Azedu.az

Kənd və şəhər məktəblərinin müqayisəsi düzgün deyil

Məktəblər

19 İyun 2025, 13:03
Kənd və şəhər məktəblərinin müqayisəsi düzgün deyil

Ötən il qəbul imtahanlarında iştirak edən bəzi kənd orta məktəblərində statistika olduqca bərbaddır. Abbasxanlı kənd və Ləngəbiz  kənd orta məktəblərinin bir abituriyenti belə ali təhsil müəssilələrinə qəbul ola bilməyib. Bu regionlar içində sadəcə bir nümunədir.

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, Dövlət İmtahan Mərkəzinin hər il çap etdirdiyi “Abituriyent” jurnalının 12-ci sayı təhsilimizin cari mənzərəsi üçün çox vacib barometr rolunu oynayır.

 

Orada müxtəlif statistik göstəricilər, ən zəruri datalar əsasında zonalara, regionallara görə tədris keyfiyyətləri çox yüksək şəkildə öz əksini tapır. Həmin datalar əsasında hazırlanan müxtəlif reytinq göstəricilərində biz ölkədaxili kənd-şəhər məktəbləri fərqini o qədər də hiss etmirik:

 

“Ümumiyyətlə, bizdə savadlılıq dərəcəsi, region təhsilinin inkişaf xətti şəhərdən heç də geri qalmır. Məsələn, statistikalara əsasən, Naxçıvan, Sumqayıt, Cəbrayıl məktəblərinin göstəriciləri bəzi şəhər məktəblərini xeyli qabaqlayır. Biz bununla nə kənd məktəblərində hər şeyin yaxşı olduğunu deyirik, nə də ümumiyyətlə, kənd-şəhər məktəbi müqayisəsini aparırıq. Ümumiyyətlə, “kənd məktəbi”, “şəhər məktəbi” müqayisələrinin aparılmasını təhsil adına çox da doğru hal saymıram. Doğrudur, bəzi bölgələrimizdə aid olduqları coğrafiya, illər ərzində məşğul olduqları  sahələr səbəbindən şagirdlərin məktəblərdən tez ayrılması, uzaqlaşdırılması halları haqqında eşitmişik. Amma bunlar istisna hal daşıyıb. İstər sovet, istərsə də müstəqillik dövrlərində hər zaman zəif nəticəsi ilə “fərqlənən” bölgələrimiz olmaqla yanaşı, çox yüksək nəticələri ilə seçilən kənd məktəblərimiz də az olmayıb. Hətta elə böyük region məktəbləri olub ki, onlar bütün respublikada adla tanınıb və indi də tanınır. Bütün bunları deməkdə məqsədimiz bu bölgünün çox nisbi xarakter daşımasını bildirməkdir”.

 

E.Nuri adıçəkilən kəndlərlə bağlı bu problemin yalnız həmin tədris ocaqları ilə bağlı subyektiv çatışmazlıq kimi dəyərləndirilməli olduğunu qeyd edib. Yəni, Abbasxanlı kənd və Ləngəbiz kəndlərindəki zəif göstəriciləri ümumi kənd məktəblərinin acı durumu kimi yox, yalnız bu iki ərazinin çatışmazlığı kimi qeyd etmək daha doğrudur:

 

“Belə olan təqdirdə yalnız adıçəkilən məktəblərin daxili problemi daha səhih şəkildə araşdırılar, resurs, kadr, infrastrukturla bağlı çatışmazlıqlar konkret formada həyata keçirilər. Təbii ki, zəif nəticəsi olan yalnız bu iki məktəb deyil. Onlarla eyni aqibəti yaşayan region məktəbləri də araşdırılmalı və problem ortaq surətdə öz həllini tapmalıdır. Çünki bir abituriyenti belə tələbə adını qazana bilməyən yalnız bu iki kənd deyil. Adıçəkilən mənbədə bu barədə daha müfəssəl məlumatlar əldə etmək olar”.

TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!
Son xəbərlərDaha çox