Azedu.az

Psixoloq: “Uşağın uğuru onun psixoloji rahatlığı ilə başlayır”

Məktəblər

İmtahanlar

Psixoloji xidmət

1 May 2025, 15:02
Psixoloq: “Uşağın uğuru onun psixoloji rahatlığı ilə başlayır”

"Əgər bir uşağa yalnız nəticəsinə görə dəyər verilibsə, onun imtahan qorxusu əslində sevgini itirmək qorxusudur".

 

Bu sözləri AzEdu.az-a psixoloq Aydan Məmmədova bildirib.

 

Onun sözlərinə görə, bir abituriyent imtahanda uğursuz olacağına inandığı üçün səhv etməmək qorxusundan cavabları belə yaza bilmir:

 

“Qəbul imtahanı ərəfəsində bir çox abituriyentdə ciddi narahatlıq, özgüvən itkisi və qorxu hissi yaranır. Qeyd etdiyiniz kimi: "Heç nə yaza bilməyəcəyəm", "Hazır deyiləm", "Unudacağam" kimi düşüncələr yalnız adi bir həyəcan deyil, bəzən dərindən gələn bir özünəinam böhranının əlamətidir.


Bu cür düşüncələrin əsas səbəbi imtahanı həyatın “yeganə uğur ölçüsü” kimi görməkdir. Məsələn, bir abituriyent illərlə "yalnız universitetə qəbul olsan, dəyərli olacaqsan" tipli şərti sevgi mesajları alıbsa, imtahan öncəsi təzyiqi və qorxusu daha da güclü olur".

 

Psixoloqun sözlərinə görə, psixoloji baxımdan belə şagirdlərdə təkcə stress deyil, həm də dərin bir özünüqiymətləndirmə problemi formalaşa bilər:

 

“Bu isə onların təkcə imtahan nəticələrinə deyil, ümumi emosional sağlamlıqlarına da mənfi təsir edir. Misal üçün, bir abituriyent imtahanda uğursuz olacağına inandığı üçün səhv etməmək qorxusundan cavabları belə yaza bilmir. Başqa bir şagird isə imtahan salonuna girərkən panik atak keçirə bilər. Bu hallar sadəcə hazırlıq səviyyəsi ilə deyil, daxili psixoloji vəziyyətlə bağlıdır".

 

Psixoloq belə hallarda psixoloji dəstəyin vacibliyindən söz açıb:

 

“Şagirdə stressi idarə etməyi, özünü tanımağı və duyğularını düzgün ifadə etməyi öyrədir. Eyni zamanda təhlükəli qorxu düşüncələrinin yerinə real, motivasiyaedici düşüncələr formalaşdırır. Bu da abituriyentin daxili gücünü tapmasına və itirilmiş inamı bərpa etməsinə şərait yaradır.


Valideynlər bu mərhələdə tənqid və təzyiqdən uzaq durmalı, övladlarına "Nəticə nə olursa olsun, sən bizim üçün dəyərlisən" mesajını verməlidirlər. Əgər narahatlıq çox dərindirsə və gündəlik həyata təsir edirsə, mütləq şəkildə psixoloqa müraciət edilməlidir Unutmayaq ki, bir uşağın uğuru onun psixoloji rahatlığının üzərində qurulub".

OK VİDEO! Rusiya Ukraynada bunu da etdi - Növbəti BİABIRÇILIQ!
Son xəbərlərDaha çox