Uşaqların məktəbə ilk addım atması onların gələcək təhsili və inkişafı üçün olduqca əhəmiyyətli bir mərhələdir. Bu mərhələyə sağlam və uğurlu başlamaq üçün məktəbəhazırlıq prosesi çox vacib sayılır. Məktəbəhazırlıq uşağın fiziki, psixoloji, sosial və intellektual baxımdan məktəb həyatına uyğunlaşmağa hazır olması deməkdir. Bu, təkcə yazıb-oxumağı öyrənmək deyil, həm də uşağın diqqət, yaddaş, nitq və davranış bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Məktəbə başlamazdan əvvəl bu bacarıqların formalaşması, uşağın təhsil həyatında uğur qazanmasını asanlaşdırır. Hazırlıq qruplarında iştirak edən uşaqlar məktəb mühitinə uyğunlaşır və öyrənməyə qarşı müsbət münasibət formalaşdırır. Uşaqlar digər yaşıdları ilə ünsiyyət qurmağı, qaydalara əməl etməyi və kollektivlə işləməyi öyrənirlər. Məktəbəhazırlıq uşaqlarda ayrılıq qorxusunu azaldır və məktəbə adaptasiyanı asanlaşdırır. Proqram çərçivəsində uşaqların nitq qabiliyyəti, məntiqi düşüncəsi və yaradıcılığı stimullaşdırılır.
Uşağın şəxsiyyət kimi formalaşmasında mühüm əhəmiyyətə malik olan məktəbəqədər təhsil məktəbə qədəm qoyacaq fidanların əvvəlcədən hazırlanması üçün vacibdir. Bütün valideynlər uşaqlarını məktəbə hazırlamağa çalışır ki, balacalar məktəbdə müvəffəqiyyətlə oxusunlar.
2016-cı ildən başlayaraq ölkədə dövlət ümumtəhsil məktəblərində ödənişsiz əsaslarla məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Təcrübə göstərir ki, məktəbə hazırlıq mərhələsindən keçmiş uşaq şagird olduğu zaman məktəbə, kollektivə daha tez alışır, ətraf mühiti dərk etməkdə, diqqət və yaddaşın formalaşması ilə əldə etdiyi bacarıq və vərdişlərini dərs prosesində istifadə edir, bu da ona dərsi mənimsəməsində böyük köməklik göstərir. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdir. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir
Bu qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məktəbəhazırlıq qruplarında "Ətraf aləmlə tanışlıq", "Savad təliminə hazırlıq və nitq inkişafı", "Bədii təfəkkürün inkişafı", "Məntiqi və riyazi təfəkkürün inkişafı", "Təsviri fəaliyyət", "Musiqi", "Fiziki mədəniyyət" məşğələləri keçirilir.
Məktəbəhazırlıq yaşı dövründə uşaqlarda barmaqlarda buğumlar hələ sümükləşməmiş olduğundan onlar üçün xırda və dəqiqlik tələb edən fəaliyyətlərin icrası çətin olur. Həmçinin yazı yazmaq onlar üçün olduqca çətin, hətta qələmi əldə tutaraq nəsə yazmaq ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik tələb etməyən, hətta müəyyən güc tələb edən işləri uşaqlar daha asan yerinə yetirirlər. Bu səbəbdən məktəbəhazırlıq dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta partanın sinifdə yerini dəyişə bilərlər, lakin hərf və rəqəm yazılışı onlar üçün olduqca çətindir. Uşaqlar bu çətin prosesə hazırlıqsız məcbur edilərsə, onlarda yazı ilə bağlı stress və narahatlıq assosiasiyası yaranar, yazmağa və ümumilikdə təlim prosesinə mənfi münasibət formalaşar. Qeyd olunan problemin qarşısını almaq üçün məktəbəhazırlıq dövründə uşaqların xırda motorikasının inkişafı məqsədilə müəyyən məşqlər edilməli və hazırlıq prosesi keçməmiş uşaqlara hərf, rəqəm və sair yazdırmağa yol verilməməlidir. Məktəbəqədər yaşlı uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu zaman uşaq öz hafizəsini idarə edərək, bir əşyadan, məsələn, şəkildən, digər əşyanın əvəzedicisi kimi istifadə etməyi bacarır. Bu xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir və təfəkkürün simvolik funksiyasını inkişaf etdirir. Məktəbəqədər dövr ərzində təfəkkür iki istiqamətdə inkişaf edir: əyani-əməli və əyani-obrazlı. Əyani-əməli təfəkkür məktəbəhazırlıq dönəmində üstünlük təşkil edir. Uşaqlar əyani formada fikirlərini ifadə edirlər, kiçik məktəbli yaş dövründə əyani-əməli növdən əyani-obrazlı təfəkkürə keçid baş verir. Yəni uşaq artıq fikirlərini sözlərlə ifadə etməyi öyrənir. Məktəbəhazırlıq dövründə bu prosesə keçidin daha rahat olması üçün müəyyən işlər görülməlidir.
