Azedu.az

Hansı şagirdlər məktəbi daha tez bitirə bilər? - QAYDALAR

Məktəblər

Şagirdlər

28 İyul 2025, 13:47
Hansı şagirdlər məktəbi daha tez bitirə bilər? - QAYDALAR

Təhsil prosesində hər bir şagirdin inkişaf tempi və idraki səviyyəsi fərqli olur. Bəzən istedadlı və dərsi sürətlə mənimsəyən şagirdlərin təkrar keçdikləri mövzularla vaxt itirməməsi üçün bir sinfi buraxaraq növbəti sinfə keçməsi məsələsi gündəmə gəlir.

Şagirdlərin bir sinfi buraxaraq növbəti sinfə keçməsi halı (məsələn, II sinifdən birbaşa IV sinfə) mövcud qanunvericilikdə necə tənzimlənir? Belə bir keçid hüquqi və pedaqoji baxımdan mümkündürmü? Əgər mümkündürsə, bu proses hansı meyarlar və şərtlər əsasında həyata keçirilir?

AzEdu.az-ın sorğusuna cavab olaraq MÜTDA-dan bildirilib ki, ümumi təhsil müəssisəsinin III, VIII, X siniflərində təhsil alan şagird “Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi” Qaydalarına uyğun olaraq ümumi təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

Bu Qaydaları təqdim edirik:

Ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin eksternat təhsilalma formasında vaxtından əvvəl bitirilməsi Qaydaları

1. Bu Qaydalar “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1.0.39-cu bəndinə uyğun olaraq hazırlanmışdır və ümumi təhsil pilləsinin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrinin vaxtından əvvəl bitirilməsi qaydalarını tənzimləyir.

2. Ümumi təhsil üzrə təhsil səviyyələrini vaxtından əvvəl bitirmə yalnız ibtidai təhsildə III, ümumi orta təhsildə VIII, tam orta təhsildə X sinif şagirdlərinə şamil olunur.

3. Hər hansı bir şagird ümumi təhsil pilləsində oxuduğu müddətdə təhsil səviyyələrindən yalnız birini vaxtından əvvəl bitirə bilər.

4. Qeyd edilən təhsil səviyyələrini vaxtından əvvəl bitirmə təcrübəsinin tətbiqi istedadlı şagirdlərin aşkara çıxarılması və onların təhsil əməyinin qiymətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən biri hesab olunur.

5. Şagirdin hər hansı təhsil səviyyəsini vaxtından əvvəl bitirməsinə əsas verən başlıca keyfiyyətlər aşağıdakılardır:
    •    5.1. Fiziki sağlamlıq və psixoloji dayanıqlıq;
    •    5.2. Qeyri-standart düşünmə;
    •    5.3. Tədris materiallarını asan və şüurlu mənimsəmə;
    •    5.4. Yaş səviyyəsinə uyğun İKT bacarıqlarına yiyələnmə;
    •    5.5. Xarici dili sərbəst öyrənmə;
    •    5.6. Aydın, rabitəli nitq və çevik təfəkkür.

6. Şagirdin bu və ya digər təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə məsələ hər il dekabr ayından gec olmayaraq qaldırılır.

7. Şagirdin müvafiq təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi barədə məsələyə Pedaqoji Şurada baxılması üçün:
    •    İbtidai təhsil səviyyəsi üzrə — sinif müəllimi və məktəb psixoloqu,
    •    Yuxarı təhsil səviyyələri üzrə — müvafiq fənn müəllimləri (dil-ədəbiyyat, xarici dil, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika) və məktəb psixoloqu,
məktəbin direktoruna əsaslandırılmış birgə təqdimat ünvanlayırlar.

Övladının təhsil səviyyəsini vaxtından əvvəl bitirməsi məsələsi valideynin (və ya digər qanuni nümayəndənin) iştirakı ilə pedaqoji şurada müzakirə olunur və müvafiq qərar qəbul edilir.

8. Pedaqoji şurada müsbət qərar verildikdə, qərardan çıxarış və şagirdin fiziki inkişafının normal olduğunu təsdiq edən tibb arayışı məktəb direktorunun müşayiət məktubu ilə yerli təhsili idarəetmə orqanına təqdim olunur.

9. Yerli təhsili idarəetmə orqanı təqdimata əsasən mütəxəssislərdən ibarət komissiya təşkil edir. Komissiyanın tərkibinə fənn müəllimləri, məktəb psixoloqları, səriştəli metodist və məktəb rəhbərləri daxil olur.

Şagirdin oxuduğu məktəbin pedaqoji işçiləri komissiyaya daxil edilmir.

10. Komissiya:
    •    Şagirdin hazırlıq səviyyəsini aidiyyəti fənlər üzrə tərtib olunmuş suallar və müsahibə əsasında yoxlayır;
    •    Nəticədə əsaslandırılmış pedaqoji-psixoloji rəy hazırlayır.

Bu rəy komissiya üzvlərinin hər biri tərəfindən imzalanır.

11. Yoxlama nəticəsi müsbət olduqda, komissiya rəyi yerli təhsili idarəetmə orqanının məktubu ilə Təhsil Nazirliyinə göndərilir.

12. Təhsil Nazirliyi tərəfindən təyin olunmuş mütəxəssislər qrupu şagirdin ümumi hazırlıq səviyyəsini, psixoloji dayanıqlığını və idraki inkişafını təkrar araşdırır.

Yekun rəy Nazirliyin rəhbərliyinə təqdim olunur. Rəydə tövsiyə verilərsə, yerli təhsil orqanına məktub göndərilir və məktəb direktorunun əmri ilə rəsmi qaydada rəsmiləşdirilir.

13. Ümumi orta və tam orta təhsil səviyyələrini vaxtından əvvəl bitirən şagirdlərin VIII və X sinif üzrə illik qiymətləri, onların birinci yarımildə aldıqları qiymətlər hesab olunur.

14. Təhsil Nazirliyi tabeliyindəki ümumi təhsil müəssisələrində oxuyan istedadlı şagirdlərin vaxtından əvvəl təhsil səviyyəsini bitirməsi barədə:
    •    Pedaqoji Şura müsbət qərar verdikdə,
    •    8-ci bənddə göstərilən sənədlər birbaşa Nazirliyə təqdim olunur.

Rus əsgərləri mühasirəyə düşdü - Yüzlərlə itki var
SORĞU
“İlin gənc müəllimi” olaraq kimi görürsünüz?
Səs ver
Son xəbərlərDaha çox