Şagirdlərin gün ərzində neçə saatını təhsilə sərf etməli olduğu bu gün bir çox valideyn və pedaqoqu düşündürən suallardandır. Mütəxəssislər isə hesab edirlər ki, bu müddət təkcə dərs saatları ilə deyil, həm də öyrənmənin keyfiyyəti və forması ilə müəyyən olunmalıdır.
AzEdu.az-a danışan təhsil eksperti Elçin Süleymanovun fikrincə, orta məktəb təhsilinin neçə il davam etməsi müzakirəyə açıq məsələ olsa da, əsas diqqət məhz bu müddətdə təqdim olunan təhsilin keyfiyyəti və effektivliyinə yönəlməlidir: "12 illik sistem optimal sayılır, lakin əsas olan mərhələlərin məqsədyönlü qurulmasıdır. Dünyada inkişaf etmiş ölkələrin əksəriyyətində orta təhsil 12 il davam edir. Bəzi ölkələrdə isə bu müddət 13 ilə qədər uzana bilir. Bu sistem adətən üç mərhələyə bölünür: ibtidai, orta və yuxarı orta təhsil. Hər mərhələnin özünəməxsus məqsədləri və funksiyaları var.
İbtidai təhsildə əsas diqqət oxu-yazı bacarıqlarının inkişafına yönəldilir. Orta pillədə isə şagirdlər tədricən humanitar və dəqiq elmlər üzrə yönləndirilir. Yuxarı orta təhsildə isə artıq peşə, ali məktəbə hazırlıq və əmək bazarına uyğun proqramlar təklif olunur".
Vaxtdan çox, şagirdə təqdim olunan tədris modeli önəmlidir
"Təhsilin uzunmüddətli olması onun keyfiyyətli olması anlamına gəlmir. Məsələn, Finlandiya kimi ölkələrdə məktəbdə qalma müddəti az olsa da, təhsil sistemi dünya miqyasında ən güclü hesab olunur. Əvəzində daha uzun təhsil müddəti olan Çin və Cənubi Koreya kimi ölkələrdə təhsilin keyfiyyəti eyni səviyyədə deyil.
Bu nümunələr göstərir ki, əsas məsələ məktəbdə neçə il oxumaq deyil, bu müddətdə hansı tədris metodları və məzmunun təqdim olunmasıdır".
Məktəb yalnız bilik deyil, həm də şəxsiyyət formalaşdırmalıdır
"Müasir dövrdə məktəblərdə uşaqlar təkcə nəzəri bilik deyil, həm də praktiki bacarıqlar, analitik düşüncə və problem həll etmə qabiliyyətlərini mənimsəməlidir. Bəzi ölkələrdə məktəblər tam gün fəaliyyət göstərir: şagird dərsini oxuyur, yeməyini yeyir, tapşırıqlarını yerinə yetirib sonra evə qayıdır. Bu model sosial bərabərlik yaradır, çünki hər kəs üçün məktəb şəraiti eynidir".
Mobil texnologiyalar və diqqət yayındıran faktorlar təhsilə nəzarəti çətinləşdirir
Müasir texnologiyaların, xüsusilə mobil cihazların diqqəti yayındırdırması, buna görə də məktəbdə verilən təhsilin daha məqsədyönlü və nəzarət olunan şəkildə təqdim edilməsi vacibdir.