Azedu.az

Etik qaydaları pozan şagirdlər - Onları hansı cəzalar gözləyir?

Məktəblər

Müəllimlər və elm adamları

Şagirdlər

19 İyun 2025, 12:51
Etik qaydaları pozan şagirdlər - Onları hansı cəzalar gözləyir?

Son vaxtlar müəllim-şagird anlaşılmazlıqları sosial şəbəkələrdə böyük rezonans doğurur. Cəmiyyət bu mövzuda iki yerə bölünür: bir tərəf şagirdin müəllimi həmin həddə çatdırdığını, digər tərəf isə müəllimin nə olursa-olsun soyuqqanlılığını qorumalı olduğunu düşünür.

 

Maraqlıdır, müəllimə qarşı qeyri-adi və aqressiv yanaşmalar sərgiləyən şagirdlərə qarşı hansı hüquqi tədbirlər görülə bilər? Yeni nəslin davranışlarını nəzərə alaraq bu sahədə qanunvericiliyə yeni maddələr əlavə olunmalıdırmı?

 

AzEdu.az-a mövzu ilə bağlı Vəkillər Kollegiyasının üzvü Babək Umudov danışıb.

 

Onun sözlərinə görə, özəl təhsil müəssisəsindən xaric edilən şagirdin təhsil hüququ mütləq dövlət məktəbində təmin edilməlidir:

 

“Çox təəssüf edirəm ki, Azərbaycanda şagirdlərin və müəllimlərin bir-birlərinə qarşı qeyri-etik davranışlarının şahidi oluruq və bu kimi hallar getdikcə artmaqdadır.

 

Qanunvericiliyimiz təhsilalanlar üçün müəyyən vəzifələr müəyyən etmişdir ki, bunlara pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək də daxildir (bax: “Təhsil haqqında” Qanunun 32.5-ci maddəsi)”.

 

Qanunvericilikdə şagirdlərin qeyri-etik, intizamsız davranışlarına görə onların məsuliyyəti ilə bağlı konkret normalar mövcud deyil.

 

“Şagirdlərin bu tip davranış qaydalarını təhsil müəssisələri öz daxili nizamnamələri (əsasnamələri), habelə daxili intizam qaydaları əsasında müəyyən edirlər. Özəl təhsil müəssisələrində daxili nizam-intizam qaydalarına əməl etməyən şagirdləri və ya onların valideynlərini müxtəlif cəzalar gözləyə bilər. Bu kimi cəzalara müvəqqəti uzaqlaşdırma, təhsil müəssisədən xaric edilmə kimi məsuliyyət tədbirləri aid edilə bilər. Ancaq özəl təhsil müəssisəsindən xaric edilən şagirdin təhsil hüququ mütləq dövlət məktəbində təmin edilməlidir”.

 

Müsahibimiz qeyd edib ki, dövlət təhsil müəssisələrində isə müəyyən məsuliyyət və ya pedaqoji tədbirlər nəzərdə tutulsa da, şagirdin məktəbdən xaric olunması hallarına rast gəlmək mümkün deyil:

 

“Belə ki, “Təhsil haqqında” Qanunun 5.1-ci maddəsinə görə, dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir və təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından məhrum edilməsinə yol vermir. Qanunun 5.4-cü maddəsində qeyd edilir ki, dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Yəni şagird daxili nizam-intizam qaydasını pozduğu halda biz onun təhsil alma hüququnu əlindən ala bilmərik. Digər tərəfdən ibtidai sinifdə, ümumiyyətlə, şagirdlər sinifdə saxlanıla bilməz. 5-9-cu sinifdə isə şagirdlərin akademik göstəriciləri aşağı olduğu halda sinifdə saxlanıla bilərlər, lakin heç bir halda adları şagirdlər siyahısından çıxarıla bilməz”.

 

“Şagirdlərin cinayət xarakterli hərəkətlərinə, bu hallarda şagirdin yaşından asılı olaraq ona müəyyən məsuliyyət tədbirləri tətbiq oluna bilər”,- deyə Babək Umudov vurğulayıb:

 

“Cinayət məsuliyyətinə cəlb etməyə imkan verən ümumi yaş həddi 16 olsa da, bəzi cinayətlərə görə bu hədd 14-dür. 14 yaşına çatmış şəxsə isə törədilmiş cinayət əməlinin ağırlıq dərəcəsindən, habelə işin hallarından asılı olaraq, müəyyən cəzalar (məsələn, cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrum etmə) və ya tərbiyəvi xarakterli məcburi tədbirlər (xəbərdarlıq, nəzarətə götürmə, vurulmuş ziyanın aradan qaldırılması, asudə vaxtın məhdudlaşdırılması və onun davranışı ilə bağlı xüsusi tələblər müəyyən etmək) tətbiq edilə bilər.

 

Eləcə də inzibati xəta sayılan əməllərin törədilməsinə görə məsuliyyətə yalnız 16 yaşı tamam olmuş şəxslər cəlb oluna bilərlər”. 

ABŞ qırıcıları İrana YAXINLAŞIR-hər an zərbə VURULA BİLƏR
Son xəbərlərDaha çox