Azedu.az

Çin dili tədrisi: Yeni qlobal reallıqlar və Azərbaycanın çağırışı

Məktəblər

Müəllimlər və elm adamları

Şagirdlər

30 İyun 2025, 08:34
Çin dili tədrisi: Yeni qlobal reallıqlar və Azərbaycanın çağırışı

Məlum olduğu kimi, Elm və Təhsil Nazirliyi Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir. Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hansısa müəllim xarici dil tədris etməsi üçün başqa ölkədən dəvət olunursa, o lazımi əmək haqqı ilə təmin edilməlidir. Azərbaycanda isə bu barədə çevik olmayan sistem mövcuddur: “Biz məktəblərdə Çin dilini tətbiq etmək istəyirik. Lakin bunun üçün sinifdə müəyyən sayda şagird olmalıdır. Sistem belə işləyir. Məsələn, 270 şagirdi bir yerə yığa bilməsək, müəllimə maaş verə bilməyəcəyik. Bu problemləri aradan qaldırmağa çalışırıq".

Qloballaşma prosesləri və Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi müxtəlif xarici dillərin öyrənilməsinə olan marağı artırır. Xüsusilə son illərdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında iqtisadi, mədəni və siyasi münasibətlərin inkişafı Çin dilinin tədrisini gündəmə gətirib.

Çin dünyanın ikinci ən böyük iqtisadiyyatı olmaqla yanaşı, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Mərkəzi Asiya və Cənubi Qafqazda, o cümlədən Azərbaycanda mühüm strateji tərəfdaşdır. Bu reallıq Azərbaycan gəncləri üçün Çin dili biliklərinin əhəmiyyətini artırır. Çin dili yalnız iqtisadi əlaqələr üçün deyil, həm də mədəni diplomatiya və təhsil sahəsində əməkdaşlıqlar üçün vacib hesab olunur.

Statistik məlumatlara əsasən, hazırda Azərbaycanda 3000-dən çox şəxs çin dilini öyrənmək üçün müxtəlif kurslara və proqramlara qatılır. Bu göstərici hər il orta hesabla 10-15 faiz artım dinamikası göstərir. Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və Xəzər Universitetində çin dili artıq ayrı-ayrı ixtisaslar üzrə tədris olunur. Ümumilikdə, ölkədə təxminən 12 ali və orta ixtisas təhsil müəssisəsində çin dili fakültativ və ya seçmə fənn kimi təklif olunur. Bu, hələlik ölkə miqyasında geniş yayılmadığını göstərir.

“Təhsil haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, təhsil alanlara beynəlxalq əmək bazarında rəqabətə davamlı olmaq üçün xarici dillərin öyrədilməsi əsas prioritetlərdən biridir. Amma hazırda xarici dillərin tədrisi əsasən ingilis və rus dili üzərində qurulub, çin dilinə isə hələlik pilot layihə və ayrı-ayrı təşəbbüslər çərçivəsində yer verilir. Dövlətin bu istiqamətdə konseptual yanaşmaya keçməsi, müvafiq proqramların hazırlanması və məktəblərdə kadr hazırlığının təşkil edilməsi vacib şərtdir.

Bakı şəhərində və bir neçə bölgədə bəzi orta məktəblərdə təcrübi olaraq Çin dili dərsləri təklif edilir. Bu layihələr əsasən Konfutsi İnstitutları və Çin səfirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Çin dilinin orta məktəblərdə tədrisinə effektiv şəkildə başlamaq üçün ilk və ən vacib addımlardan biri bu dili bilən kadrların – yəni Çin dilini sərbəst bilən müəllimlərin təhsilə cəlb olunmasıdır. Peşəkar müəllim olmadan dil tədrisi mümkün deyil. Çin dili çox spesifik fonetika və yazı sisteminə malikdir. Bu dili yalnız peşəkar tədris edə bilər. Azərbaycanda Çin dilini universitetdə oxumuş, Çində təhsil almış və ya Konfutsi İnstitutlarında çalışan şəxslər var. Bu potensial cəlb edilməlidir. Tədrisə cəlb ediləcək müəllimlər üçün dəstək təmin olunmalıdır. Onlara metodiki kurslar, dərsliklərlə təminat və motivasiya məqsədli maaş əlavələri verilməlidir.

