"Qəribə vəziyyət yaranıb. Blogger, ssenarist, aktyor, rejissor və s. heç yerdən, heç kimdən icazə almadan dövlət təhsil müəssisəsinə yaxınlaşır ki, bəs çəkiliş edəcəyik".
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib.
Ekspertin sözlərinə görə, məktəbdə film çəkmək bütün tədris prosesinin pozulmasına səbəb olur:
"Vətəndaş, bura dövlət təhsil müəssisəsidir. Film çəkilişləri üçün məkan deyil. Ölkə vətəndaşlarının təhsil hüququnu niyə pozursunuz? Tədris prosesinin gedişatına niyə maneə yaradırsınız? Hərə əl-qolunu sallayaraq çəkilin çəkiliş edirik deyib nə təhsil müəssisəsinə, nə də auditoriyaya daxil ola bilər. Belə çəkilişlər üçün özəl təhsil müəssisələrinə müraciət edin. Onlar razılıq verərsə, orada çəkiliş edin. Bu da alınmazsa, hər hansısa bir obyektdə sinif və ya məktəb görüntüsü yaratmaq o qədər də çətin olmamalıdır.
Məktəbin adı üzərindədir, təhsil ocağı. Məktəb çəkiliş poliqonu deyil. Özünə aktyor, mədəniyyət işçisi deyən adam da bunu anlamırsa, daha nə deyəsən.
Bəzən məktəbdən gözləntilər, tələblər əndazəni aşır. Bu aktyor film çəkirsə, buyursun özəl sahədən yer kirayələsin, çəksin. Məktəbdə film çəkmək bütün tədris prosesinin pozulmasına səbəb olur. Belə olanda hamı məktəbi qınayacaq ki, niyə icazə vermisən?! Əvvəlki dövrlərdə məktəblərdə çəkilən bəzi filmlər və ya fraqmentlər cəmiyyət tərəfindən etirazla qarşılanmışdı.
Mədəniyyət sahəsində çalışan adam da bunu yaxşı bilməlidir ki, onun hansısa serial çəkilişinə görə minlərlə şagirdin təhsil hüquqlarını pozmaq olmaz".
Qeyd edək ki, aktyor Cavidan Novruz sözügedən mövzu ilə bağlı paylaşım edib. Belə ki, aktyor məktəbdə çəkiliş edə bilmədiyi üçün gileylənib. O, bildirib ki, çəkliş üçün ərizə yazıb icazə almağı tələb ediblər.
Xatırladaq ki, təhsil ocaqlarında çəkilişlərin aparılması üçün Bakı Şəhər Təhsil İdarəsindən icazə alınmalıdır.