Ölkədə distant təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib.
Bəs, görəsən, yeni dövlət standartının qəbul edilməsi distant təhsilin keyfiyyətinə necə təsir göstərə bilər? Azərbaycanda distant təhsilin inkişafı üçün hansı əlavə addımlar atılmalıdır?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, ali təhsil ixtisaslarının bir qismi distant formada tədris oluna bilər:
“Bu da öz növbəsində ali təhsil müəssisələrində maddi-texniki baza və ya yer tutumu baxımından müəyyən qədər çətinliklərin qarşısını ala bilər. Məsələn, universitetlərin 300-500 nəfərlik plan yeri var idisə və şagirdlər bu yerləri canlı formada doldururdularsa, distant təhsil formasının tətbiqi bu yer problemini ali təhsil müəssisələrində demək olar ki, aradan qaldıracaq.
Bu gün bizim xarici ölkələrdə distant təhsil alanların demək olar ki, hamısının diplomu hazırda bizdə tanınmır. Tanınmamasının səbəbi isə distant təhsilin ölkəmizdə icra edilməməsidir. Əslində distant təhsil qanunvericilikdə mövcuddur. Amma onun icrası olmadığına görə xaricdə distant formada təhsil alanların diplomları tanınmır. Çünki bu sahədə ölkəmizdə ekvivalent yoxdur.
Yəni xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı əsas şərtlərdən biri də həmin ixtisasın və ya tədris sahəsinin ölkəmizdə ekvivalentinin olmasıdır. Əgər ekvivalent yoxdursa, həmin diplom bizdə qətiyyən tanınmır. Distant təhsildə bizdə ekvivalent olmadığı üçün xaricdə əldə edilən distant təhsil diplomlarının tanınmasında gənclərimiz ciddi problemlərlə qarşılaşırlar.
Mən distant təhsili dəstəkləyirəm, amma bütün ixtisaslar üzrə deyil. Bəzi ixtisaslar üzrə distant təhsilin həyata keçirilməsi mümkündür".
“Bütün ixtisaslar üzrə distant təhsilin həyata keçirilməsi doğru olmaz”, - deyə ekspert fikrini davam etdirib:
“Biz bunu beynəlxalq təcrübədə də görürük. Məsələn, tibb təhsili üzrə distant təhsil mümkünsüzdür. Çünki tibb təhsilində praktiki icraat həyata keçirilir. Yəni tələbə mütləq şəkildə nəzəri biliklərlə yanaşı həmin bilikləri praktiki olaraq da tətbiq etməlidir. Lakin distant təhsildə praktiki metod bir qədər çətinlik törətdiyi üçün, məhz tibb və bu sahəyə bənzər bəzi ixtisaslarda - məsələn, müəllimlik ixtisası üzrə - distant təhsilin tərəfdarı deyiləm. Çünki müəllimlik ixtisasında da nəzəri biliklərlə yanaşı, praktiki bacarıqların qazanılması vacib amildir.
Məsələn, kompüter yönümlü ixtisaslarda distant təhsil formasına keçid etmək olar. Bu gün texnologiyalar o qədər inkişaf edib ki, xaricdən belə istənilən kompüterə müdaxilə etmək mümkündür. Əgər xaricdən hibrid formada hər hansı bir kompüter cihazına müdaxilə edilə bilirsə, deməli, distant təhsil formasının da həyata keçirilməsi mümkündür.
Bu gün aqronomluq sahəsi üzrə internetdə kifayət qədər material mövcuddur. Yəni ali təhsil almadan da internet resurslarından istifadə etməklə məlumat əldə etmək olar. Bununla yanaşı, maliyyə və iqtisadiyyat yönümlü ixtisaslarda da distant təhsil formasına keçid mümkündür. Çünki bu sahələr üzrə tədris materialları əsasən Avropa ölkələrindən gəlir".
Həmsöhbətimiz vurğulayıb ki, bəzi gənclərimiz həqiqi hərbi xidmətdən yayınmaq üçün distant təhsilə istiqamətlənirlər:
“Əgər biz distant təhsil formasını ölkəmizdə tətbiq etmək istəyiriksə, burada hansı problemlər ortaya çıxa bilər? Bəzi gənclərimiz həqiqi hərbi xidmətdən yayınmaq üçün distant təhsilə yönəlirlər. Əgər distant təhsili tətbiq etsək, bu sahəyə maraq artacaq. Bu da öz növbəsində gələcəkdə hərbi xidmət sahəsində müəyyən çətinliklərin yaranmasına səbəb ola bilər.
Yaxud distant təhsil formasının tətbiqində bilik mənimsəmə baxımından müəyyən çətinliklərlə qarşılaşa bilərik. Əyani tədris forması qiyabi və ya distant tədris formasına nisbətən daha yüksək savadlılıq səviyyəsini təmin edir. Ali təhsil alan biri ilə qiyabi təhsil alan biri arasında fərq ciddi şəkildə özünü göstərir.
Düşünürəm ki, distant təhsilə tamamilə keçid deyil, bəzi ixtisaslar üzrə distant tədrisin həyata keçirilməsi, həmin ixtisaslarda isə əyani və qiyabi tədris formasının paralel şəkildə davam etdirilməsi mütləqdir. Hər birimiz bilirik ki, distant və ya qiyabi təhsil, əyani təhsil qədər effektiv bilik qazandırmır. Əyani təhsildə həm canlı şəkildə iştirak mümkündür, həm də ixtisasla bağlı praktiki biliklərin mənimsənilməsi daha effektiv olur".