Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar bu gün keçirilən mətbuat konfransında təhsil ekspertlərini sərt tənqid edib.
Özlərini ekspert kimi tanıdan və sosial şəbəkədə çıxış edən təhsil "ekspert"lərinin artmasının səbəbi sizcə nələrdir? Valideynlərin və təhsilalanların bu şəxslərə inanmaması üçün nə kimi tədbirlər görülə bilər? Ümumiyyətlə, bu artımın səbəbi ekspert qıtlığı ola bilərmi?
Bu barədə AzEdu.az-a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bildirib ki, Məleykə xanım Abbaszadənin təhsil ekspertləri ilə bağlı söylədiyi fikirdə söhbət medianın da müsbət qarşılayaraq tanıdığı, təhsillə bağlı mütəmadi və əsaslı fikir bildirən şəxslərdən getmir.
Onun sözlərinə görə, söhbət daha çox TikTok, Instagram və YouTube kimi sosial platformalarda hesab açaraq yalnız təhsil xidmətləri adı altında fəaliyyət göstərən, lakin əslində müxtəlif manipulyasiyalar edən şəxslərdən gedir:
“Əmin olun ki, bu insanların əksəriyyətini biz tanımırıq. Hər gün onların sayı daha da artır. Təsəvvür edin, bu şəxslər ümumi təhsil prosedurlarından tamamilə kənardadırlar. Təhsil gündəmini izləmirlər. Təhsilə dair anlayış və baxışları demək olar ki, yoxdur. Lakin fəaliyyətlərini ixtisas seçimi və təhsillə bağlı texniki dəstək üzərində quraraq özlərini “təhsil eksperti” kimi təqdim etməyə və bu adla cəmiyyətə “sırımağa” çalışırlar”.
Ekspert problemin səbəbini bəzilərinin "TikTok" və "Instagram" səhifələri vasitəsilə böyük izləyici sayı qazanmasında görür. Aid olduqları səhifələrin və qrupların miqyası genişləndikcə onlara etibar edənlərin də sayı artır:
“Bu insanlar sonradan “təhsil eksperti” adı ilə valideynlərə, abituriyentlərə, müəllimlərə müəyyən şəkildə təzyiq və istiqamət verməyə çalışırlar. Məsələn, deyirlər ki, ixtisas seçimi mütləq belə seçilməlidir. Baxın, mən təhsilin içində olan biri kimi bilirəm ki, bu, bir neçə detalı səhv deyir Amma sadə bir valideyn bunu başa düşmür. O, bunu bilməyə borclu da deyil, çünki hər kəsin öz işi var. Həmin valideynin həyatını biz bilə bilmərik, bizim içində olduğumuz təhsil məsələsini isə o anlaya bilməz. Təəssüf ki, bu şəxsləri mən “təhsil işbazları” adlandırıram. Onlar sadəcə təhsil eksperti adı ilə cəmiyyətə çıxan fürsətçil insanlardır”.
Bəzilərinin repetitor fəaliyyəti ilə də məşğul olduqlarını bildirib:
“Görürlər ki, uşaqların timsalında, ətraf mühitə nəzər salanda bu sahədə fəaliyyət gəlirli ola bilər və ona görə də bu işə girişirlər”.
Ekspert jurnalistlərə səslənib:
“Mən media nümayəndələrinə, jurnalist dostlarımdan, çox hörmət etdiyim şəxslərdən xahiş edirəm. Bu cür insanları “ekspert” adı ilə cəmiyyətə tanıtmasınlar. Bu şəxslər üçün auditoriyanı genişləndirmək çox vacibdir. Onların əksəriyyəti bazar təfəkkürlü insanlardır. Məsələn, imtahanların yaxınlaşdığı bu dövr onlar üçün artıq “sezonun başlanması”dır. Onlar sosial platformalarda aktivliklərini artırmaqla yanaşı, mediada da yer almağa çalışırlar.
Bəziləri özləri media orqanlarına müraciət edir, bəziləri isə müxtəlif manipulyativ yollarla gündəmə gəlmək üçün cəhdlər göstərirlər. Mən bir daha xahiş edirəm bu cür şəxslərə peşəkar təhsil mütəxəssisi kimi yanaşmağa ehtiyac yoxdur”.
Ölkədə çox yaxşı, peşəkar təhsil mütəxəssisləri olduğunu qeyd edən ekspert onların istənilən mövzu üzrə əsaslı və dolğun fikirlər söyləyə bildiyini vurğulayıb:
“Bu, kiminsə işinə müdaxilə deyil, kiməsə məsləhət və ya göstəriş deyil. Bu, sadəcə mənim vətəndaş kimi xahişimdir. Bu gün mənim rayonda yaşayan bir qohumum belə saxta “ekspertlər”in yaydığı dezinformasiyadan narahat olub, mənə zəng edib. Biz dəfələrlə bu kimi halların şahidi olmuşuq. Ona görə bu məsələlər ciddiyə alınmalı, bu cür halların qarşısı alınmalıdır. Mən Məleykə xanım Abbaszadənin bu məsələni qaldırmasını tam dəstəkləyirəm. Bir daha vurğulayıram: o bu fikirləri konkret, tanınmış mütəxəssislərə yox, bu sahədə peşəkar olmayan, amma özünü “ekspert” kimi təqdim edənlərə yönəldib”.
Zeynəb Rzayeva