Müəllim Pərvin Qurbanova deyir ki, məktəbəhazırlığın əsas məqsədi beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların məktəbəhazırlıq mərhələsində inkişafı, tərbiyəsi və təhsili prosesini təşkil etməkdir. Məktəbə hazırlığın vəzifələri uşaqlarda oxumaq həvəsinin, onların məktəbə müsbət emosional münasibətinin inkişaf etdirilməsi və möhkəmləndirilməsi, uşaqların məktəbə müvəffəqiyyətlə adaptasiya olunması üçün onlarda şəxsi-sosial xüsusiyyətlərin formalaşdırılmasıdır: "Uşaqların məktəb təliminə hazırlığının effektivliyini artırmaq məqsədi ilə təlim məşğələlərində öyrədici oyunların tətbiq edilməsi faydalıdır. Müəllim uşağın oyuna olan marağından istifadə edərək didaktik oyunu təlim məqsədinə yönəltməlidir. Məktəbəhazırlıq qruplarında işin təşkili metodikasının əsasını təşkil edən oyunlar təlimi uşaqlar üçün əlverişli və cəlbedici formada həyata keçirməyə imkan verir, bu zaman təlim vəzifəsi həm də uşağın oyun vəzifəsi olur. Məktəb təliminə hazırlıq uşağın fiziki, intellektual, emosional-iradi, şəxsi və sosial inkişafından asılıdır. Qeyd olunanlar məktəbə hazırlığın müxtəlif növləri deyil, onun fəaliyyət formalarının fərqli təzahürləridir. Məktəbə getməyə hazırlaşan uşağın anatomik-fizioloji inkişafına diqqət yetirilməlidir. Fiziki inkişafın ləngiməsi uşağın əqli fəaliyyətinə mənfi təsir göstərir. Fiziki cəhətdən zəif olan uşaq təlim prosesində tez yorulur, onun təlimə həvəsi azalır. Adətən, belə uşaqların əhali-ruhiyyəsi aşağı olur, onlar hərəkətli oyunlara laqeydlik göstərirlər. Beşyaşlılarda skeletin sümükləşməsi, böyüməsi, daxili üzvlərin və sistemlərin, bütövlükdə orqanizmin inkişafı hələ davam edir. Odur ki, məktəbəhazırlıq qruplarında fiziki hərəkətlərə, fəal oyunlara xüsusi diqqət yetirilməlidir. Məktəbəhazırlıq yaşı dövründə uşaqlarda barmaqlarda buğumlar hələ sümükləşməmiş olduğundan onlar üçün xırda və dəqiqlik tələb edən fəaliyyətlərin icrası çətin olur. Həmçinin yazı yazmaq onlar üçün olduqca çətin, hətta qələmi əldə tutaraq nəsə yazmaq ağrıverici ola bilər. Halbuki diqqət və dəqiqlik tələb etməyən, hətta müəyyən güc tələb edən işləri uşaqlar daha asan yerinə yetirirlər. Bu səbəbdən məktəbəhazırlıq dövründə, eyni zamanda I sinifdə şagirdlər hətta partanın sinifdə yerini dəyişə bilərlər, lakin hərf və rəqəm yazılışı onlar üçün olduqca çətindir. Uşaqlar bu çətin prosesə hazırlıqsız məcbur edilərsə, onlarda yazı ilə bağlı stress və narahatlıq assosiasiyası yaranar, yazmağa və ümumilikdə