Azedu.az

Manasın ruhu Xıdırlıda yaşayır - Prezidentlər məktəb açılışında 

Məktəblər

3 İyul 2025, 20:48
Manasın ruhu Xıdırlıda yaşayır - Prezidentlər məktəb açılışında 

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov “Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbi”nin açılışını həyata keçiriblər.

Məktəb Ağdamın Xıdırlı kəndində yerləşir. Prezidentlər əvvəlcə məktəbin həyətində quraşdırılan yurtaya baxıblar.

Yurta türkdilli xalqların tarixən istifadə etdiyi köçəri yaşayış evidir. Asanlıqla qurulub-sökülən bu səyyar yaşayış yeri min illərlə türk tayfalarının təbiətə uyğun və çevik həyat tərzini simvolizə edir. Bu gün isə yurta həm də türk kimliyinin və mədəniyyətinin canlı simvollarından biri olaraq turizm sahəsində yenidən dirçəlməkdədir. Mərkəzi Asiyanın bir çox ölkəsində “yurta turizmi” konsepsiyası getdikcə populyarlaşır.

Sonra dövlət başçıları məktəbdə yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 528 şagird yerlik tam orta məktəbin təməli 2024-cü ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən qoyulub. Məktəbin binası 5 blokdan, o cümlədən idman zalı blokundan ibarətdir.

Ərazisi 2,7 hektar olan məktəb binasında 21 sinif, 2 məktəbəqədər hazırlıq, 2 informatika, 2 texnologiya, 1 hərbi hazırlıq otaqları, 3 laboratoriya, kitabxana, idman və akt zalları, yeməkxana və digər sahələr yaradılıb.

Təhsil müəssisəsinin maddi-texniki bazası şagirdlərə biliklərə yüksək səviyyədə yiyələnmək üçün hərtərəfli şərait yaradır. Məktəbin ərazisində həm şagirdlərə, həm də əhaliyə xidmət göstərəcək qaçış zolağı olan geniş idman meydançası, oyun və istirahət sahələri inşa edilib.

“Ayköl Manas” iki dövlət arasında mənəvi körpüdür

Məktəbə verilən “Ayköl Manas” adı isə xüsusi rəmzi dəyərə malikdir. Manas Qırğız xalqının minillik yaddaşında iz qoymuş dastan qəhrəmanıdır, türkün birliyini, igidliyini və ədalətini təcəssüm etdirir. Qırğız dilində “Ayköl” “ucaqəlbli”, “ədalətli”, “böyükürəkli” mənasını verir. “Ayköl Manas” ifadəsi isə ədalətli və xalqını sevən qəhrəman obrazını simvolizə edir. Bu adın Xıdırlı kəndindəki məktəbə verilməsi iki qardaş ölkə arasında dostluq və ortaq mədəniyyətin nə qədər dərin köklərə malik olduğunu göstərir.

Məktəb bütün türk dünyasının ortaq yaddaşına, tarixinə və gələcəyinə inamın simvolu hesab edilir.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox