Məktəbli çantalarının ağırlığı uzun illərdir ki, valideynlərin və mütəxəssislərin narahat edən məsələlərdən biridir. Məktəblilər də kitab, dəftər dolu ağır çantaları daşıya bilmədiklərindən şikəyətlənirlər. Əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlər deyil, valideynlərin daşıdığının şahidi oluruq. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Son dövrlərdə aparılan müşahidələr və tibb sahəsində edilən araşdırmalar göstərir ki, ağır çanta daşımaq xüsusilə inkişafda olan uşaqlar üçün ciddi fəsadlara səbəb ola bilər. Bu fəsadlardan ən təhlükəlisi isə skolioz – yəni onurğanın yana əyilməsi xəstəliyidir.
Skolioz onurğanın normal düz xətt üzrə deyil, "S" və ya "C" formasında yana doğru əyilməsi ilə xarakterizə olunan ortopedik bir problemdir. Bu vəziyyət çox vaxt inkişaf dövründə – uşaqlıq və yeniyetməlik yaşlarında aşkarlanır. Erken mərhələdə müalicə olunmazsa, bu xəstəlik irəliləyərək həm estetik, həm də funksional problemlərə – ağrılar, nəfəsalma çətinliyi və dayaq-hərəkət məhdudiyyətlərinə səbəb ola bilər. Ağır çanta daşımaq risk faktorudurmu? Mütəxəssislərin fikrincə, ağır və düzgün daşınmayan çantalar, xüsusilə tək çiyində daşıyan uşaqlarda onurğaya əlavə yük yaradır. Bu yük omba, çiyin və onurğa sümüklərində tarazsızlıq yaradır və nəticədə onurğa əyriliyi formalaşa bilir. Aşağıdakılar əsas risk faktorlarıdır: Çantanın çəkisinin uşağın çəkisinin 10-15 faizdən çox olması, sumkanın bir çiyində daşıması, uzun məsafə boyu daimi ağır yük daşımaq, Çantanın bədənin arxasında deyil, yan tərəfində daşınması, bir çox ölkədə aparılan tədqiqatlar göstərir ki, məktəblilərin təxminən 30-50 faizi həddindən artıq ağır çanta daşıyır. Azərbaycanda bu sahədə geniş araşdırmalar aparılmasa da, məktəblərdə uşaqların gündəlik dərs yükü və dərslik sayı nəzərə alınarsa, vəziyyətin narahatedici olduğu söylənilə bilər. Uşaqların sağlam onurğa inkişafını qorumaq üçün valideynlər, müəllimlər və məktəb rəhbərləri bir sıra tədbirlər görməlidirlər.
Uzman həkim pediatr Əli Quliyev bildirib ki, məktəbli çantasının çəkisi uşağın çəkisinin 13-14 faizini keçməməlidir. 8 yaşınadək olan uşaqlar 2 kilo, 8-12 yaşınadək uşaqlar ən çox 4, 12-14 yaşlı uşaqlar isə 5 kilo ağırlığında çanta götürməlidirlər: ”14 yaşadək uşaqların 8-10 kiloluq məktəbli çantası götürməsi qətiyyən yolverilməzdir. Çünki uzun zaman ağır çanta daşımaq uşaqlarda skoliyoz, kifoz kimi xəstəliklərin yaranmasına səbəb olur. Ağırlıq səbəbindən onurğa sütunu gərilir, tədricən deformasiyaya uğrayır və nəticədə uşaqlarda bel önə doğru əyilir, yəni uşağın kürək hissələri donqarlaşır”.
Valideyn Yasəmən Zeynalova deyir ki, övladlarının məktəb çantasını daşımaqdan belində ağrılar əmələ gəlib: "Övladımın biri 2-ci, digəri 5-ci sinifdə oxuyur. Hər ikisinin çantasını özüm daşıyıram. Çünki çantalar o qədər ağırdır ki, əgər uşaqlar onu özləri götürsələr, əminəm ki, dərs ilinin sonuna onurğalarında problem yaranacaq. Hər ikisinin sinfində elə uşaqlar var ki, ağır çanta daşımaqdan onurğalarında müxtəlif xəstəliklər əmələ gəlib. Eyni problemlə üzləşməmək üçün məcbur qalıb ağır çantaları məktəbə özüm aparıb gətirirəm. Çantaların ağır olması kitabların ağırlığı və çoxluğu ilə bağlıdır. Bunun üstünə iş dəftərləri, gündəlik və digər ləvazimatları da gələndə çantanı ümumiyyətlə, yerdən qaldırmaq mümkün olmur". Elm və Təhsil Nazirliyinin məsələyə münasibəti isə belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırırlar. Elm və təhsil naziri Emin Əmrullayev də bəzən lazım olmayan yükün çantalara yığıldığını vurğulayıb. Nazir qeyd edib ki, həmin əlavələr nə tədrisin keyfiyyəti, nə də uşağın gələcəyi üçün lazımlıdır: "Digər səbəblərdən biri də bəzi məktəblərin tələb etdiyi əlavə vəsaitlər, heç də hər gün məktəbə aparılmayan əlavələrdir. Bu da məktəb səviyyəsində həll olunmalıdır. Nazirlik hər bir uşağın çantasını yoxlamaq iqtidarında deyil. Dərslik və iş dəftərlərini yarı-yarıya bölmüşük. Hesab edirəm ki, həmin vəsaitlər verilən proqramı mənimsəməyə kifayətdir. Müəllim əlavə vəsaitdən istifadə edə bilər, ancaq hər gün uşaq onu çantasında daşımalıdır deyə bir şey yoxdur. Bu məsələnin ailə və məktəb arasında ünsiyyətlə tənzimlənməsi məqsədəuyğundur".
Mütəxəssislər hesab edir ki, çantaların ağır olması, kitablarla bağlıdır. Çantaları ağırlaşdıran çəkisi ağır olan kitablardır. Kitabları ağırlaşdıran isə istifadə olunan kağızın qalınlığıdır. Onların fikrincə, buna görə də kitablar nisbətən yüngül kağızdan hazırlanmalıdır.
“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlunun fikrincə, yüngül kağızdan hazırlanan dərsliklər keyfiyyətli olmur: “Dərslik keyfiyyətsiz kağızdan hazırlanarsa tez sıradan çıxar. Dərs ilinin sonuna kimi cırılar və istifadə üçün yararsız vəziyyətə düşər. Bu səbəbdən də dərsliklər keyfiyyətli kağızdan hazırlanmalıdır. Dərsliyin kağızı keyfiyyətli, qapağı qalan olmalıdır”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, bir sıra xarici ölkələrdə uşaqları ağır çanta yükündən xilas etmək üçün müxtəlif metodlardan istifadə olunur. Məsələn, Amerikada uşaqlar çantalarında evə hər gün kitab aparmırlar. Kitablar yalnız sinifdə istifadə edilir. Müəllim onların evdə edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. Bəzi məktəblərin sinif otaqlarında isə şkaflar mövcuddur. O şkaflarda şagirdlərin hər birinin özünə məxsus gözü var. Onalar da ağır kitabları və məktəbli üçün lazım digər əşyaları o şkaflara qoyurlar. Beləliklə də uşaqlar özləri ilə yalnız lazım olan ləvazimatları daşıyırlar. Britaniya və Finlandiya məktəblərində isə şagirdlər ev tapşırıqlarını məktəbdə edir. Evə verilən tapşırıqlar yaradıcı işlər olur: “Bəzi ölkələrdə isə şagirdlər ümumiyyətlə məktəbə kitab aparmırlar. Belə ölkələrin təhsil sistemində İKT-nin tətbiqi sayəsində şagirdlər məktəbdə dərslərini ənənəvi dərsliklər vasitəsilə yox, elektron lövhələr vasitəsilə keçirlər. Dərslik rolunu e-dərsliklər oynayır. Bir çox Avropa ölkələrinin təhsil sistemində qrtıq xeyli müddətdir ki, elektron dərslik tətbiq edilir. Bu sistemin üstünlkləri ondan ibarətdir ki, elektron dərsliyin köməyi ilə valideynlər uşaqlarının dərs cədvəlinə, ev tapşırıqlarına, qiymətlərinə, dərs davamiyyətinə, yoxlama işlərinin və imtahanların nəticələrinə baxa bilirlər. Elektron dərslik sistemində valideynlərin müəllimlər və müdiriyyətləonline danışıqlar aparması da mümkündür. Şagird haqqında bütün məlumatlar valideynlərə göndərilir. Valideynlər mobil telefonlarından, elektron-poçtdan və ya məktəbin internet ünvanından övladlarının təhsili haqqında məlumat ala bilirlər”.
Digər ölkələrdən fərqli olaraq Azərbaycanda elektron dərs sistemi hələ ki, geniş tətbiq olunmasa da, edərslik yaradılması üçün addımlar atılıb. Təhsil sisteminin informasiyalaşdırılması, təhsilalanların İKT resursları ilə təmin olunması məqsəpdilə Elm ə Təhsil Nazirliyi tərəfindən elektron dərslik portalı (www.e-derslik.edu.az) yaradılıb. Portalının hazırlanmasında məqsəd təhsilalanları təhsil prosesində fəallaşdırmaq, onların İKT-dən səmərəli istifadə etməsinə, dərslikləri elektron formatda oxumasına imkan yaratmaqdır. Bu sistem şagirdlərin dərsliklərdən istifadəsində mobilliyi artırır, həmçinin məktəblilər istənilən vaxt və məkanda dərsliklərə müraciət edə bilirlər. İstifadəçilər onlayn formada və ya əvvəlcədən yükləməklə dərslikləri elektron versiyada oxumaq, onlayn rejimdə dərsliyin istənilən səhifəsində müvafiq lazımi elektron qeydlər aparmaq imkanı qazanırlar. Bu da, öz növbəsində, təhsil alanların öyrənmə prosesinin fərdiləşməsinə şərait yaradır. Dərslik portalınada elektron dərslik, metodik vəsait və iki sinifdənxaric oxu materialı olmaqla, ümumilikdə 300-ə yaxın elektron vəsait mövcuddur. Portalda video, qrafika, səs və digər multimedia vasitələri ilə zənginləşdirilmiş dərsliklərin sayı az deyil. Hazırda məzmun və dizayn baxımından təkmilləşdirilmiş dərsliklərin elektron formatda hazırlanıb portalda yerləşdirilməsi proosesi davam etdirir.
Şagirdlərin dərsi daha həvəslə, maraqla hazırlaması məqsədilə elektron dərsliklərə əlavə materiallar yerləşdirilib.Hər bir şagirdin bu portala çıxışı mümkündür. Yetər ki, şagirdlər kompüter, planşet və smartfonla təmin olsun. Şagirdlər rahatlıqla elektron dərslik portalından həmin dərslikləri smartfonlarına yükləyərək istifadə edə bilərlər.
Şagirdlərin elektron dərsliklərdən istifadəsini asanlaşdırmaq üçün portalda qeydiyyatdan keçməyə də ehtiyac yoxdur. Şagirdlər rahatlıqla portala daxil olub öz sinif dərsliklərini seçib smartfona yükləyə bilərlər. Bu zaman şagirdə həmin dərslikdən istifadə üçün internet də lazım olmur. Dərsliklər müasir veb brauzerlərdə açılan internət səhifələrində olduğu kimi multimedia, video, səs və interaktiv xarakterli proqramları özündə ehtiva edir. Elektron dərsliklərdə həm də axtarış imkanları mövcuddur. Belə ki, bu nəşrlərdə hər hansı bir məlumatı ümumi kitab üzrə axtarış imkanından istifadə etməklə asanlıqla tapmaq mümkündür.
Valideynlər məktəbli çantasına kitab-dəftər, qələm, qələm yonan, pozan, xətkeş, boya, rəsm dəftəri, iş dəftəri, test kitabçası, uşaq üçün yemək qabı, su və daha nələr qoyurlar. Yaş fiziologiyasına uyğun seçilməyən çantanın öz ağırlığını da nəzərə alsaq, əlavə şərhə ehtiyac qalmır. Zaman- zaman Təhsil Nazirliyinin məsələyə münasibəti isə belə olub ki, çantaları valideynlərin özləri ağırlaşdırır. Əksər valideynlər isə məktəb bufetlərində normal, sağlamlığa ziyanı olmayan qida məhsullarının yoxluğunu əsas gətirərək və bir çox mənşəyi məlum olmayan "bufet məhsullarının" övladlarının sağlamlığına hər hansı bir ziyan yetirəcəyindən ehtiyatlanaraq, çantalara qida və su qoymaqda israrlıdırlar.
