Mayın 1-də Respublika Fənn Olimpiadalarının (RFO) biologiya fənni üzrə praktiki turuna infotur təşkil olunub.
Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
İnfoturda Elm və Təhsil Nazirliyinin rəsmiləri, Təhsil İnstitutunun rəhbərliyi, təhsil ekspertləri və media nümayəndələri iştirak ediblər.
İmtahan prosesini izləyən infotur iştirakçılarına məlumat verilib ki, VIII-XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla ümumilikdə səkkiz fənn üzrə təşkil olunur. Əlavə edilib ki, təbiət fənləri üzrə fənn olimpiadalarının praktiki turlarının təşkili yeni bir prosesdir. Ötən il yalnız fizika fənni üzrə praktiki tur keçirilib. Bu il isə həm fizika, həm də biologiya fənləri üzrə olimpiadanın praktiki mərhələsi təşkil olunub.
Bildirilib ki, informatika fənni üzrə final mərhələ bu il ilk dəfə olaraq iki gün — aprelin 25-i və 26-sı tarixlərində keçirilib. Aşağı yaş qrupu üzrə 107, yuxarı yaş qrupu üzrə isə 95 nəfər imtahanda iştirak edib. Fizika və kimya fənləri üzrə final mərhələ aprelin 28-də baş tutub. Bu mərhələdə fizika fənni üzrə 121, kimya fənni üzrə isə 120 nəfər olmaqla ümumilikdə 241 şagird iştirak edib. Aprelin 29-da isə fizika fənni üzrə praktiki tur keçirilib. Azərbaycan dili və ədəbiyyatı, eləcə də coğrafiya fənləri üzrə Respublika Fənn Olimpiadalarının final mərhələsinin mayın 2-də, riyaziyyat fənni üzrə isə mayın 5-6-da keçirilməsi nəzərdə tutulur.
İnfotur çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, fənn olimpiadalarının keçirilməsində əsas məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.
Fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.