Təhsil müəssisələrinin idarə olunması və gündəlik fəaliyyətinin təşkili zamanı hüquqi və inzibati sənədlərin rəsmiləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bəzi hallarda müxtəlif səbəblərə görə ümumtəhsil məktəblərində direktor vəzifəsi vakant olur. Bu cür hallarda məktəbin idarə olunması, sənədləşmə işlərinin aparılması və gündəlik fəaliyyətin davam etdirilməsi üçün müvafiq tədbirlər görülür.
Bəs, görəsən, direktorsuz məktəblərdə attestatlarının imzalanması kimlərin üzərindədir? Yəni kimlərin imza səlahiyyəti var? Belə bir məqam necə tənzimlənir?
AzEdu.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq MÜTDA-dan bildirilib ki, direktoru olmayan ümumi təhsil müəssisələrində attestatların imzalanması direktor səlahiyyətlərninin müvəqqəti icrasının həvalə edildiyi şəxs tərəfindən həyata keçirilir.