Azedu.az

Şagirdlərə real hərbi bacarıqlar necə öyrədilməlidir? 

Məktəblər

Şagirdlər

10 İyul 2025, 16:39
Şagirdlərə real hərbi bacarıqlar necə öyrədilməlidir? 

Çağırışaqədərki hazırlıq fənninin tədrisində praktiki məşğələlər olduqca vacibdir. Təəssüf ki, bu fənnə ümumilikdə maraq aşağıdır. Bir səbəb məktəblərdə bu fənnə münasibətin qeyri-ciddidiliyidir. Digər səbəb isə şagirdlər və valideynlər bu dərsi əhəmiyyətli hesab etmədiklərindən dərsin təsiri zəifləyir.

Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil üzrə karyera mütəxəssisi Əhməd Əliyev bildirib.

Onun sözlərinə görə, əslində bu fənn gələcəkdə hərbi xidmətə gedəcək gənclər üçün ilkin bilik və bacarıq bazasıdır:

"Burada öyrənilən nizamnamə, silah və texnika ilə bağlı biliklər, həmçinin ilkin tibbi yardım üzrə təcrübələr hərbi xidmət zamanı daha hazırlıqlı və təhlükəsiz xidmət keçməyə imkan verir.Təəssüf ki, bu dərslər çox vaxt günün son saatlarına salınır və hazırlıqlara gedən şagirdlər həmin dərslərdə iştirak etmir. Bu da fənnin effektivliyini azaldır.Çağırışaqədərki hazırlıq yalnız hərbi deyil, həm də həyati əhəmiyyətli tibbi bilikləri əhatə edir. İlkin tibbi yardımın öyrədilməsi uşaqların ümumi həyat fəaliyyətində də onlara fayda verir.

Ancaq məktəblərdə bu fənnin tədrisi üçün maddi-texniki baza çox zəifdir. Əksər məktəblərdə təlim avadanlıqları ya ümumiyyətlə yoxdur, ya da köhnə və yararsızdır. Bəzi məktəblərdə bu imkanlar olsa da, sayı olduqca azdır.

Əslində, şagirdlərin silahı söküb-yığmaq, tibbi yardım göstərmək kimi praktiki bacarıqları yerində öyrənməsi vacibdir. Lakin bu sahədə də çatışmazlıqlar çoxdur. Məktəblərin poliqon sahələri yoxdur, atış təlimləri keçirilmir, real təcrübələrdən istifadə edilmir".

"Hazırda dərslər əsasən sinif otaqlarında, nəzəri şəkildə keçirilir",- deyə həmsöhbətimiz vurğulayıb:

"Halbuki bu fənnin mahiyyəti praktiki biliklərlə birbaşa bağlıdır. Silahların real istifadəsi ilə tir formalı maketlər arasında ciddi fərqlər var. Bu fərqlər də gələcəkdə şagirdlərin real silahla davranışında çətinliklərə səbəb olur.

Sadəcə olaraq, ildə bir dəfə keçirilən “Şahin” oyunlarında bəzi məktəblərin şagirdləri real silah və sursatlarla tanış olmaq və onları söküb-yığmaq imkanı əldə edirlər. Bu isə çox məhdud imkan yaradır.

Təklifim budur ki,şagirdlər üçün mütəmadi olaraq hərbi hissələrə ekskursiyalar təşkil edilsin, real silah və texnika ilə tanış olsunlar. Təlimat xarakterli videodərslər hazırlanaraq 3D və 5D animasiyalarla bütün hərbi texnika, silah və sursat barədə vizual dərslər təqdim olunsun. Məktəblərdə müvafiq maddi-texniki baza yaradılaraq praktik məşğələlər üçün şərait təmin edilsin.Bu tədbirlər həyata keçirilsə, çağırışaqədərki hazırlıq fənninin cəmiyyət üçün əhəmiyyəti daha aydın görünəcək və fənnin dəyəri artacaq".

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox