Şagird məktəbə nəsə əldə etmək ümidi ilə gəlir. Əgər oradan heç nə qazanmadığını hiss edərsə, məktəbə ya məcburiyyətdən, ya da vaxt keçirmək üçün gəlir.
Bu gün valideynlərin əksəriyyəti məktəbin təqdim etdiyi pulsuz təhsildən imtina edərək, övladlarını repetitorlara yönləndirirlər. Onlar ya məktəbdəki tədris səviyyəsini yetərli hesab etmirlər, ya da əlavə hazırlığın daha yüksək nəticələrə gətirib çıxaracağına inanırlar.
Maraqlıdır: repetitor yanına getmək artıq bir dəbə, populyarlıq göstəricisinə çevrilib, yoxsa bu, real ehtiyacdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, repetitor hazırlığına üz tutanların nəticələrinin yüksək olması bu fəaliyyətin sadəcə ənənə yox, ehtiyac əsasında formalaşdığını göstərir:
“Repetitorluq fəaliyyətini cəmiyyət özü formalaşdırır. Bu fəaliyyət sovet dövründə də mövcud olub və gələcəkdə də davam edəcək. Təhsil sistemimiz nə qədər yaxşı olsa belə, repetitorluq yenə də qalacaq. Çünki bu, fərdi bir xidmət sahəsidir. Repetitor vergisini ödəməklə və qanunlara riayət etməklə tam hüquqi şəkildə fəaliyyət göstərə bilər. Bu baxımdan burada hər hansı problemli məqam yoxdur".
Ekspertin fikrincə, repetitor hazırlığı olmasa, abituriyentlərin ali məktəblərə qəbul səviyyəsi ciddi şəkildə aşağı düşə bilər:
“Bu gün ali məktəblərə qəbulda əldə olunan uğurların səbəblərindən biri də repetitor hazırlığıdır. Hazırda yuxarı sinif şagirdlərinin ümumtəhsil məktəblərindən yetərincə faydalandığını demək çətindir. Orta məktəblərin tədris proqramları ali məktəblərə qəbul imtahanlarında tələb olunan bilikləri əhatə etmir. Buna görə də şagirdlər repetitorlara və hazırlıq kurslarına üz tutur".
Ramin Nurəliyev əlavə edib ki, yuxarı sinif şagirdləri ali məktəbə qəbul istiqamətində çalışırlarsa, bu istiqamətdə onlara dəstək göstərilməlidir:
“Əgər onların arzularına uyğun bir təhsil sistemi formalaşdırılsa, yuxarı sinif şagirdlərinin məktəbə davamiyyəti də artar. Çünki şagird məktəbə nəsə əldə etmək ümidi ilə gəlir. Əgər oradan heç nə qazanmadığını hiss edərsə, məktəbə ya məcburiyyətdən, ya da vaxt keçirmək üçün gəlir".
Ekspert bu vəziyyətin əsas səbəblərini belə izah edib:
“Yuxarı sinif şagirdi məktəbə niyə inansın? Məktəbdə keçirilən material onu qane etmir. Çünki universitetə qəbul imtahanlarında həmin mövzuların cəmi 5-6%-i əhatə olunur. Belə olan halda, bu şagird məktəbə niyə getsin? Bu gün yüksək nəticə əldə edən abituriyentlərin 95%-i repetitor yanına gedir. Bu isə onu göstərir ki, repetitor hazırlığı bir ənənədən çox, real ehtiyacdır".