22–28 iyun tarixlərində Sinqapurda keçirilmiş Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticələr əldə ediblər.
AzEdu.az xəbər verir ki, yarışda ölkəmizin komandası 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.
Belə ki, Ağdaş rayonu, Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri, Ruslan Muradov adına texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal, Lənkəran rayonu, Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.
Yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib.
Qeyd edək ki, bu olimpiada, Beynəlxalq İnformatika Olimpiadasının təşkilat komitəsi tərəfindən cari tədris ilindən ilk dəfə olaraq keçirilib. Seçmə mərhələlər isə yerli və xarici mütəxəssislərin iştirakı ilə 2 mərhələdə baş tutub. İmtahana informatika fənnindən yuxarı yaş qrupu üzrə Respublika fənn olimpiadalarının final mərhələsində iştirak hüququ qazanmış məktəblilər dəvət olunublar.
Seçilmiş şagirdlər mart ayından etibarən həftədə 4 saat olmaqla intensiv hazırlıq dərslərinə cəlb olunublar. Onlara müxtəlif səviyyəli tapşırıqlar təqdim olunaraq praktiki bilik və bacarıqları inkişaf etdirilib.