Yeni tədris ilində Türkiyə məktəblərində “zəngsiz məktəb” tətbiqi həyata keçiriləcək. Məqsəd, şagirdlərdə məsuliyyət və nizam-intizam bilincini artırmaqdır.
AzEdu.az "NTV"yə istinadən xəbər verir ki, Milli Təhsil Nazirliyi (MEB) tərəfindən bütün vilayətlərə göndərilən ümumi yazıda, uyğun məktəblərdə dərslərin başlanğıc və sonunu bildirən siqnalların ya səsiz, ya da minimum səviyyədə istifadə olunacağı bildirilib. Yeni tədris ili 8 sentyabr 2025-ci il, bazar ertəsi günü başlayacaq.
Yazıda qeyd olunur ki, zənglər yalnız zəruri hallarda istifadə olunacaq və səsi ətraf mühiti narahat etməyəcək şəkildə tənzimlənəcək. Siqnallar MEB tərəfindən müəyyən edilmiş variantlardan seçiləcək.
Bu addım, şagirdlərin məsuliyyət hissini artırmaq və məktəb mühitində səs-küyü minimuma endirmək məqsədi daşıyır.