Bu gün bəzi məktəblərdə "Məktəblinin dostu" layihəsi həyata keçirilir. Lakin bir çox insanlar hələ də bu layihənin mahiyyəti və məqsədi barədə kifayət qədər məlumata sahib deyillər.
Ümumiyyətlə, "Məktəblinin dostu" kimdir və hansı funksiyaları yerinə yetirir?
Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Əmrah Həsənli danışıb.
Onun fikrincə, “Məktəblinin dostu” funksiyasının olması, ümumilikdə təhsil sisteminin humanistləşməsinə və təhlükəsizlik baxımından dayanıqlı strukturun formalaşmasına müsbət təsir göstərə bilər:
"“Məktəblinin dostu” layihəsi məktəblərdə psixoloji təhlükəsizliyin təmin olunması, şagird-müəllim-valideyn üçbucağında sağlam ünsiyyətin qurulması və maarifləndirici fəaliyyətlərin aparılması baxımından olduqca vacib bir təşəbbüsdür. Bu layihə məktəb mühitində yalnız tədris deyil, həm də şagirdlərin sosial və emosional rifahının qorunması üçün nəzərdə tutulmuş mütərəqqi yanaşmalardan biridir”.
“Layihənin əsas mahiyyəti ondan ibarətdir ki, “Məktəblinin dostu” məktəbdə şagirdlərin yanında olan, onları dinləyən, ehtiyac olduqda ilkin psixoloji və sosial dəstək göstərən bir şəxs kimi fəaliyyət göstərir”, deyə ekspert qeyd edib:
“Bu, məktəb daxilində bir növ güvən mühiti formalaşdırır və tərbiyəvi prosesə dəstəyi artırır. Hazırda layihə yalnız müəyyən məktəblərdə tətbiq olunur. Lakin düşünürəm ki, növbəti illərdə bu təşəbbüs ölkənin bütün məktəblərinə şamil edilməlidir. Bu həm regionlar üzrə bərabər imkanların yaradılması baxımından, həm də təhsilin keyfiyyətinə sosial baxımdan dəstək məqsədi ilə çox vacibdir. Hər bir məktəbdə “Məktəblinin dostu” funksiyasının olması, ümumilikdə təhsil sisteminin humanistləşməsinə və təhlükəsizlik baxımından dayanıqlı strukturun formalaşmasına müsbət təsir göstərə bilər”.