Attestat şagirdin həqiqi bilik və bacarığını əks etdirməlidir, sadəcə süni görüntünü yox.
Azərbaycanda orta məktəb qiymətləndirilməsi ilə ali məktəbə qəbul imtahanı nəticələri arasında ziddiyyət getdikcə daha çox diqqət çəkir. Attestatında yüksək bal toplayan, bütün fənlərdən “əlaçı” kimi tanınan bəzi şagirdlər qəbul imtahanında olduqca zəif nəticələr göstərirlər.
Mövzuyla bağlı AzEdu.az-a danışan sabiq deputat, “əməkdar müəllim” Sona Əliyeva bildirir ki, bu vəziyyət təkcə fərdi uğursuzluq deyil, həm də sistemin dərin problemlərindən xəbər verir. Əgər bir şagird məktəbdə bütün fənlərdən “5” qiymət alır, amma qəbul imtahanında 200–300 bal toplayırsa, bu artıq müəllimlərin qiymətləndirmə yanaşması və məktəblərdəki qiymətvermə meyarları ilə bağlı ciddi suallar doğurur. Çünki real biliklə verilən qiymət arasında uyğunluq yoxdursa, o qiymətin özü artıq etibarsız sayılır:
“Bəzi hallarda müəllimlər sosial və inzibati təzyiqlərə məruz qalır, bəzi hallarda isə sadəcə illərdir davam edən “hamı yaxşı qiymət almalıdır” yanaşması ilə hərəkət edirlər. Amma sonda şagirdin reallıqla toqquşduğu yer qəbul imtahanı olur. Bu imtahanlarda nə müəllim himayəsi var, nə də daxili güzəştlər – bilik və bacarıq olduğu kimi ölçülür”.
Əliyeva məktəblərdə verilən qiymətlərlə qəbul imtahanlarının tələbləri arasında uyğunsuzluğu da vurğulayır. Onun sözlərinə görə, məktəbdə davamiyyət, müəllimlə münasibət, sadə tapşırıqlar qiymətləndirməyə təsir edir. Halbuki qəbul imtahanında tənqidi düşüncə, məntiqi analiz və stresə dözümlülük əsas rol oynayır.
“Bu ziddiyyət bizə bir həqiqəti göstərir: təhsildə formal yanaşma real nəticə vermir. Təhsildə keyfiyyəti artırmaq üçün ilk növbədə məktəbdə verilən qiymətlərin obyektivliyi təmin olunmalıdır. Attestat şagirdin həqiqi bilik və bacarığını əks etdirməlidir, sadəcə süni görüntünü yox. Əks halda attestat sadəcə kağız üzərində rəsmi bir sənəd olaraq qalacaq və onun arxasında real bacarıq dayanmadıqda, bu həm ali təhsil, həm də əmək bazarına mənfi təsir göstərəcək”.