Bildiyimiz kimi, bir neçə gün əvvəl II və III ixtisas qrupları üzrə birinci cəhd qəbul imtahanı keçirildi. İmtahandan dərhal sonra III qrup abituriyentlərinin əksəriyyəti tarix fənninin suallarının çətin və mürəkkəb olduğunu bildirərək sosial şəbəkələrdə narazılıqlarını ifadə etdilər. Qısa müddət ərzində bu məsələ geniş müzakirə mövzusuna çevrildi.
Bəs, doğrudanmı sualların səviyyəsi yüksək və mürəkkəb idi?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən tarix müəllimi, “Örnək müəllim” tituluna layiq görülmüş Afət Balaqardaşova bildirib ki, nəticələrin aşağı olmasının əsas səbəblərindən biri abituriyentlərin digər fənlərə, xüsusilə də buraxılış fənlərinə daha çox diqqət yetirməsidir:
Abituriyentlər qəbula deyil, buraxılış fənlərinə ciddi hazırlaşır
“Birincisi, suallar elə də çətin deyildi. Əgər çətinlik dərəcəsini 10 ballıq sistemlə qiymətləndirsək, təxminən 6 bal səviyyəsində idi. Nəticələrin aşağı olmasının əsas səbəblərindən biri odur ki, abituriyentlər digər fənlərə, xüsusilə də buraxılış fənlərinə üstünlük verirlər. Tarix fənninə isə nə kurslarda, nə də məktəbdə yetərincə ciddi və məsuliyyətli yanaşılmır. Bu da, təbii olaraq, nəticələrə mənfi təsir göstərir".
Buraxılış imtahanlarına tarix fənni də əlavə edilsin
Afət Balaqardaşova həmçinin təklif edib ki, tarix fənni buraxılış fənləri sırasına daxil edilsin:
“Bir müəllim olaraq təklif edirəm ki, buraxılış fənləri sırasına tarix də əlavə edilsin. Çünki bu fənn bizim tariximizi, mədəniyyətimizi, bir sözlə, milli kimliyimizi əks etdirir".