“Dərs müddətində zəif iştirak etdiyim zaman müəllimlərimin söylədikləri mənfi ifadələri eşitmək istəmirəm. Çünki neqativ fikirlər eşitdikdə dərs oxumaq istəyim azalır”.
AzEdu.az müxtəlif bölgə şagirdlərini birləşdirən “Atüstü söhbət” rubrikasını davam etdirir.
Budəfəki “Atüstü söhbət”imiz isə İmişli rayon Nəriman Nərimanov adına 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin VI sinif şagirdi Fərid Məmmədli ilədir.
“Cəmiyyətə faydalı şəxsiyyət kimi formalaşmaq üçün həkim olmaq istəyirəm” deyən Fəridlə “Atüstü söhbət”i təqdim edirik:
-Fərid, əvvəlcə, nümunəvi şagird necə olar, onu de...
-Nümunəvi şagird-dərsə gecikməməli, müəllimlərin sözünə baxmalıdır. O, müəllimlərin verdiyi bütün tapşırıqları yerinə yetirməli dərsini yaxşı cavablandırmalıdır.
-Dərslərində çətinlik çəkirsən?
-Dərslərimdə çətinliyim yoxdur. Çünki çalışıram ki, hər zaman dərslərimi yaxşı oxuyum.
-Bəzən, çoxları düşünür ki, şagirdin dərsi sevməsi müəllimdən asılıdır. Bəs, sən özün necə müəllimləri sevirsən?
-Məsuliyyətli, şagirdlərlə mehriban və səmimi olan müəllimləri daha çox sevirəm.
-Şagirdlərin sosial şəbəkədən istifadəsinə necə baxırsan?
-Əgər şagirdlər faydalı məlumatlar öyrənərsə, onların sosial şəbəkədən istifadəsinə pis baxmıram. Şagirdlər internet resurslarından onlara faydalı olan onlayn test, kitabda olmayan məlumatların öyrənməsinin tərəfdarıyam.
-Məktəbdə heç sevmədiyin müəllim var?
-Məktəbdə sevmədiyim müəllim yoxdur.
-“Yaxşı müəllim” səncə, necə olmalıdır?
-Yaxşı müəllim məsuliyyətli, qayğıkeş, vəfalı olmalıdır. O, şagirdlərlə yaxşı davranmalı, onlara aydın olmayan, başa düşmədiyi dərsi asanlıqla başa salmalıdır.
-Gələcəkdə bu peşəni seçsən, necə müəllim olarsan?
-Şagirdləri sevən onları başa düşən müəllim olardım. Onları heç vaxt döyməz, kobud sözlər deməzdim. Şagirdlərimin yaxşı oxumaqları üçün əlimdən gələni edərdim.
-Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən?
-Cəmiyyətə faydalı şəxsiyyət olmağım üçün həkimliyi istəyirəm. Həkimlik çoxlarının xəyalı olsa da, inanıram, gələcəkdə bunu gerçəkləşdirəcəm. Çünki, insanların sağlamlığını qorumağında yardımçı olmaq şərəfli bir işdir.
-Şagird asudə zamanlarını necə dəyərləndirməlidir?
-Şagirdlər asudə zamanlarında kitab oxumaq və internet resurslarında əlavə faydalı məlumatlar oxumaqla dəyərləndirməlidir. Onlar təmiz havada oyun oynamalı, eyni zamanda valideynlərinə də kömək etməlidirlər.
-Dərslərində “2” alanda nə hisslər keçirirsən?
-Dərslərimdə heç vaxt “2” almadığım üçün bu suala tam olaraq cavab verə bilmərəm. Heç bir şagirdə də dərslərindən “2” almağı arzulamıram.
-Müəllimlərinin söylədikləri hansı ifadələri eşitmək istəmirsən?
-Dərs müddətində zəif iştirak etdiyim zaman müəllimlərimin söylədikləri ifadələri eşitmək istəmirəm. Çünki neqativ fikirlər eşitdikdə dərs oxumaq istəyim azalır.
-Səncə, “dostluq” sözünün anlamı nədir?
-“Dostluq” çətin zamanlarda heç kimə deyə bilmədiyin sirrini deyəcəyin insandır. Dost dediyin insan heç vaxt dostunu dar gündə qoymaz, ona yalan danışmaz. Hər kəsə vəfalı, öz dərdini bölüşə bilən dost arzulayıram.
-Bəs, sevgi...?
-Sevgi ən təmiz duyğudur və o cürbəcür olur. Ana, ailə, peşə sevgisi kimi...
-Sinif yoldaşlarına nə demək istərdin?
-Dərslərini yaxşı oxusunlar, müəllimləri incitməsinlər.