təlim prosesinə mənfi münasibət formalaşar. Qeyd olunan problemin qarşısını almaq üçün məktəbəhazırlıq dövründə uşaqların xırda motorikasının inkişafı məqsədilə müəyyən məşqlər edilməli və hazırlıq prosesi keçməmiş uşaqlara hərf, rəqəm və s. yazdırmağa yol verilməməlidir". Müəllimin sözlərinə əsasən, məktəbəqədər yaşlı uşaqların hafizəsinin inkişafının ən mühüm yollarından biri yardımçı, xüsusilə simvolik vasitələrin köməyi ilə yadda saxlamadır. Bu zaman uşaq öz hafizəsini idarə edərək, bir əşyadan, məsələn, şəkildən, digər əşyanın əvəzedicisi kimi istifadə etməyi bacarır. Bu xüsusiyyət hafizəni təfəkkür ilə əlaqələndirir və təfəkkürün simvolik funksiyasını inkişaf etdirir. Məktəbəqədər dövr ərzində təfəkkür iki istiqamətdə inkişaf edir: əyani-əməli və əyani-obrazlı. Əyani-əməli təfəkkür məktəbəhazırlıq dönəmində üstünlük təşkil edir. Uşaqlar əyani formada fikirlərini ifadə edirlər, kiçik məktəbli yaş dövründə əyani-əməli növdən əyani-obrazlı təfəkkürə keçid baş verir. Yəni uşaq artıq fikirlərini sözlərlə ifadə etməyi öyrənir. Məktəbəhazırlıq dövründə bu prosesə keçidin daha rahat olması üçün müəyyən işlər görülməlidir: "Məktəbəqədər dövrün sonunda obrazlı təfəkkür son dərəcə konkret və situativ olur. Uşaq nəinki əşyanı əlamətlərinin rəngarəngliyi ilə təsəvvür edir, o, eyni zamanda onun mühüm xüsusiyyət və əlaqələrini də seçməyə qadirdir. Onda artıq əyani-sxematik təfəkkür formalaşır. Bu təfəkkür növü uşağın əşyanın müxtəlif sxematik təsvirlərini anlamasını və uğurla istifadə etməsini bildirir. Uşaqlar şərti təsvirlərin daha da mücərrəd əlaqələrini anlamağa başlayırlar. Əgər məktəbəqədər dövrdə uşaqda əyani-obrazlı təfəkkür kifayət qədər formalaşmayıbsa, I sinifdə o, söz və cümlələrin sxemlərini tərtib etməkdə, şərti işarələr və oxlar vasitəsilə riyazi məsələlərin şərtini düzgün yazmaqda çətinlik çəkir. Məktəbəqədər dövrdə uşaqlarda məntiqi-mücərrəd təfəkkürün əsasları qoyulur. Bu, mücərrəd mühakimə yürütmə bacarığı tələb edir. 5-6 yaşlı uşaqlarda məntiqi mücərrəd təfəkkürün əsasları əyani-obrazlı təfəkkürə əsaslanır və onun təbii davamı kimi inkişaf edir. Uşaqlar ətraf mühitdə olanları sadə şəkildə təhlil edə bilirlər. Mühüm və ikinci dərəcəli xüsusiyyətləri ayırmaq, sadə mühakimə yürütmək, düzgün nəticə çıxarmaq bacarıqlarına yiyələnirlər. Bu bacarıqlar uşaqların bilik dairəsi ilə məhdudlaşır. Bilik dairəsi çərçivəsində uşaq uğurla səbəb-nəticə əlaqələrini qurur, bu isə uşağın nitqində öz əksini tapır".