Ekspertin fikrincə, uşaqlar üçün fiziki, zehni və maddi yükə çevrilən iş dəftərləri artıq neçə illərdir ki, Elm və Təhsil Nazirliyi tərəfindən dərslik komplektindən çıxarılıb. Bununla belə, bir çox məktəblərdə müəllimlər hələ də valideynləri bu ləğv olunan, nəşriyyatlar tərəfindən hələ də satışa çıxarılan iş dəftərlərini valideynlərə məcburi aldırmaqda maraqlıdırlar. Çantaya hər fən üzrə iş dəftərlərinin yığıması da onu ağırlaşdıran səbəblərdəndir.Halbuki, uşaqlarımızın fiziki və mənəvi sağlamlığının pozulması bizim üçün onların ağırlaşdırılmış tədris yükündən daha ağır yükə çevrilə bilərə
İş o yerə çatıb ki, indi, əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlər deyil, valideynlərin daşıdığının şahidi oluruq. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, valideynlər məktəbə gedən uşaqları üçün məktəb ləvazimatları alarkən ən çox onların çantalarına fikir verməlidirlər: "Şagirdlərin götürdüyü çantalar ya özləri ağır olur, ya da onların içərisinə o qədər dəftər-kitab yığılır ki, bu da şagirdlər arasında onurğa əyriliyinə kimi gətirib çıxarır. Ona görə də məktəbli çantası mütləq yaşa uyğun seçilməlidir. Eyni zamanda çantanın materialına diqqət yetirmək lazımdır. Bunu etmədikdə yük birtərəfli qaydada bir çiyni üstə düşur və skaliozla nəticələnir. Bu isə sonda onurğa əyriliyinə gətirib çıxarır. Bu gün təkcə dərs oxumaq yox, həm də o dərsi oxumaq üçün kitabları qoyduğumuz çantaları daşımaq müşkülə çevrilib. İndi əksər hallarda aşağı sinif şagirdlərinin çantasını şagirdlərdən çox valideynlərin daşıdığını görürük. Bu isə əlbəttə ki, məktəbli çantalarının ağırlığından irəli gəlir. Ağırlığı bəzən hətta 10 kiloqramı belə keçən çantalar tək şagirdlər üçün yox, elə valideynlər üçün də hər gün daşımalı olduqları yükə çevrilib. Çantaların ağırlığının başqa bir səbəbi hər fənn üzrə kitab və dəftərdən başqa, əlavə dərs ləvazimatlarının da daşınmasıdır. Bilirik ki, şagird hər fənn üzrə bir kitab, bir dəftər, bir test kitabı, bir iş dəftəri özü ilə götürməlidir. Bunların hamısını yığdıqda çanta çox ağır olur. Bundan başqa bir çox şagirdlər özləri ilə yemək və su götürür ki, bu da çantanın daha da ağırlaşmasına gətirib çıxarır”.
Bir çox inkişaf etmiş ölkədə – məsələn, Finlandiya, Almaniya, Yaponiya, Kanada və digər yerlərdə – məktəb çantalarının şagirdlərin sağlamlığına təsiri uzun illərdir diqqət mərkəzindədir. Bu ölkələrdə şagirdlərin hər gün ağır çanta daşımasına ehtiyac qalmaması təhsil infrastrukturunun düzgün təşkili ilə bağlıdır.
Əksər məktəblərdə şagirdlər üçün şəxsi dolablar (locker) mövcuddur. Şagirdlər dərsliklərini, dəftərlərini və şəxsi əşyalarını məktəbdə saxlayırlar. Evə yalnız tapşırıqları aparmaq üçün kiçik bir çanta götürürlər.
Finlandiya, Estoniya, Sinqapur kimi ölkələrdə dərsliklərin əksəriyyəti elektron formatdadır. Planşet və ya məktəb tərəfindən verilən noutbuk vasitəsilə bütün dərs materiallarına çıxış təmin olunur. Bu isə fiziki dərs yükünü demək olar ki, sıfıra endirir. Xaricdə dərs proqramları daha az sayda fənn, lakin daha dərin və praktik tədris üzərində qurulub. Bu da şagirdin daha az material daşıması deməkdir.
Bəzi ölkələrdə ev tapşırıqları minimuma endirilib və şagirdlər bütün işlərini məktəbdə tamamlayır. Bu da evə dərs materialı daşımağa ehtiyacı aradan qaldırır.
Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. Burada həftənin 5-ci günü şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur. Şagirdlərə verilən dərsliklər iki nüsxə olsa, birini evdə, digərini məktəbdə saxlasalar, o zaman onlar ağır kitabları daşımazlar.
Təhsil ekspert Etibar Əliyev hesab edir ki, şagirdlərin çanta problemi əsasən kurikulumlar əsasında yazılmış dərs vəsaitlərinin çapından sonra yaranıb: "Şagirdlərin fənni mənimsəməsi üçün dərs vəsaitlərinin, iş dəftərləri də daxil olmaqla çapı şagird çantasını xeyli ağırlaşdırdı. Ümumiyyətlə, kitabların həcminə də diqqət yetirmək lazımdır. Elə fənlər var ki, məsələn, mövzu çox konkret və yığcam izah olunacağı halda bir mövzuya bir neçə səhifə yer ayrılır. Bu da həm mənimsəməni mürəkkəbləşdirir, həm də kitabların həcmini artırır".
Nərmin Qarazadə