Azedu.az

Təhsilə həsr olunan həyat - Bir müəllim hekayəsi…

Məktəblər

Müəllimlər və elm adamları

3 İyun 2025, 22:11
Təhsilə həsr olunan həyat - Bir müəllim hekayəsi…

Mən, Firuzə Mirzəyeva, 2018-ci ildən Ş. Əliyev adına Rudəkənar kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərirəm. Özüm Bərdə rayonunda anadan olmuşam. Müəllimlik peşəsinə ilk sevgini isə mənə anam aşılayıb. Onun öz sənətini necə böyük sevgi ilə icra etdiyini görərək böyümüşəm. Bundan başqa, xalam, bibim və dayılarımın hər biri ali təhsilli olub. Uşaqlıqda gəlinciklərimi yığıb onlara “dərs keçməyim” bu peşəyə olan daxili həvəsin ilk nümunəsi idi. Beləcə, ən çox sevdiyim fənn üzrə oxumağı seçdim.

Ədəbiyyatı lap uşaqlıqdan çox sevmişəm. V–VI siniflərdə oxuyarkən Viktor Hüqo, Aleksandr Düma, Lev Tolstoy və digər xarici ədəbiyyat nümayəndələrinin əsərlərini oxuyub başa vurmuşdum. Azərbaycan ədəbiyyatının isə demək olar ki, bütün tanınmış yazarlarının yaradıcılığı ilə yaxından tanışam. Məndə ədəbiyyata və ana dilimizə olan sonsuz sevgi bu peşəni seçməyimə səbəb oldu.

Qeyd etmək istəyirəm ki, ailəmin istəyi ilə əvvəlcə IV ixtisas qrupu üzrə hazırlaşırdım. Lakin ixtisasıma olan sevgim hər şeyə qalib gəldi və mən III ixtisas qrupu üzrə imtahan verərək tələbə adını qazandım. Düşünürəm ki, insan öz istək və arzularını həyata keçirmək üçün ilk növbədə mübariz və prinsipial olmalıdır.

Peşə fəaliyyətimə ilk dəfə 2017-ci il, 15 sentyabr tarixində Ə. Əliyev adına Qapıçıməhəllə kənd ümumi orta məktəbinin IX sinfində başlamışam. Həmin sinif kifayət qədər zəif idi, amma əzmlə çalışaraq sonda yaxşı nəticələr əldə etdik.

2018-ci ildən isə Ş. Əliyev adına Rudəkənar kənd ümumi orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi kimi fəaliyyətimi davam etdirirəm. Bu müddət ərzində qazandığım uğurların içində mənim üçün ən önəmlisi qızların təhsilə cəlb olunması olub. Əvvəllər məktəbdə bir-iki qız təhsil alırdısa, bu gün onların sayı oğlanları geridə qoyub. Bu, mənim üçün xüsusi bir qürurdur.

Hazırda özüm də bir qız anası olaraq həm müəllim, həm valideyn məsuliyyəti daşıyıram. Bir müəllim kimi hər zaman vicdanlı və dürüst olmağa çalışmışam. Şagirdlərimi heç vaxt öz övladımdan ayırmamışam.

Mənim ilhamverici müəllimlərimdən biri anam olub. Digəri isə tarix müəllimim – Əlişah müəllim. Bu gün Əlişah müəllim dünyasını dəyişib, amma onun neçə-neçə ardıcılı bu nəcib sənəti yaşatmaqdadır. Allah bütün dünyadan köçmüş müəllimlərə rəhmət etsin. Şairin dediyi kimi:

Fərəhin ən yeni kəşflər, üsullar
Əsil bir insan da onun barıdır.
Yerdən kainata uzanan yollar
Müəllim ömrünün cığırlarıdır.

Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, “Müəllimlik ən yüksək qiymətə layiq olan peşədir.” Burada söhbət həqiqi müəllimdən gedir – öz adı ilə qürur duyan, şagirdlərinə dost kimi yanaşan, onların pis gününə üzülüb, sevincli anlarında sevinən müəllimdən.

