Azedu.az

Bu məktəblər gələcəyin təhsilsiz gənclərini yetişdirir...

Məktəblər

19 İyun 2025, 13:09
Bu məktəblər gələcəyin təhsilsiz gənclərini yetişdirir...

Ötən il qəbul imtahanlarında bəzi region məktəblərindən ali təhsil müəssisələrinə qəbul olan heç bir məzun olmayıb. Özü də bunların sayı olduqca çoxdur. Şəhər və kənd təhsili arasında fərq olduğunu qəbul edirik. Amma bu fərq hansı məntiqə sığır ki, bütöv bir məktəbin məzunlarının heç biri tələbə adını qazana bilmir?

 

Savadsız şagird bir olar, beş olar. Bəs savadsız müəllim? Axı bu uşaqlar hansısa müəllimin dərs dediyi siniflərdən çıxıblar. Necə olur ki, onların heç biri minimal keçid balını belə toplaya bilmir? Bu müəllimlər hara baxır? Dövlətin onlara yaratdığı imkanlara, təlimlərə, sertifikasiya proseslərinə baxmayaraq niyə nəticə yoxdur?

 

Azərbaycanda artıq neçə ildir ki, müəllimlər üçün sertifikasiya imtahanları keçirilir. Bəs hanı nəticə? Bu sertifikasiya niyə “filtr” ola bilmir? Niyə hələ də “müəllim” adı altında sinifə daxil olan, lakin təhsilə heç bir töhfəsi olmayan insanlar sistemdədir?

 

Ən dəhşətlisi isə odur ki, sıfır nəticə göstərən bu məktəblərin bəziləri ucqar kəndlərdə yerləşmir. Yəni nə müəllim qıtlığından, nə çatışmazlıqlardan bəhs edə bilmərik. Amma nəticə dəyişmir: məzunlar qəbul ola bilmir.

 

Məzunları uğursuz olan məktəblər bu ölkənin gələcəyini formalaşdırmaq əvəzinə, savadsızlıq ötürən mərkəzlərdir. Bu məktəblər gələcəyin təhsilsiz gənclərini yetişdirir. Niyə? Çünki kimsə öz işini sevmədən, ruhsuz şəkildə “iş saatı doldurur”, kimsə öyrətmək əvəzinə “yola verir”, kimsə “müəllim” adını sadəcə maaş üçün daşıyır. Bəzi müəllimlər üçün sinif otağı gündəlik rutindir – gəlirlər, otururlar, çıxırlar… Və heç nə dəyişmir.

 

Təhsil təkcə dərsliklə olmur, vicdanla aparılan sistemdir. Təhsil məsuliyyətlə, öhdəlik hissi ilə verilir. Biz bu gün məktəblərdə bu hissi itirmişiksə, deməli minlərlə gəncin gələcəyini çıraqsız qoymuşuq…

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox