Xəbər verdiyimiz kimi, AzEdu.az Təhsil Portalı və "Azərbaycan müəllimi" qəzetinin birgə təşkilatçılığı ilə keçirilən “İlin gənc müəllimi - 2024” müsabiqəsi üzrə seçilən “TOP-100” müəllimin siyahısı ictimaiyyətə açıqlanıb.
Müsabiqənin II mərhələsinin sonunda 50 müəllimin siyahısı elan olunacaq. Bu siyahının 27 may 2025-ci il tarixində açıqlanması nəzərdə tutulur.
Xatırladaq ki, sonuncu mərhələdə iştirak etmək üçün seçilən 50 müəllimin hər biri ilə onlayn formatda fərdi müsahibələr aparılacaq.
III mərhələdə isə yalnız 10 müəllim finala yüksələcək. Finalçıların qiymətləndirilməsi üç komponent üzrə aparılacaq:
- 10 bal müsahibəyə əsasən;
- 20 bal onlayn səsvermənin nəticələrinə görə,
- 70 bal isə nüfuzlu elm və təhsil xadimlərindən ibarət komissiyanın qiymətləndirməsinə əsasən veriləcək.
Qeyd edək ki, “İlin gənc müəllimi - 2024” layihəsi gənc müəllimlərin peşəkar fəaliyyətini təşviq etmək, onların uğurlarını geniş ictimaiyyətə tanıtmaq və təhsildə müsbət nümunələri önə çıxarmaq məqsədi daşıyır.