Azedu.az

Uşaqlarda görmə zəifliyi: İşığa həsrət gələcəyimiz...

Məktəblər

Şagirdlər

16 May 2025, 14:04
Uşaqlarda görmə zəifliyi: İşığa həsrət gələcəyimiz...

Artıq bir neçə ildir ki, uşaqlar arasında eynək taxanların sayında nəzərəçarpacaq qədər artım müşahidə olunur. Bu gün küçədə, məktəblərdə 5-10 il əvvələ nisbətən, daha çox eynəkli uşaqlara rast gəlirik. Mütəxəssislərin fikrincə, bu artımın əsas səbəblərindən biri uşaqların rəqəmsal cihazlara olan marağının artmasıdır. Telefon, planşet və kompüter istifadəsinin çoxalması, uşaqların uzun müddət yaxın məsafəyə baxmalarına səbəb olur ki, bu da göz əzələlərinin yorulmasına və nəticədə görmə zəifliyinə gətirib çıxarır.  Uzun müddət kompyuter ekranına baxmaq göz əzələlərini yorur, bu da bulanıq görmə, baş və göz ağrısı ilə nəticələnir. Ekrana baxarkən göz qırpma sayı azalır, bu da gözlərin qurumasına gətirib çıxarır.

 

Müasir təhsil metodları və dərs yükünün artması uşaqların uzun müddət yaxın məsafəyə diqqətlə baxmasına səbəb olur.  Bu zaman da göz əzələlərinin gərginliyi və görmə problemlərinin yaranması baş verir. Göz əzələlərinin davamlı olaraq yaxın məsafəyə fokuslanması görmə zəifliyinin inkişafına şərait yaradır. Eynəkli uşaqların sayının artmasının digər səbəbləri arasında düzgün işıqlandırılmayan sinif otaqları, uşaqların düzgün oturuş vərdişlərinin olmaması göstərilir.  Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2050-ci ilə qədər dünya əhalisinin yarısı miyopiya ilə üzləşə bilər.  Bu da qlobal görmə epidemiyası ilə nəticələnə bilər.

 

Ölkənin bəzi məktəblərində sinif otaqlarının işıqlandırılması ilə bağlı problemlər müşahidə olunur. Bu, həm şagirdlərin görmə qabiliyyətinə, həm də ümumi tədris prosesinə mənfi təsir göstərir. Bir çox sinif otaqlarında pəncərələrin ölçüsü kiçikdir və ya düzgün istiqamətə baxmır, bu da gün işığından tam yararlanmağa imkan vermir. Sinifin  işıqlandırılmasında köhnə tip lampalardan istifadə edilir, işıq bərabər paylanmır və sinifin hər tərəfinə eyni səviyyədə işıq düşmür. Sinif otaqlarında qənaət məqsədilə gücü aşağı olan lampalar quraşdırılır ki, bu da şagirdlərin dərs zamanı gözlərinin yormasına səbəb olur. Lampaların tez-tez sıradan çıxması və vaxtında dəyişdirilməməsi nəticəsində də sinif düzgün işıqlandırılmır. Doğru olmayan oturuş formaları da gözlərin yüklənməsinə səbəb olur. Düzgün oturmamaq, təkcə onurğa və bədən duruşuna deyil, göz sağlamlığına da mənfi təsir göstərir. Sinifdə  lövhəyə uzaq oturmaq gözləri zəiflədir. Uşaq mətni və ya lövhəni aydın görmək üçün önə əyildikdə gözlər həddindən artıq yüklənir. Bu, miopiyanın inkişafına səbəb olur. Lövhəyə, kitab və dəftərə kənardan və ya əyilərək baxmaq gözlərdə asimmetrik yüklənmə yaradır. Bu vəziyyət zamanla ikili görmə, göz ağrısı və yorğunluq kimi şikayətlərə səbəb olur. Əyri oturanda işıq düzgün düşmür, bu da kontrastın azalması və görmənin çətinləşməsi ilə nəticələnir.

 

Uşaqların göz sağlamlığını qorumaq üçün mütəmadi olaraq göz müayinələrindən keçmələri tövsiyə olunur. Erkən mərhələdə aşkar edilən görmə problemləri, daha ciddi fəsadların qarşısını almağa kömək edə bilər.

 

Həkim-oftalmoloq Sevinc Quliyeva deyir ki, əvvəl bir sinifdə cəmi bir-iki uşaq eynək taxırdı. Zəif görən uşaqların sayı az idi. Ancaq bu gün hər sinifdə 10-15 uşaq eynək taxır. Uşaqlarda əsas problem görmə ilə bağlı olur. Görmə zəifliyi, hipermetropiyalar, miyopiyalar, astiqmatizmlər və bunun nəticəsində yaranan digər xəstəliklər:  “Əsasən yuxarı sinifdə oxuyan 9 və 11-ci sinif şagirdləri arasında hər il eynəkli uşaqların sayı artır. Aşağı siniflərdə təhsil alanlar arasında da eynək taxanların sayı az deyil. Demək olar ki, siniflərdə getdikcə normal görmə qabiliyyəti olan uşaqların sayı azalır. Demək olar ki, bir sinifdə yalnız bir neçə uşağın görmə qabiliyyəti normaldır. Yerdə qalanlarında isə miyopiya problemi var. Yəni onlar uzaq məsafədəki obyektləri aydın görə bilmirlər.