Müəllimlərin ixtisasartırma proqramları çərçivəsində Çin universitetləri ilə əməkdaşlıq edilərək Çin dili müəllimlərinin hazırlanması təşviq olunmalıdır. Çin dili müəllimlərinin sayının azlığı, yerli müəllim hazırlığının məhdud olması bu sahədə əsas maneələrdəndir. Bu maneəni aradan qaldırmaq üçün müvafiq addımların atılması vacibdir. Bu gün ölkənin örta məktəblərində əcnəbi dilləri tədris edən müəllimlərin bir qismi bu dillərdə şagirdlə normal ünsiyyət qura bilmir. Müəllimlərin çox az qismi danışıq dilini normal səviyyədə bilir. Dilin tədrisində bəzən səhvlərə yol verilir. Dərs zamanı müəllimlər əsasən qramatikaya və qaydalara daha çox vaxt ayırırlar. Şagirdlərin danışıq bacarıqlarını inkişaf etdirməsi üçün müəllimlərin dərs vaxtı onlarla bu dildə ünsiyət qurması vacibdir. Əzbəryönümlü dərslərlə dili öyrənmək və mənimsəmək olmaz. Dilin öyrədilməsi sadəcə dərslik və texnologiya ilə baş vermir. Bu prosesin mərkəzində duran əsas amil müəllim faktorudur. Xarici dilin şagirdlərə uğurla öyrədilməsi üçün müəllim faktoru əvəzolunmazdır. Müasir texnologiya və tədris resursları nə qədər inkişaf etsə də, şagirdlə ünsiyyətə girən, onu yönləndirən, ona ilham verən müəllimin rolu həlledici olaraq qalır. Peşəkar, motivasiyalı və yaradıcı müəllimlər yetişdirmək, xarici dil tədrisinin keyfiyyətini yüksəltmək üçün əsas şərtdir. Ona görə də xarici dil müəllimlərinin ixtisasartırma, metodik dəstək və peşəkar inkişafı daim diqqət mərkəzində saxlanmalıdır.

Uyğun dərsliklərin və metodiki materialların olmaması Çin dilinin effektiv tədrisini çətinləşdirir. Bunun üçün Azərbaycan dilinə uyğunlaşdırılmış dərsliklər, audio-vizual materiallar və interaktiv platformalar hazırlanmalıdır. Çin tərəfi ilə əməkdaşlıq əsasında interaktiv platformalar, mobil tətbiqlər və oyun əsaslı öyrənmə modulları yaradılmalıdır. Dərsliklər Azərbaycan dilində olmalı, Çin mədəniyyəti və tarixinə də yer verilməlidir.

Azərbaycanın orta məktəblərində Çin dilinin tədrisi müasir dövrün reallıqları baxımından strateji əhəmiyyət daşıyır. Bu istiqamətdə atılan hər bir addım ölkənin beynəlxalq əlaqələrinin dərinləşməsinə, gənc nəslin dünyagörüşünün genişlənməsinə və onların gələcək karyera imkanlarının artırılmasına xidmət edəcək.

Maraqlıdır, görəsən zamanla Çin dili də ingilis və rus dilləri kimi ölkəmizdə işlək dilə çevriləcək?

Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, Çin və Azərbaycan arasında münasibətlərin son illərdə yeni mərhələyə qədəm qoyması, xüsusilə viza rejiminin ləğvi, birgə iqtisadi layihələr və strateji əməkdaşlıq çin dilinin ölkəmizdə öyrənilməsinə marağı artırır: “Çin dilinin dövlət səviyyəsində ikinci və ya üçüncü xarici dil kimi məktəb proqramlarına daxil edilməsi bu istiqamətdə əsaslı irəliləyiş ola bilər. Lakin bunun üçün ən böyük çətinlik peşəkar Çin dili müəllimlərinin çatışmazlığı və dərsliklərin məhdudluğudur. Çin səfirliyi və Konfutsi İnstitutunun dəstəyi ilə bəzi məktəblərdə artıq Çin dili kabinetləri yaradılıb. Ancaq bu, ölkə miqyasında sistemli şəkildə genişlənməyib. Çin dili kurslarına tələb əsasən Bakı və iri şəhərlərdə müşahidə olunur. Xüsusilə, beynəlxalq şirkətlərdə, turizm və logistika sektorunda işləmək istəyən gənclər üçün bu dil artıq rəqabət üstünlüyü hesab olunur. Lakin regionlarda belə kursların əlçatanlığı və tədris keyfiyyəti ilə bağlı problemlər davam edir. Kurs qiymətlərinin yüksək olması və peşəkar müəllim çatışmazlığı bu sahədə inkişafın qarşısını qismən alır. Dövlət proqramı çərçivəsində yeni müəllimlərin Çində hazırlanması, distant təhsil imkanlarının artırılması və çin dili üzrə elektron resursların genişləndirilməsi vacibdir. Dünya təcrübəsində, məsələn, Sinqapur, Malayziya, Avstraliya və Almaniyada çin dili artıq orta məktəblərdə ikinci və üçüncü xarici dil kimi geniş şəkildə tədris olunur, Çində təhsil almaq üçün proqramlar, təqaüdlər və birgə layihələr mövcuddur. Məhz bu ölkələrdə əmək bazarının tələbləri ilə təhsil siyasəti arasında əlaqə aydın hiss olunur”.

