Azedu.az

Sertifikasiya: Kəsilən müəllimlərə 2-ci şans verilməsi ləğv edilməlidir?

Məktəblər

Sertifikasiya

Müəllimlər və elm adamları

20 May 2025, 11:24
Sertifikasiya: Kəsilən müəllimlərə 2-ci şans verilməsi ləğv edilməlidir?

Sertifikasiya imtahanının müəllimlərin bilik və bacarıqlarının yoxlanılmasında müstəsna rolu var. Lakin imtahan verənlər içərisində təəssüf ki, uğur qazana bilməyən müəllimlər də yer alır. Hətta bəzən həmin müəllimlərə 2-ci şansın verilməsinə baxmyaraq yenə də imtahandan uğur əldə edə bilmirlər.

 

Maraqlıdır, uğur qazana bilməyən müəllimlər üçün 2-ci şans ləğv edilə bilərmi?

 

Mövzu ilə bağlı AzEdu.az- a açıqlama verən təhsil eksperti Elçin (Əfəndi) Əfəndiyev qeyd edib ki sertifikasiya prosesinin mahiyyəti ondan ibarətdir ki, ümumi təhsil prosesində yüksək bilik və bacarıqlara sahib təhsilverənləri formalaşdırmaqdır:

 

"Əlbəttə ki, sertifikasiya prosesinin keçirilməsi ilə bağlı indiyə qədərki mərhələlərdə müşahidə etdiyimiz odur ki, birinci cəhddə uğur qazanmayanlar növbəti cəhddə özlərini inkişaf etdirərək prosesdən keçə bilirlər. Amma bir çox hallarda, baxmayaraq ki, müəllimlərə iki dəfə şans verilir, bu şansların heç birini dəyərləndirə bilməyərək prosesdən kənarda qalan kifayət qədər müəllimlə də qarşılaşmışıq. Bu il isə düşünürəm ki, ilk dəfə imtahan verəcək müəllimlər digər fənn müəllimləri ilə müqayisədə (hansı ki, indiyə qədər sertifikasiya prosesinə cəlb olunmuşdular) daha yaxşı nəticə göstərə bilərlər. Çünki həmin müəllimlərin hazırlıq üçün kifayət qədər vaxtları olub.

 

Qaldı ki, bir namizədə iki şansın verilməməsi məsələsinə, düşünürəm ki, bu, hələlik ilkin mərhələdə belə qərarlaşdırılıb. Fikrimcə, ilkin mərhələlər başa çatdıqdan sonra, növbəti dövrlərdə xüsusilə ibtidai sinif müəllimləri üçün sertifikasiya prosesi zamanı artıq ikinci şansın verilməməsi daha məqsədəuyğun olar. Düşünürəm ki, həmin mərhələdən etibarən bu qərarın tətbiqi daha məntiqli olar.

 

Lakin hazırda bu istiqamətdə ilk dəfə imtahan verənləri nəzərə alaraq bir qədər daha humanist davranmaq və ikinci şansı tanımaq doğru qərar kimi görünür. Hesab edirəm ki, bu qərarı düzgün və yerində hesab etmək olar. Düzdür, əslində birinci cəhddən keçə bilməyənlərin müsabiqədən kənarda saxlanılması daha sərt və obyektiv yanaşma ola bilərdi. Amma digər tərəfdən nəzərə alsaq ki, bu müəllimlər ilk dəfə bu formatda imtahan verirlər, o zaman bu mərhələdə onlara qarşı humanist yanaşmaq vacibdir. Lakin birinci mərhələ başa çatdıqdan sonra və növbəti beş il ərzində yenidən sertifikasiya üçün imtahana girən müəllimlərə artıq ikinci cəhdin verilməsinin tərəfdarı deyiləm. Düşünürəm ki, gələcəkdə Nazirlər Kabineti də bu istiqamətdə qərar qəbul edəcək və təkrar sertifikatlaşdırma yalnız bir dəfə həyata keçiriləcək".

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox