Azedu.az

Yayda dərs, yoxsa istirahət? - Tətilin əsl mahiyyəti...

Məktəblər

Şagirdlər

20 İyun 2025, 11:10
Yayda dərs, yoxsa istirahət? - Tətilin əsl mahiyyəti...

Artıq məktəblər bağlanıb və şagirdlər qarşıdakı 3 ayı evdə keçirəcəklər.

 

Bəs bu müddət ərzində onlar yenidən dərslərə fokuslanmalı, yoxsa istirahət etməli, yaşıdları ilə vaxt keçirməlidirlər?

 

Mövzu ilə bağlı valideynlərin yanaşmaları fərqlidir. Bəzi ailələr övladlarını yay tətili boyunca müxtəlif kurslara, hazırlıq və ya inkişaf yönümlü fəaliyyətlərə yönləndirir.

 

AzEdu.az-a mövzu ilə bağlı təhsil eksperti Əmrah Həsənli danışıb. 

162834

Ekspert qeyd edib ki, yay tətili yalnız dərs yükündən azadlıq deyil, eyni zamanda uşağın özünü tanıması və müstəqil düşünmə bacarığını formalaşdırması üçün mühüm fürsətdir:

 

"Yay tətili ilə bağlı valideynlərin yanaşmasındakı fərqlər təbiidir və cəmiyyətin təhsil anlayışındakı çoxrəngliliyin bir göstəricisidir. Bəziləri bu dövrü uşaq üçün yeni öyrənmə imkanları ilə doldurmağa çalışır, digərləri isə onun tam istirahət etməsinin tərəfdarıdır. Əslində isə hər iki yanaşmanın doğru tərəfləri var – əsas məsələ bu iki yanaşmanı balanslı şəkildə tətbiq edə bilməkdədir.

 

Mənim fikrimcə, yay tətili uşağın məktəbdənkənar fərdi inkişafına yönələn və onun psixoloji, sosial və emosional ehtiyaclarını qarşılamaq üçün unikal bir zamandır. Bu dövr nə yalnız dərs təkrarına həsr edilməli, nə də tamamilə məqsədsiz və struktursuz bir istirahətə çevrilməlidir. Yay ayları uşaqların maraqlarını kəşf etməsi, yeni bacarıqlar qazanması və ən əsası özlərini tanımaları üçün geniş imkanlar yaradır".

 

Ə.Həsənlinin sözlərinə görə, aşağı sinif şagirdləri üçün bu müddət ərzində oyun əsaslı öyrənmə, sərbəst oxu, ailə ilə vaxt keçirmək və təbiətlə təmas vacibdir:

 

"Bu sadə görünsə də, uşağın psixososial inkişafında əvəzsiz rol oynayır. Orta və yuxarı siniflərdə isə maraq dairəsinə uyğun seçilmiş yay kursları, layihə əsaslı fəaliyyətlər, mütaliə vərdişlərinin dərinləşdirilməsi və könüllülük kimi sosial iştirak modelləri uşağın gələcək həyat bacarıqlarının təməllərini formalaşdıra bilər.

 

Burada valideynlərin rolu olduqca önəmlidir. Onlar bu üç ayı yalnız “bilik toplamaq” dövrü kimi yox, həm də “şəxsiyyət formalaşdırmaq” prosesi kimi görməlidirlər. Övladlarını yalnız akademik uğura fokuslamaq əvəzinə, onları ailə dəyərlərinə, əmək və məsuliyyət hissinə, yaradıcı düşüncəyə və sosial uyğunlaşmaya yönəltməlidirlər. Məsələn, bir ailəliklə oxunan kitab, birgə edilən təbiət gəzintisi və ya sadəcə birlikdə müzakirə olunan gündəlik hadisələr uşaqda həm bilik, həm də şəxsiyyət baxımından iz qoyur.

 

Yay aylarında təhsil rəsmi şəkildə dayanmış ola bilər, amma öyrənmə davam edir, sadəcə olaraq formatı dəyişir. Vacib olan, bu müddətin şagird üçün təzyiqsiz, amma məqsədli bir inkişaf mərhələsi kimi planlanmasıdır. Çünki gələcəkdə parlaq nəticə göstərən şagirdlər yalnız testləri yaxşı cavablandıranlar deyil, həm də yay aylarını düzgün dəyərləndirənlər olacaq",- deyə Əmrah Həsənli qeyd edib.

Hansı universitetimiz TOP-500-də yer alacaq?
Son xəbərlərDaha çox