 

Məktəbdə dərs yükünün çox olması səbəbindən uşaqlar gec saatlara qədər çalışır. Bu da orqanizmin, xüsusən də gözlərin həddən artıq yüklənməsinə və nəticədə  görmə ilə bağlı problemlərin ortaya çıxmasına səbəb olur”.

 

Həkimin sözlərinə əsasən, təmiz havada çox olan uşaqların görmə qabiliyyəti digər uşaqlara nisbətən daha yaxşı olur. Bunun da səbəbi onunla izah edilir ki, təmiz havada oksigen buynuz qişanın üstünə daha çox diffuziya olunur. Yəni gözün ön hissəsi oksigenlə daha çox qidalandığı üçün uşaqlarda görmə patologiyası ev şəraitində, yaxud şəhərdə yaşayan uşaqlara nisbətən daha yaxşı olur: “Evin, sinif otaqlarının havalandırılmasına diqqət yetirmək vacibdir.  Uşaqların qapalı mühitdə daha çox vaxt keçirməsi, günəş işığı görməməsi göz sağlamlığına mənfi təsir edir. Tədqiqatlar göstərir ki, açıq havada daha çox vaxt keçirmək miyopiyanın inkişafının qarşısını alır”.

 

Sevinc Quliyeva uşaqların planşetlə, telefonla oynamasını düzgün saymır: “Həm uşağın, həm də  böyüyün gözü gün ərzində yaxına və uzağa fiksasiya olmalıdır. Amma uzun müddət yaxına fiksasiya olunan əzələ, bu ağır yükü qaldırmır və sonradan uzaq məsafəyə fiksasiya olunmada çətinlik yaranır. Bu vərdiş, problem olmayan gözdə belə, bir müddət sonra patologiya yaradır.  Məktəb proqramlarının, dərs yükünün ağır olması, elektron variantda kitablardan istifadəsi, dərslərin onlayn formada tətbiq edilməsi, elektron cihazlardan istifadənin artması, texnologiyanın inkişafı bunun əsas səbəbləridir. Əvvəllər uşaqlar asudə vaxtlarında kitab oxumağa, oynamağa sərf edirdilər, indi onlar internetdə daha çox vaxt keçirirlər. İnformasiyanı belə elektron cihazlardan əldə edirlər. Bu  problemlərin çoxu əsasən bununla əlaqəlidir”.

 

Həkimin sözlərinə görə,  məktəb yaşlı uşaqların uzun müddət yaxın məsafəyə baxmaları, məsələn, kitab oxuma, yazı yazma və ya ekrana baxma zamanı, göz əzələlərinin gərginləşməsi nəticəsində görmə qabiliyyətinin zəifləməsi baş verir. Bu vəziyyət, yaxın görmə problemləri, miyopiya (uzağı görməmək) və astiqmatizm kimi xəstəliklərin inkişafına şərait yaradır:

 

“Məktəblərdə dərs rejimi çox ağırdır, sinif otaqlarında işıqlandırma ilə yanaşı partaların düzülüşü də bəzən düzgün olmur. Həmçinin uşaqlar gün ərzində daha çox telefon və planşetə yaxın məsafədən baxırlar. Yaxın məsafəyə baxmaq göz əzələlərinin spazmına gətirib çıxarır. Göz yaxını yaxşı görməyə başlayır, uzağı görmə mənfiləşir. Uşaqda gözün mənfiliyə meyilliliyinə genetik faktor da təsir edir, mənfiləşməyə, spazmın proqressivləşməsinə gətirib çıxarır. Həqiqətən də yaxşı oxuyan uşaqlarda eynək taxma halı daha çoxdur. Çünki onlar dərs çalışarkən bütün günü yaxına baxırlar. Uşaqların dərsdən sonra da televizora, kompüter və telefonlarla vaxt keçirmələri göz əzələləri üçün əlavə stressdir. Ona görə də inanılmaz dərəcədə mənfiləşmə gedir. Görmə problemi olan uşaqlar üçün dərs oxumaq bir yükə çevrilə bilər.  Bu səbəbdən, uşaqların görmə qabiliyyətinin qorunması üçün mütəmadi göz müayinələrindən keçməsi, dərs zamanı düzgün işıqlandırma və düzgün oturuş vərdişlərinə riayət etməsi vacibdir. Ümumiyyətlə, uşaqların dərs yükünün balanslaşdırılması, mütəmadi fasilələr verilməsi və açıq havada fiziki fəaliyyətə təşviq edilməsi onların ümumi sağlamlığı, göz sağlamlığı üçün faydalıdır”.

 

Oftalmoloq qeyd edib ki, görmə ölçülərinin artmaması üçün profilaktik tədbirlərin görülməsi vacibdir: “Uşağın dərsdən gələndən sonra iki saat açıq havada olmasına şərait yaratmaq lazımdır. Uzağa baxsınlar, evdə yaxına baxmaq olmaz. Bu, göz əzələlərinin spazmını aradan qaldırmaq üçündür. İkincisi, qidalanmaya fikir verməliyik. Tərkibində müxtəlif fermentlər olan qidalanma olmalıdır. Hər bir maddənin qida rasionumuzda olmasına çalışmalıyıq. Həftədə iki dəfə uşaq balıq yeməli, meyvə-tərəvəzlərdən istifadə olunmalıdır. Kahı və ispanaq kimi tərəvəzlər. Balığın özü ilə yanaşı, yağı da faydalıdır. İdman mütləqdir və əvəzolunmazdır. Uşaqların həyətə çıxarılması çox yaxşıdır. Təmiz hava, oksigen əzələlərin qidalanmasına gətirib çıxarır, uzağa baxma əzələ spazmını aradan götürür. Gözündə zəiflik olan uşaqları bəzən idmandan uzaq tuturlar. Amma "eynək taxırsa, idmandan uzaq olmalıdır" fikri yalnışdır. Eynək taxan uşağın hətta basketbol oynaması da problem deyil. Evdə uşaqların dərs hazırladıqları yerdə stolüstü lapmalar olmalı, uşağın qaməti düz tutmasına fikir vermək lazımdır. Biz hamımız - oftalmoloq, məktəb və valideyn bir yerdə çalışmalıyıq ki, mənfiləşmə 0,5-0,75 faizdən çox olmasın. Əgər bunları etməsək, mənfilik sürətlə artacaq və uşaqlar şüşəsi qalın eynək taxmaq məcburiyyətində qalacaqlar".

 

Sevinc Quliyeva hesab edir ki, görmə problemi olmadığı halda belə, gözün yaxın və uzağa baxması balansını qorumaq lazımdır: "Uzağa və yaxına, yuxarı və aşağı, sağa-sola baxanda əzələlər idman edir, yığılır-boşalır. Belə bir anlayış var ki, yaxına 3 dəqiqə baxırıqsa, 2 dəqiqə uzağa baxmalıyıq".

 

Həkim vurğulayıb ki, görmə zəifliyi olan uşaqlarda bir sıra əlamətlər müşahidə edilir. Məsələn, gözlərini tez-tez qırpmaq, ovuşdurmaq. Dərsə qarşı diqqətsizlik və tez yorulma. Baş ağrıları, açıq hava və gün işığı çatışmazlığı, düzgün oturuş və ekrana baxış məsafəsinin pozulması. Lövhəyə yaxın, ön sırada oturtmaq. Mətnləri böyüdülmüş formatda təqdim etmək. Elektron dərsliklərdə yazı ölçüsünü artırmaq, dərs zamanı mütəmadi fasilələr vermək lazımdır: “Görmə problemi olan uşaqların dərsdə hansı partada oturması məsələsinə diqqət etməliyik. Əgər uşaq uzağı yaxşı görmürsə, birinci sırada, çəpliyi varsa, orta yerlərdə oturdulmalıdır. Görmə problemi olan uşaqların dərsdə düzgün partada oturdulması onların həm təhsil uğuru, həm də göz sağlamlığı üçün çox vacibdir. Görməsi zəif olan uşaqlar sinif otağında lövhəni daha aydın görə bilmələri üçün ön sıradakı partalarda oturdulmalıdır. Bu, göz gərginliyini azaldır və dərsi daha yaxşı qavramağa imkan verir. Uşağın oturduğu yer lövhənin düz qarşısında və çox kənarda olmamalıdır, çünki bu, baş və göz bucağında gərginlik yarada bilər.  Uşaq gün işığını arxadan almalıdır. Əks halda, parıltı və ya kölgə görməni çətinləşdirə bilər. Otaq yaxşı işıqlandırılmalıdır, xüsusilə payız-qış aylarında süni işıq kifayət qədər olmalıdır. Müəllim, bu cür uşaqlara əlavə diqqət yetirmək üçün onları gözlə əlaqə qura biləcəyi və davranışlarını müşahidə edə biləcəyi yerdə oturtmalıdır”.

 

Nərmin Qarazadə

Bağçalardakı ən ciddi problemlər - Yalançı "özəllər", aldadılan valideynlər
Son xəbərlərDaha çox