Dünyanın müxtəlif regionlarında tətbiq olunan təhsil modelləri Finlandiyanın insan yönümlü təhsil sistemi, Yaponiyanın kollektiv intizam əsaslı yanaşması və Montessori sisteminin fərdi inkişaf fəlsəfəsi uzun illərdir geniş müzakirə olunur.
AzEdu.az-a açıqlama verən Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov bu yanaşmaları müqayisə edərək Azərbaycanın sosial-mədəni kontekstinə hansı modelin daha uyğun olduğunu şərh edib.
Əsədov hesab edir ki, bu modellərin uğuru təkcə PISA nəticələri ilə deyil, eyni zamanda cəmiyyətin dəyərləri və sosial münasibətlər sistemi ilə uyğunluğu ilə müəyyən olunur:
“Hansı modelin daha insani və effektiv olması cəmiyyətin öz dəyərlərindən, öyrənmə vərdişlərindən və sosial münasibətlərindən asılıdır. Amma bəzi ümumi nəticələr çıxarmaq mümkündür. Finlandiya modeli azadlıq və güvən üzərində qurulub. Bu sistemdə müəllimlərə yüksək etimad göstərilir, imtahanlar minimum səviyyədədir, rəqabət yoxdur. Məhz bu atmosfer Finlandiyanın həm insani, həm də effektiv bir sistem qurmasına səbəb olub. 2022-ci il PISA nəticələrində Finlandiyanın nəticələri yüksək idi. Bu uğur ölkədəki sosial bərabərlik və rifah dövləti prinsiplərinə bağlıdır.
Yaponiya modeli isə tam fərqli fəlsəfəyə əsaslanır. Burada fərddən çox, kollektiv məsuliyyət və sinfin birgə davranışı ön plandadır. Şagirdlər məktəbi təmizləyir, qaydalara ciddi riayət edirlər və intizam məktəbdə əsas dəyərdir. Bu yanaşma şagirdlərdə məsuliyyət və ictimai davranış vərdişləri formalaşdırsa da, fərdilik və yaradıcılıq bəzən kölgədə qalır.
Bu model uşağın maraqlarına uyğun, azad və təşəbbüskar şəkildə öyrənməsini dəstəkləyir. Müəllim isə rəhbər yox, müşahidəçidir. Bu sistem yaradıcılığı inkişaf etdirir, amma dövlət təhsil sistemlərində tətbiqi çətindir.
Azərbaycan kontekstinə gəlincə, Kamran Əsədov bildirir ki, bizim cəmiyyət nə Finlandiya qədər liberal, nə də Yaponiya qədər kollektivdir:
“Bizdə müəllim avtoriteti, ailənin güclü rolu və eyni zamanda getdikcə artan fərdilik təbliği var. Bu ikili sistemdə nə tam sərbəstlik, nə də tam intizam uğurlu ola bilər.
Azərbaycan üçün optimal yol balanslı və kontekstual uyğunlaşdırılmış modeldir. Məktəb həm intizamı təmin etməli, həm də uşağın təşəbbüskarlığına, azad ifadəsinə imkan yaratmalıdır. Bu model müəllimə akademik avtoritet verərkən, şagirdə də psixoloji azadlıq tanımalıdır. Bu cür yanaşma nə Qərbin liberal modelini, nə də Şərqin intizamlı sistemini kopyalayır. Bizə lazım olan, hər iki modelin güclü tərəflərini milli-mədəni zəminimizə uyğun şəkildə birləşdirən, sosial ədalətə və psixoloji rifaha əsaslanan, lakin nəticələri də unutmayan keçid modelidir".
O qeyd edir ki, bu yalnız sənədlərlə deyil, həm də müəllim hazırlığı, məktəb idarəetməsi və kurikulum fəlsəfəsinin köklü şəkildə dəyişməsi ilə mümkündür:
“Əgər bu addımlar atılsa, məktəb yenidən cəmiyyətin güvəndiyi bir institut ola bilər".
Zeynəb Rzayeva