K.Əsədov hesab edir ki,  son olaraq qeyd etdi ki, Çin ilə iqtisadi, texnoloji, turizm və humanitar əməkdaşlığın dərinləşməsi Azərbaycanda Çin dilini bilməyin vacibliyini artırır: “Artıq Çindən Azərbaycana gələn turistlərin sayı il ərzində 30 min nəfəri keçib və artan ticarət dövriyyəsi, ortaq biznes layihələri, təhsil mübadilələri fonunda çin dilini bilən kadrlara ehtiyac yaranır. Diplomatik münasibətlərin intensivləşməsi də bu dili bilən mütəxəssislərin perspektivini artırır. Bütün bu amillər onu göstərir ki, çin dilinin tədrisi, müəllim hazırlığı və müasir metodik baza təmin olunarsa, bu dil Azərbaycanın təhsil sistemində rus və ingilis dili kimi geniş yayılmış xarici dillərdən birinə çevrilə bilər”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, zərbaycanın Çin ilə artan iqtisadi, təhsil və mədəni əməkdaşlığı fonunda Çin dilinin orta məktəblərdə tədrisi artıq zərurətə çevrilib: “Çin universitetlərində təhsil almaq istəyən azərbaycanlı tələbələrin sayı artır. Çin dövləti hər il Azərbaycan tələbələri üçün təqaüdlər ayırır. Eyni zamanda, Bakı Dövlət Universitetində və digər təhsil ocaqlarında Konfutsi İnstitutları fəaliyyət göstərir. Bu əməkdaşlıq məktəb pilləsindən başlayaraq daha səmərəli ola bilər. Çin dili təkcə kommunikasiya vasitəsi deyil, həm də minilliklərə söykənən zəngin mədəniyyətin daşıyıcısıdır. Şagirdlərin bu dili öyrənməsi, onlarda yeni dünyagörüş, fərqli mədəniyyətə hörmət və qlobal düşüncə tərzi formalaşdırır. Bu, multikultural dəyərləri dəstəkləyən Azərbaycan cəmiyyətində mühüm amildir. Hazırda Çində təhsil alan, orada çalışan və ya Çin şirkətləri ilə əməkdaşlıq edən azərbaycanlıların sayı artmaqdadır. Çin dili bilikləri şagirdlərə gələcəkdə yeni iş imkanları yaradır, onları rəqabətədavamlı kadr kimi formalaşdırır. Demək olar ki, Çin dilinin Azərbaycan məktəblərində tədrisi artıq seçim deyil, zərurətdir. Bu, həm iqtisadi perspektiv baxımından, həm də gənc nəslin beynəlxalq dünyaya inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət səviyyəsində dəstəklənəcək uzunmüddətli proqramlar, müəllim hazırlığı və pilot məktəb layihələri ilə bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etmək mümkündür. Gələcəyin çağırışlarına cavab verən, çevik və çoxdilli bir gənclik üçün Çin dili tədrisi vacib bir addımdır”.

Təhsil eksperti Rizvan Fikrətoğlunun fikrincə, başlanğıc üçün pilot məktəblərdə çin dili seçmə fənn kimi keçirilə, paytaxtda və regionlardakı bəzi məktəblərdə Konfutsi sinifləri açıla, pedaqoji təhsil verən bir neçə universitetlərdə “Çin dili müəllimliyi” ixtisası yaradıla və bu dilin dərindən mənimsənilməsi üçün mübadilə proqramları həyata keçirilə bilər.

O, əlavə edib ki, Çin dili əhatəliliyinə görə genişdir. Belə ki, dünyada təxminən 1.2 milyard insan çin dilində danışır ki, bu da dünya əhalisinin təxminən 15 faizi deməkdir: "Çin Xalq Respublikası və Tayvandın rəsmi dili, eləcə də Sinqapurun dörd rəsmi dilindən biri, həmçinin BMT-nin rəsmi dillərindən biri çin dilidir. Konfutsi İnstitutları vasitəsilə 160-dan çox ölkədə çin dili tədris olunur. 2024-cü ilin statistikasına əsasən, dünyada 80 milyondan çox insan çin dilini ikinci dil kimi öyrənir. ABŞ, Avropa, Türkiyə, Rusiya və Orta Asiya ölkələrində məktəb və universitetlərdə bu dil tədris olunur".

Rizvan Fikrətoğlu vurğulayıb ki, Çin dilinin iqtisadi, işgüzar və texnoloji əhəmiyyəti də böyükdür. Nəzərə alaq ki, Çində dünyanın ikinci ən böyük iqtisadiyyatı mövcuddur. Bu ölkədə işləyən şirkətlər və investorlar üçün dil bilikləri böyük üstünlük sayılır. Bu dildə aparılan texnoloji tədqiqatlar, AI, robototexnika və startap sahəsində materiallar sürətlə artır.

Nərmin Qarazadə

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox