Azedu.az

Kiçik imtahan, böyük stress: Monitorinq imtahanını travmaya çevirməyin!

Məktəblər

Şagirdlər

20 May 2025, 10:14
Kiçik imtahan, böyük stress: Monitorinq imtahanını travmaya çevirməyin!

Monitorinq imtahanları şagirdin gələcək təhsilini müəyyənləşdirmir, illik və yarımillik qiymətlərə təsir etmir, attestata yazılmır, heç bir hüquqi nəticə doğurmur. Amma buna baxmayaraq, bir çox valideyn və müəllim bu imtahanı həyat-memat məsələsinə çevirir, uşaqları sanki buraxılış və qəbul imtahanına gedirmiş kimi stress altında saxlayır. Bu, nə pedaqoji, nə də psixoloji baxımdan doğru yanaşma deyil.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov söyləyib.

 

“Valideynin və ya müəllimin vəzifəsi bu tip imtahanların mahiyyətini izah etmək, uşağın özünü daha rahat hiss etməsinə kömək etməkdir. Əksinə, hazırda biz görürük ki, bəzi valideynlər uşaqlarına gecələr testlər etdirir, müəllimlər isə nəticəyə görə təzyiq göstərir, guya bu imtahandan zəif nəticə olsa “məktəb adımız batacaq” düşüncəsi ilə hərəkət edirlər. Halbuki bu yanaşma tamamilə səhvdir. Monitorinq imtahanı məktəb və müəllimi yoxlamır, şagirdi isə heç yox".

 

“Əgər IV və VI sinif şagirdləri artıq bu mərhələdə imtahan adı eşidəndə narahatlıq keçirirsə, səhv yerdəyik”, - deyə ekspert bildirib:

 

“Təhsil sistemində narahatlıq doğurmalı olan da məhz budur: niyə uşaqların yaşına uyğun olmayan qədər məsuliyyət yükləyirik? Niyə bir diaqnostik testə görə uşaqları psixoloji sıxıntıya salırıq?

 

Uşağın stressi onun yaddaşını, özünə inamını, motivasiyasını, məktəbə münasibətini zədələyir. Əgər biz bu cür kiçik imtahanlarda belə uşaqlara yük veririksə, sabah buraxılış və qəbul imtahanlarında onları hansı travmalar gözləyir?

 

Valideyn və müəllim ilk növbədə özü anlayışlı olmalıdır. Təhsil sevgi, dəstək və düzgün yanaşma ilə formalaşır, təzyiq və qorxuyla yox. Monitorinq imtahanına düşmən kimi baxmaq, uşağa sanki mühakiməyə gedirmiş kimi yanaşmaq yalnız onu məktəbdən uzaqlaşdırır. Təhsil sisteminin övladlarını qoruyan deyil, boğan bir sistemə çevrilməsinə yol verməməliyik”.

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox