Test imtahanı sistemi müəyyən üstünlüklərə malik olsa da, tənqidi düşüncə və praktik bacarıqları tam əhatə etmir. Alternativ yazılı və praktik modellər daha dərin və obyektiv qiymətləndirmə imkanı yarada bilər. Uzunmüddətli dövrdə bu modellərin tətbiqi Azərbaycan təhsilində keyfiyyətin yüksəldilməsinə töhfə verə bilər.
Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı tətbiq olunan test imtahanı sistemi illərdir geniş şəkildə istifadə olunur. Lakin bu modelin gənclərin bilik və bacarıqlarını nə dərəcədə obyektiv qiymətləndirdiyi, yazılı və praktik tapşırıqlara əsaslanan alternativ modelə keçidin zəruriliyi cəmiyyətdə müzakirə mövzusudur.
Mövzu ilə bağlı fikirlərini AzEdu.az-a bölüşən təhsil eksperti Rizvan Fikrətoğlu qeyd edib ki, Azərbaycanda ali məktəblərə qəbul zamanı tətbiq olunan test imtahanı sistemi illərdir mövcuddur və əsasən standartlaşdırılmış, obyektiv və sürətli qiymətləndirmə üstünlüklərinə görə seçilir. Lakin bu sistemin həm müsbət, həm də mənfi tərəfləri var.
Test üsulunun üstünlüklərinə misal olaraq qeyd etmək olar ki, bu yanaşma insan faktorundan asılılığı azaldır və on minlərlə abituriyentin nəticələrinin qısa müddətdə qiymətləndirilməsinə imkan verir. Eyni zamanda, hər kəsə eyni şəraitdə eyni suallar təqdim olunduğundan ədalətlilik prinsipi də təmin olunur.
Bununla belə, test üsulu bəzi çatışmazlıqlarla da müşayiət olunur. Belə ki, bu sistem şagirdləri daha çox məlumatları əzbərləməyə sövq edir, tənqidi düşünmə, analiz və biliklərin tətbiqi bacarıqları isə kölgədə qalır. Nəticədə, “təfəkkür” anlayışı “yaddaş” və “əzbərçilik”lə əvəz olunur ki, bu da ümumi təhsil keyfiyyətinə mənfi təsir göstərə bilər. Üstəlik, özünü ifadə etməkdə çətinlik çəkən şagirdlər test formatında performanslarını tam göstərə bilmədiklərindən real qiymətləndirmə zamanı problemlərlə üzləşə bilirlər".
Ekspert alternativ modelin üstünlüklərinə də toxunub:
“Yazılı modeldə şagirdlərin düşünmə tərzini və ifadə qabiliyyəti daha aydın görmək olur. Çünki praktik tapşırıqlar gələcəkdə lazım olacaq real həyat bacarıqlarını əks etdirə bilər. Düzdür, Dövlət İmtahan Mərkəzi son illərdə yazılı tələb edən suallardan geniş istifadə edir. Bu, nəticələrin gec çıxmasına və insan amilinin rolu əsas olduğu üçün müəyyən narazılıqlara səbəb olur. Biz bunu məhdud çərçivədə keçirilən apellyasiya müraciətlərində də aydın görə bilirik".
R.Fikrətoğlu əlavə edib ki, yazılı və praktik tapşırıqları qiymətləndirmək üçün daha çox müəllim, zaman və maddi-texniki baza tələb olunur və yazılı cavabların subyektiv şəkildə dəyərləndirilməsi riski var:
"Buna baxmayaraq, son illərdə Azərbaycan təhsilində keyfiyyət yönümlü dəyişikliklər, kurikulum islahatları, DİM-in yazılı suallardan istifadə etməsi və PISA kimi beynəlxalq qiymətləndirmələrə qoşulma təcrübəsi göstərir ki, uzunmüddətli perspektivdə bu tip alternativ modellərin tətbiqi mümkündür”, - deyə fikrini yekunlaşdırıb.
Zeynəb Rzayeva