Hazırda I sinfə şagird qəbulu zamanı valideynlər övladları üçün məktəb və müəllim seçmək imkanına malikdirlər. Bu, təhsildə fərdiləşdirmə və valideynlərin seçim azadlığı baxımından müsbət addım sayılsa da, praktikada müəyyən çətinliklər ortaya çıxarır.
Valideynlər seçim zamanı müəllimlər haqqında kifayət qədər məlumat əldə edə bilmirlər. Xüsusilə də müəllimlərin MİQ (Müəllimlərin işə qəbulu) imtahanı və sertifikasiya nəticələri valideynlərə açıq şəkildə təqdim edilmir.
Maraqlıdır, valideynlərin I sinfə müəllim seçimi zamanı MİQ və Sertifikasiya nəticələrini görməsi üçün həmin məlumatların şəffaf şəkildə təqdim olunması nə dərəcədə vacibdir və bunun üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) qeyd edib ki, hazırda və bundan əvvəlki dövr ərzində şagirdlərin elektron qaydada yerləşməsi aparılır:
“Bu, ən azı əvvəlki dövrlərlə müqayisədə qarışıqlığın və ya xaotik vəziyyətin qarşısını alır. Lakin bununla bərabər, könül istərdi ki, qeydiyyat zamanı müəllimlərin və yaxud məktəbin uğurlu nəticələri də sistemdə öz əksini tapsın ki, valideynlər qərar verərkən səhvə yol verməsinlər.
Təhsilverənin müəllimlərin işə qəbulu (MİQ), həmçinin sertifikasiyada əldə etdiyi nəticələri, eyni zamanda məktəbin əldə etdiyi uğurları, məzunların göstəriciləri və bu kimi digər informasiyalar qeydiyyat zamanı sistemdə əksini tapsa, valideynlər daha asan və çevik formada qərar verə bilərlər.
Düşünürəm ki, qarşıdakı dövrdə Elm və Təhsil Nazirliyi və müvafiq agentliklər tərəfindən bu məlumatların sistemdə təminatı həyata keçiriləcək. Bununla da valideynlər məktəb və müəllim seçərkən ümumi nəticələri görə biləcəklər. Bəzən valideynlər kor-təbii formada, ətrafın verdiyi qərarın əsasında seçim etməli olurlar. Bu zaman isə prioritet qaydalar pozulur.
Eyni zamanda, gələcəyə baxdıqda, bu hal şəhərdə nəqliyyat hərəkətinə də mənfi təsir edir. Məsələn, vətəndaş Binəqədi rayonunda qeydiyyatdadır, lakin övladını Səbail rayonunda yerləşən, ətrafın tövsiyə etdiyi bir məktəbə qeydiyyatdan keçirmək istəyir. Bu isə həm fiziki yorğunluğa, həm də əlavə yükə səbəb olur.
Bu nöqteyi-nəzərdən, bütün informasiyaların sistemdə əks olunması valideynlərin verəcəyi qərarlara böyük təsir göstərə bilər. Həmçinin, sistemin bu cür şəffaf şəkildə qurulması veriləcək qərarların müsbət nəticələrinə gətirib çıxara bilər”.