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, məktəbəhazırlıq qrupların yaradılmasında məqsəd uşaqların məktəbə uyğunlaşmasında problemlərin aradan qaldırılmasıdır: "Hər bir övlad valideyn üçün əzizdir. Valideynlərin əksəriyyəti övladlarını bağçaya getməyə qoymadıqları, ev şəraitində, dayə və nənə-baba himayəsində saxladıqları üçün belə uşaqların məktəbdə kollektivə uyğunlaşmasında müəyyən problemlərə səbəb olur. Bağça mühitində olmayan uşaqlarda bu problemlər daha çox özünü büruzə verir. Belə uşaqlar çox zaman valideyndən ayrıla bilmədiyi üçün məktəbdə daha çox ağlayır və sıxıntılar yaşayır. Məhz belə uşaqların məktəbə uyğunlaşması üçün belə bir təlimat verildi ki, ölkədə məktəbəhazırlıq qrupları yaradılsın və həmin uşaqlar şagird adını almamışdan öncə məktəb mühitinə öyrəşsinlər".
Şahlar Əsgərov bildirib ki, məktəbə hazırlıq qruplarının müsbət tərəfləri uşaqların məktəbə tam hazırlıq vəziyyətə gətirilməsi, kollektiv mühitdə davranışa, ünsiyyətə malik olmasıdır: "Belə ki, həm bağça təhsili görən, həm də evdə dayə, nənə-baba və ya valideyn himayəsində olan uşaqlar məktəbəqədər hazırlıq qruplarına cəlb olunduqda bu, onların həm təhsilinə, həm məktəbdə davranışına, həm də ünsiyyətin formalaşmasına gətirib çıxarır".
Professorun dediyinə görə, məktəbəhazırlıq qruplarının sayının artırılmasına ehtiyac var: "Bir çox hallarda valideynlər uşaqlarını evlərinə yaxın ərazidə yerləşən orta məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna yönəldir ki, övladı birinci sinfə gedəndə təhsilini də həmin məktəbdə və müəllimədə davam etdirsin. Lakin birinci sinfə qəbul üçün həyata keçirilən elektron qeydiyyat zamanı valideynlərin bu istəyi bəzi hallarda yerinə yetirilmir. Yaxın ərazidə yerləşən məktəblərdə I sinfə qəbul tələbatdan artıq olduğundan bir çox hallarda valideynlər çıxılmaz vəziyyətdə qalırlar. Belə olan halda, valideynlər evindən daha uzaq məsafədə yerləşən məktəblərə üz tutmalı olurlar".
Ekspert əlavə edib ki, əlavə qruplar açıldığı zaman bir qrupda təhsil alacaq uşaqların sayına diqqət etmək önəmlidir: "Bəzən bizdə bir qrupda 30-dan çox şagird təhsil alır. Bu, gərəkli deyil. Uşaqların sayı 30-35-dən çox olan qrupları iki yerə bölmək mümkündür. Burada saya deyil, keyfiyyətə diqqət etmək lazımdır. Bu gün məktəblərimizdə bunun üçün hər bir şərait var. Bu məsələnin həlli həm məktəblərdə yerin olmamasından narazı qalan valideynlərə, həm də təhsilin keyfiyyətinin daha da artırılmasına kömək edə bilər".
Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, məktəbəqədər təhsil olduqca vacibdir: "Bu, təkcə Azərbaycanda deyil, dünyanın əksər ölkələrində də qəbul edilmiş proqramdır. Şagirdlərin erkən yaşda, yəni 5 yaşda qəbulu həyata keçirilir. 1 il onların məktəbəqədər hazırlıq pilləsində müəyyən fənlər üzrə bilik və bacarıqlarını formalaşdırırlar. Bu mərhələdən sonra həmin şagirdlər 1-ci sinfə qəbul olurlar. Şagirdlərin 5 yaşda məktəbəqədər hazırlıq prosesinə cəlb olunması onların həm ibtidai təhsil pilləsində göstəricilərinə müsbət təsir etmiş olur yuxarı təhsil pilləsinə keçiddə də erkən yaşda əldə etdikləri biliklər, tərbiyə, təlim və digər amillər onların yuxarı təhsil pilləsində daha uğurlu olmalarına rəvac verir. Bizdə məktəbəqədər təhsil istiqamətində qəbul prosesi çoxda uzun tarixə dayanmır. Qısa müddət ərzində şagirdlərin hazırlığı həyata keçirilir. 7-8 il olar ki, şagirdlərin qəbulunu həyata keçiririk. Ancaq ondan əvvəlki dövrə baxsaq, şagirdlər yalnız 6 və yaxud 7 yaşı olanda 1-ci sinfə gedirdilər. İbtidai təhsil pilləsində 1 il məktəb mühitinə, sinif yoldaşları və müəllimlərə uyğunlaşa bilmirdilər. İndi isə 5 yaşdan bu prosesə qoşulduqları üçün ümumi təhsil prosesinə adaptasiya ola bilirlər. Bu yaşda övladı olan valideynlərə səslənirəm ki, maksimum dərəcədə çalışsınlar ki, övladlarını hazırlıq prosesinə qoşsunlar. Onlar artıq 5 yaşdan həm təlim-tərbiyə və tədris prosesində iştirak etsinlər, həm də sinif yoldaşları ilə uyğunlaşsınlar. Bu, onların sosial olmasına gətirib çıxaracaq. Yəni bir növ asosiallıqdan övladlarını xilas etmək üçün mütləq məktəbəqədər təhsil vacibdir".
Həkim-psixoloq Arifə Məmmədovanın fikrincə, məktəbəhazırlıq mərhələsi uşağın gələcək məktəb həyatının təməlini qoyur. Bu dövrdə əsas məqsəd uşağın məktəb mühitinə psixoloji cəhətdən uyğunlaşmasını təmin etməkdir. Uşağın diqqət, yaddaş, nitq və sosial bacarıqları bu mərhələdə formalaşır və inkişaf edir: “Psixoloji hazırlıq dedikdə yalnız akademik biliklər deyil, uşağın emosional sabitliyi, özünü ifadə etmə bacarığı, müəllim və yaşıdları ilə sağlam ünsiyyət qurması da nəzərdə tutulur. Məktəbəhazırlıq zamanı uşağın təşəbbüskarlığı, məsuliyyət hissi və özünüidarəetmə qabiliyyəti gücləndirilir. Əgər uşaq bu mərhələdə müvafiq psixoloji dəstək alarsa, o, məktəbə daha inamla gedir, müəllim və sinif mühitinə daha tez adaptasiya olur və təhsildə uğur qazanmaq ehtimalı artır”.
Təhsil eksperti Kamran Əsədov deyir ki, məktəbəhazırlıq proqramının əsas üstünlüklərindən biri ondadır ki, burada uşaqlar oxu-yazı öyrənmirlər, lakin oxu və yazıya hazırlıq məqsədilə fonematik eşitmə, məntiqi ardıcıllıq, təlim dinləmə bacarığı, ətraf aləmi qavrama kimi təməl bacarıqlar üzərində işləyirlər. Riyazi düşüncənin təməli də bu mərhələdə qoyulur: sayma, ölçü, məkan və zaman anlayışları, fiqurların tanınması kimi elementar anlayışlar praktiki məşğələlərlə öyrədilir. Bu, uşağın məktəbdə tətbiq ediləcək strukturlaşdırılmış öyrənmə prosesinə psixoloji və intellektual cəhətdən hazırlığını təmin edir: “Bununla belə, proqramın icrasında bəzi mənfi cəhətlər də özünü göstərir. Əvvəla, bütün regionlarda məktəbəhazırlıq qruplarına bərabər çıxış imkanı yoxdur. Xüsusilə ucqar kənd və dağlıq ərazilərdə maddi-texniki baza zəif olduğu üçün məktəbəhazırlıq fəaliyyətləri ya formal olaraq həyata keçirilir, ya da ümumiyyətlə təşkil olunmur. 2023-cü ilin Təhsil Nazirliyinin məlumatına görə, 27 rayonda məktəbəhazırlıq qruplarının texniki təminatı qeyri-kafi səviyyədədir. Bu isə təhsildə regionlararası bərabərsizliyi dərinləşdirir”.
Eksperin sözlərinə əsasən, digər problem isə pedaqoji kadr çatışmazlığıdır: “Hətta bəzi məktəblərdə məktəbəhazırlıq qruplarına təsadüfi ixtisaslı və ya əlavə iş yükü olan müəllimlər təhkim olunur. Halbuki bu mərhələdə çalışan pedaqoqların xüsusi uşaq psixologiyası, oyunla təlim metodikası və ibtidai hazırlıq üzrə ixtisaslaşmış mütəxəssislər olması zəruridir. Bu istiqamətdə müəllimlərin davamlı təlim və ixtisasartırma proqramları zəif təşkil olunub. Beynəlxalq təcrübədə – xüsusilə Estoniya, Finlandiya, Yeni Zelandiya və Kanada kimi ölkələrdə məktəbəqədər təhsildə çalışan pedaqoqlar üçün ayrıca sertifikatlaşdırma sistemləri mövcuddur və onların əməkhaqqı ibtidai sinif müəllimlərinin maaşından daha yüksəkdir. Bu, həmin sahəyə peşəkar axını stimullaşdırır. Müsbət tərəfi ondan ibarətdir ki, son illər məktəbəhazırlıq təhsilinin dövlət büdcəsi hesabına maliyyələşməsi nəticəsində bu xidmət daha geniş əhali təbəqələri üçün əlçatan olub. Ailələrin bu sahəyə marağı artıb və iştirak könüllü olsa da, demək olar ki, böyük əksəriyyət bu prosesdə iştirak edir. Bu artımın davamlı olması üçün məktəbəhazırlıq qruplarının həm keyfiyyəti, həm də miqyasının artırılması vacibdir. Gələcəkdə dəyişməli olan əsas məsələlərdən biri məktəbəhazırlıq mərhələsinin qanunvericilikdə ümumi təhsil sisteminin birinci mərhələsi kimi tanınmasıdır. Hazırda bu mərhələ könüllü xarakter daşıyır, lakin beynəlxalq nümunələrə əsaslanaraq bu mərhələnin icbari mərhələyə çevrilməsi nəzərdən keçirilməlidir. Məsələn, Fransa və Almaniyada məktəbəqədər hazırlıq 3 yaşdan başlayaraq icbaridir və bu yaşdan uşaqlar məktəb sisteminə mərhələli inteqrasiya olunurlar. Bu isə uşağın təkcə məktəbə deyil, həm də sosial həyata daha tez uyğunlaşmasını təmin edir. Bundan başqa, məktəbəhazırlıq proqramlarının müxtəlif yaş qrupları üçün diferensiallaşdırılması, valideynlərin pedaqoji maarifləndirilməsi və uşaqların sosial bacarıqlarının inkişafına yönəlik əlavə komponentlərin artırılması mütləqdir. Bu məqsədlə psixoloq və loqoped dəstəyi də məktəbəhazırlıq mərhələsinə inteqrasiya edilməlidir. Ümumilikdə, məktəbəhazırlıq təhsili ibtidai təhsilin keyfiyyətli başlanğıcı üçün mühüm şərtdir və onun təşkilində sistemli yanaşma tətbiq olunarsa, ölkədə təhsilin ümumi keyfiyyət göstəriciləri artar. Bu mərhələnin təkmilləşdirilməsi, pedaqoji heyətin səriştələndirilməsi və əhatəliliyinin genişləndirilməsi nəticə etibarilə 1-ci sinifdə məktəbə adaptasiya problemi yaşayan uşaqların sayını əhəmiyyətli dərəcədə azaldacaq və məktəbdə uğur ehtimalını artıracaq. Təhsildə uğur təsadüfi deyil, ilk addımdan doğru istiqamətlənmənin nəticəsidir. Məktəbəhazırlıq isə həmin ilk və həlledici addımdır”.
Nərmin Qarazadə