən xidmət formalaşıb və bu xidmətində müəyyən qədər qarşısını almaq olar".

E.Əfəndi repetitorla məktəb müəllimlərinin fəaliyyətini fərqləndirərək vurğulayıb ki, repetitorların konkret məqsədi şagirdin ali təhsil müəssisəsinə və yaxud orta ixtisas təhsil müəssisənə qəbul olmasına əsaslanır: "Əlbəttə ki, məktəb müəllimi 25-30 nəfər şagirdlə məşğul olursa, konkret olaraq repetitor fəaliyyəti göstərən şəxs 10-15 nəfərlə abituriyent hazırlığı həyata keçirir. Müəyyən bilik və bacarıqları yalnız ali təhsil istiqamətində və öz fənni ilə bağlı verə bilər. Demirəm, repetitor şagirdin həyatında məktəb müəllimi qədər rol oynamır, müəyyən qədər də olsa, onların da rolu var".

Dünya təcrübəsində repetitorluğun qarşısını almaq üçün müxtəlif mexanizmlər tətbiq edilir. Məsələn, Finlandiya və Sinqapur kimi ölkələrdə repetitor hazırlığına minimal ehtiyac duyulur. Finlandiyada məktəblər tam şəkildə şagirdlərin imtahanlara hazırlaşmasına kömək edir və məktəb proqramı ilə imtahan sualları arasında tam uyğunluq var. Sinqapurda isə məktəblərdə əlavə dərslər keçirilir və şagirdlərə pulsuz əlavə hazırlıq imkanları yaradılır. Bu sistemlərdə repetitorluq bir əlavə dəstək kimi qalıb, lakin məcburiyyətə çevrilməyib.

Cənubi Koreyada repetitorluq uzun müddət təhsil sisteminin əsas hissəsi olub, lakin hökumət son illərdə bu sistemin qarşısını almaq üçün ciddi addımlar atıb. Məktəblərdə axşam saatlarında əlavə dərslər təşkil edilir və repetitor xidmətlərinin qiymətləri tənzimlənir. Eyni zamanda, repetitor dərslərinin məktəbdən fərqli materiallardan istifadə etməsinə nəzarət edilir və repetitorluğun məktəb təhsilini əvəz etməsinin qarşısı alınır.

Almaniya və ABŞ-da isə məktəblərin daxilində universitetə hazırlıq proqramları həyata keçirilir. Şagirdlər bu proqramlarda iştirak edərək əlavə dəstək alır və repetitor xidmətlərinə ehtiyac duymurlar. Məktəblərin verdiyi təhsilin universitet tələbləri ilə uyğunlaşdırılması repetitorluğun qarşısını alan əsas faktorlardan biridir.

Göründüyü kimi dünya ölkələrində repetitorluğun qarşısını almaq üçün müvafiq addımlar atılır. Azərbaycanda isə bu xidmət növünün geniş yayılmasına imkan yaradılır.

Keçmiş təhsil naziri, professor Misir Mərdanov bildirib ki, hazırda ölkə təhsilində ən ciddi problem repetitorluqla bağlıdır:

Misir Mərdanov Azərbaycanın Ermənistandakı səfiri olacaq?

“Mən deyərdim ki, təhsilimizdə çox ciddi repetitorluq sistemi yaranıb. Doğrudur, dünyanın hər yerində repetitorluq var. Amma heç bir ölkədə belə geniş yayılmayıb. Sanki paralel ikinci bir təhsil şəbəkəsi mövcuddur. Bu, bir tərəfdən, məktəbi, digər tərəfdən, müəllimi nüfuzdan salır. Uşaq sinifə getməlidir, dostu-yoldaşı olmalıdır. Repetitorluqda isə bunların heç biri yoxdur. Düşünürəm ki, təhsilin ən ciddi problemi repetitorluqdur. Bunun qarşısını cərimələrlə almaq mümkün deyil”.

Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, repetitorluğun bu qədər geniş yayılmasının səbəbləri əsasən təhsil sistemindəki boşluqlarla bağlıdır. Qarşısını almaq, daha doğrusu, ehtiyacı azaltmaq mümkündür, amma bu, sistemli və mərhələli islahatlar tələb edir. Bildirilir ki, məktəbdə keçirilən dərslər qəbul imtahanlarına cavab vermir. Proqramlar elə tərtib olunmalıdır ki, imtahan sualları məktəbdə öyrədilən biliklərə əsaslansın:

Xanımını itirən Şahlar Əsgərov: “Bundan sonrakı həyatım necə olacaq, deyə bilmərəm” - MÜSAHİBƏ

“ Repetitorluğun tam qarşısını almaq qısa müddətdə mümkün deyil. Amma təhsil sistemində şəffaflıq, keyfiyyət və əlçatanlıq təmin olunarsa, repetitor ehtiyacı təbii şəkildə azalacaq. Məktəb, müəllim, valideyn və dövlət birgə çalışmalıdır ki, məktəb təhsili yenidən etibar qazansın”.

Nərmin Qarazadə

Rusiyadan Azərbaycan ərazisində ƏMƏLİYYAT
Son xəbərlərDaha çox