Müəllim qəlbləri sözləri ilə fəth etməyi bacarmalı, şagirdlərinin qaranlıq yoluna işıq saçmalıdır. Bəzən acı sözlə də olsa, şagirdini doğru yola yönəltməyi bacarmalıdır. Mənim üçün Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq ilk növbədə böyük bir məsuliyyətdir. Eyni zamanda bu, şagirdlərə dünyanın ən gözəl sözlərini, ən mənalı kəlmələrini öz ana dilimizdə qurmağı və ifadə etməyi öyrətməkdir.

Bu elə bir dildir ki:

– Səni böyüdən anaya ən gözəl cümlələri bu dildə qura bilərsən;
– Sənin üçün dəyərli olan dostunu bu dildə sevindirə bilərsən;
– Uşaqları bu dildə şən sözlərlə güldürə bilərsən;
– Səni öyrədən müəlliminə təşəkkürünü ən dərin şəkildə ifadə edə bilərsən.

Ədəbiyyat müəllimi olmaq, həyatın gözəlliklərini görmək, obrazlarla düşünmək, insanlara fərqli baxış bucağı qazandırmaq deməkdir. Bu peşə vətən sevgisini ən ülvi cümlələrlə şagirdlərə çatdırmaq, ədəb və kamalın insanı zirvəyə aparan əsas dəyərlər olduğunu dərk etdirməkdir. İnsan məqama yalnız ağlı və kamalı ilə yüksələ bilər.

Ədəbiyyat müəllimi olmaq, qəlblərdə roman kimi oxunmaqdır. Mən müəllim ömrünü yanan şamın ömrü ilə bərabər tuturam. Yandıqca ətrafına nur saçırsan, çıraqban olursan. Dahi şairimiz Bəxtiyar Vahabzadənin dediyi kimi:

Yaşamaq yanmaqdır, yanasan gərək
Həyatın mənası yalnız ondadır.
Şam əgər yanmırsa, yaşamır demək,
Onun da həyatı yanmağındadır.

Yəni bizim müəllim ömrümüz, şagirdlərimiz üçün nə qədər yanıb yaşaya bilməyimizdədir…

 

Boş vaxtlarımda şeir,hekayə yazmaqla məşğul oluram.
 

Şeirlərimdən birini sizlərə təqdim edirəm:


Qarabağ əmanət sənə Əsgərim!

Payızı sevərdim uşaqlığımdan
Yağış damcısıyla rəqs eləyəndə
Payızı sevərdim şıltaqlığımdan
Qızıl yarpaqlara şeir deyəndən.

Bu payız bir başqa gəldi bizimçün
Bir əsgər atanın gəlişi kimi
Bu payız müjdələr verdi bizimçün
Böyük zirvələrin dönüşü kimi 

Bir ana gözləri yollara baxdı
Bir qızın ürəyi yaman darıxdı
-Ata,vur!kəlməsi ildırım olub.
Soyuq səmaların üzündə çaxdı.

Bu payız cəbhədə qaldı ürəyi.
Əsgər yetişdirən müəllimlərin
Bu payız yerindən oynadı qəlbi
Qisas çağırışlı mərd ərənlərin.

Səngərdə Vətəni qoruyan qardaş
Hamımız əsgərik sənə dayağıq 
Xalqımı həsrətdən qurtaran qardaş
Xarıbülbülümlə qayıdacağıq!

Bu payız yağışı,qürur göz yaşı
Axıb tökülürdü şəhid qəbrinə
Bu mənim xalqımın bir haqq savaşı
Zəfərlər gətirsin əsgər evinə!

Qoy Tanrı qorusun Səni Əsgərim
Şərəfli tarixi qanınla yazdın.
Sənsən ümid yerim,tutacaq yerim
Üçrəngli bayrağı zirvəyə sancdın.

Firuzə bir çələng hörüm ,göndərim
Ətirli güllərdən dərim, göndərim
Payız yağışına sərim göndərim
Sənsən əmanətim Vətənə mənim
Qarabağ Əmanət Sənə Əsgərim!!

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox