Azedu.az

İstedadlı tələbələrimizi niyə xaricə "hədiyyə" edirik?

Məktəblər

Müəllimlər və elm adamları

30 Aprel 2025, 16:16
İstedadlı tələbələrimizi niyə xaricə "hədiyyə" edirik?

Son illər gənclərin xarici ölkə universitetlərinə axını müşahidə olunur. Ən çox seçim edilən ölkələr isə Türkiyə, Almaniya, ABŞ, İngiltərə, Kanada, Macarıstandır. Qlobal təhsil imkanları artdıqca, Azərbaycan da daxil olmaqla bir çox ölkədən gənclər xaricdə təhsilə üstünlük verir.

 

Artıq neçə ildir, 600 baldan yuxarı nəticə göstərən gənclərin çoxu xarici universitetlərə üz tuturlar. Dünyanın aparıcı universitetlərində təhsil almaq arzusu, müasir təhsil metodları, texnologiyalar və akademik mühit, praktiki biliklər və elmi araşdırma imkanları, xarici universitetlərdə müasir metodlar, elmi baza, laboratoriyalar, beynəlxalq layihələr, professor heyəti, reytinqlərdə yüksək mövqelər gəncləri xaricə üz tutmağa vadar edən səbəblərdəndir. Xaricdə daha geniş və gəlirli iş imkanları, beynəlxalq təcrübə, öz sahəsində inkişaf etmək, sosial təminatlar mövcuddur ki, bu imkanlar da gəncləri özünə cəlb edir.

 

Azərbaycandan xarici ölkələrə təhsil almağa gedən tələbələrin üç kateqoriyaya bölünür. Birincisi Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda yetərli bal toplamayıb, lakin ali təhsil almaq arzusunda olanlar. Onların sayı hədsiz dərəcədə çoxdur. İkinci kateqoriyaya Azərbaycanda qəbul imtahanlarında yetərli bal toplayıb, lakin qəbul olunduğu ixtisaslar ürəyincə olmayanlar. Yəni universitetin verdiyi təhsil keyfiyyətli olmadığından xarici ölkəyə üz tutan şəxslərdir. Üçüncü kateqoriyaya isə dövlət xətti, təqaüd proqramları ilə xarici ölkələrə göndərilənlər daxildir.

 

2022-ci ildə IV ixtisas qrupu üzrə 700 bal toplayaraq, rekorda imza atan Nigar Ağazadə Azərbaycan universitetlərində təhsil almaqdan imtina etmişdi. Hazırda o, Ankara Universitetinin tibb fakültəsində təhsil alır. Nigar Ağazadə hesab edir ki, Türkiyədə tibb sahəsi çox inkişaf edib və orada təhsil almaq ona çox şey qazandıracaq: “Rezidentura təhsilimi isə Almaniyada davam etdirmək istəyirəm".

 

Hazırda Ankara Universitetində təhsil alan tələbə Mahir Zeynalovun sözlərinə əsasən,  xarici universitetlərdə həm təhsilin keyfiyyəti, həm də inkişaf imkanları daha çoxdur. Bu səbəbdən o, ali təhsilini Türkiyə universitetində almaq qərarını verib: “Orada biliklərimi tətbiq edə, elmi araşdırmalarda iştirak edə və beynəlxalq səviyyədə rəqabət apara bilərəm. Bu, mənim arzularımı reallaşdırmaq üçün bir şansdır. Ölkəmi sevirəm, amma istedadın dəyəri olduğu yerlərdə olmaq istəyirəm. Mən ölkəmi sevirəm. Burada doğulmuşam, böyümüşəm, xəyallarım da burada qurulub. Amma reallıq başqadır. Burada təhsil sistemində hələ də çoxlu problemlər var – yaradıcılığa az dəstək verilir, innovasiyaya açıq qapılar çox deyil. Mən isə yalnız oxumaq yox, həm də araşdırmaq, yaratmaq və inkişaf etdirmək istəyirəm. Xaricdəki universitetlər mənə bu imkanı verir: müasir laboratoriyalar, tədqiqat layihələri, azad fikirli mühit və dünya səviyyəli müəllimlər. Mən sadəcə diplom almağa yox, dünyada iz qoymağa can atıram. İstəyirəm ki, qazandığım biliklərlə bir gün ölkəmə də töhfə verim. Məni "qaçan" kimi yox, "qayıdacaq biri" kimi görsünlər. Mən sadəcə daha güclü qayıtmaq üçün bu gün Ankara Universitetində təhsil alıram”.

 

Kanadanın Vaterloo Universitetinin Biznes Proqramları direktoru, professor İlham Axundovun söylədiyinə görə, Azərbaycandan xaricdə, o cümlədən Kanadada təhsil almaq istəyən gənclərin sayı həddindən artıq çoxdur: “Kanadada “İnsan kapitalı məhsuldarlığı” (İKM) çox yüksək səviyyədədir: “Azərbaycanda isə bu göstərici aşağıdır. Son illər ölkəmizdə yüksək artım templərini və ali təhsil sisteminin əhəmiyyətli dərəcədə genişlənməsini nəzərə alsaq, 58 faiz İKM göstəricisi yetərli sayıla bilməz. Bu, o deməkdir ki, Azərbaycanda anadan olan hər bir sağlam uşaq ən yaxşı təhsil aldığı halda belə, yetkinlik yaşına çatanda 58 faiz məhsuldar ola biləcək. Misal üçün, inkişaf etməkdə olan Polşada bu göstərici 75 faizdir. Hesab edirəm ki, bu məsələyə yenidən baxılmalıdır. Belə olarsa, gənclərimiz xaricdə deyil, öz ölkəmizdə təhsil almağa üstünlük verəcəklər. Digər yandan, xaricə oxumağa gedən məzunlarımız da geri dönəcək və öz dövlətimizə fayda vermiş olacaqlar”.

 

İ.Axundov vurğulayıb ki, təhsil cəmiyyətin strateji sahəsidir və bu sahəyə xüsusi diqqət ayrılmalıdır: “Təsadüfi yerə demirlər ki, təhsili olmayan millətin gələcəyi ola bilməz. Qarşıda bizi yeni dünya düzəni gözləyir. Bu, peşəkarların, intellektli insanların fərqləndiyi bir düzən olacaq. Bu səbəbdən bu dövrə ciddi şəkildə hazırlaşmalıyıq”.

 

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, 15 ildir, qəbul imtahanlarında yüksək nəticə göstərən gənclər xarici universitetlərə axın edir: “Belə parlaq gənclərin çox hissəsi bu gün də, gələcəkdə də xaricə üz tutacaqlar. Bunun qarşısını yalnız bir yolla almaq olar. Onlara beynəlxalq səviyyəli yüksək ali təhsil vermək və universiteti bitirdikdən sonra işlə təmin etməklə. Əks təqdirdə gənclər xaricə axın edəcək. Onları əslində millət üçün itirilmiş parlaq gənclərdir. Çünki ali təhsil almaq üçün xaricə üz tutan gənclərin cox hissəsi təhsil aldıqdan sonra getdiyi ölkədə də qalıb işləyir, geri qayıtmır. Biz bir növ öz parlaq və istedadlı gənclərimizi xaricə ərməağan etmiş oluruq”.

 

Professor deyir ki, xaricdə təhsil alan gənclərin Azərbaycana qayıtmamasının səbəbi heç də maaş azlığı, yaxud burada onun karyera qurması üçün geniş imkanların olmaması ilə bağlı deyil. “Burada bir incə məqam var. Bu incə məqam mədəniyyət məsələsidir. Yəni, bu gənclər xaricə gedib Qərb mədəniyyətini əxs edir, yadlaşır, ölkəsinə marağı itir. Füzulinin, Sabirin və Azərbaycanın digər mütəfkkirlərinin heykəlini görməyən gənc məsələn, gedir Fransaya orada başqa mütəfəkkirlərin abidələrini görür, başqa mədəniyyət görür və dəyişir”.

 

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, yüksək bal toplayan abituriyentlər ya bir müddət ölkədə təhsil alır, ya da bir-iki il oxuyur, sonra xarici ölkələrə üz tuturlar. Təbii ki, bunun müxtəlif səbəbləri var: “Yüksək bal toplayan tələbələri itirməmək üçün, eyni zamanda beyin axınının qarşısını almaq üçün onlara müvafiq motivasiya, təkliflər verməliyik. Məsələn, nə uçun o gənclər xaricdə təhsil almaq istəyir, çünki onlara ”burs", yəni yüksək təqaüd verilir. Bizdə isə bu verilmir. Mən təklif edirəm ki, ümumiyyətlə,  650-dən çox bal toplayan tələbələr işlə təmin olunsun. Onlar bilməlidirlər ki, ali məktəbi bitirən kimi işlə təmin olunacaqlar. Eyni zamanda onlara daha yüksək təqaüd verməliyik. Bu gün 650-dən yüksək bal toplayan tələbə hansısa xarici ölkə universitetində yüksək təqaüd alır. Amma ölkəmizdə tələbəyə prezident təqaüdü düşərsə belə, maksimal 350-400 manata qədər ala bilər. Amma mən təklif edirəm ki, 650-dən yüksək bal toplayan tələbəyə 1000 manatdan yuxarı təqaüd verilsin. Bununla da onlar  həm ölkədə qalmağa maraqlı olacaq, həm də ölkə təhsilinin inkişafına müəyyən töhfə verə biləcəklər. Əks halda, biz yenə onları, ən azı birinci, ya da ikinci kursdan sonra itirəcəyik. Həmin dövr getməsələr də, bakalavr müddətini bitirdikdən sonra xaricə üz tutacaqlar. Düşünürəm ki, bu sahədə ciddi islahatlara ehtiyac var".

 

Yəni ölkədə hər hansı bir tələbə, tutaq ki, İT sahəsi üzrə bakalavr pilləsi təhsil alıbsa, onun magistr pilləsi üzrə təhsil alması imkanı işlədiyi müddət ərzində ona tanınmalıdır. Həmçinin elmi işlərini davam etdirmək istəyirsə, doktorluq istiqamətində tədqiqat işlərinin aparılması ilə bağlı ona müvafiq vəsait ayrılmalı və yardım olunmalıdır”.

 

Ekspert əmindir ki, belə olduğu təqdirdə, əlbəttə ki, həmin şəxslər ölkədə qalıb işləmək və təhsil almaq istəyəcəklər: “Təhsil sahəsini inkişaf etdirmək üçün ölkəyə xaricdən mütəxəssislər cəlb olunmalıdır. Bizim xaricdə təhsil alan vətəndaşlarımız müvafiq universitetlərdə dərs aparmalıdırlar. Belə olan halda rəqabətlilik mühitinin formalaşması təmin olacaq və tələbələr də burada qalıb işləmək, o cümlədən təhsil almaqda maraqlı olacaqlar”.

 

E. Əfəndinin dediyinə görə, gənclər xaricə ona görə üz tuturlar ki, bu ölkələrə gedib öz bilik və bacarıqlarını hansısa şirkətlərdə çalışmaqla özlərinin yaşam təminatını yaxşılaşdıracaqlar: “Biz məsələnin bu tərəfinin düşünürüksə, o zaman beyin axınının qarşısını almaq olar. Məsələn, nə üçün azərbaycanlı bir şəxs gedib NASA-da çalışmalıdır, amma Azərbaycanda yox? Ortada olan faktlar çoxdur və mən istərdim ki, xaricdə çalışmaq istəyən şəxslərə biz elə təkliflər verək ki, bu təkliflər onun üçün artıq vaz keçilməz olsun. Belə addımlar dövlət tərəfindən atılmalıdır. Eləcə də təhsil istiqamətində mütərəqqi qərarlar qəbul olunmalıdır ki, bu şəxslər Azərbaycanda qalmağa maraqlı olsunlar”.

 

Ekspert vurğulayıb ki, dövlət tərəfindən bununla bağlı müəyyən addımlar atılır: “Son dövrlər təyinatlarda da görürük ki, xaricdə təhsil almış şəxslərə üstünlük verilir. Həmçinin ölkəmizdəki neft-qaz sektoru ilə bağlı xaricdə təhsil alan mütəxəssislərə və ölkədə müvafiq kadr hazırlığını həyata keçirən tələbələrinə üstünlük verilir. Dövlət tərəfindən həmin şəxslər digərlərinə müqayisədə daha çox önə çəkilir. Məncə burada müəyyən strateji səhvlərə yol verilir. Çünki biz çalışmalıyıq ki, ölkəmizdə təhsil alan şəxslərin müəyyən istiqamətlər üzrə işlə təminatını yaxşılaşdıraq. Çünki bu, xaricdə təhsil almaq istəyən şəxslər üçün bir növ örnək olacaq ki, dövlət öz təhsilinə güvənir və verdiyi təhsil əsasında ixtisaslı kadr kimi formalaşan şəxsləri dəstəkləyir. Belə olduğu təqdirdə ölkədə qaib təhsil almaq istəyənlərin sayı çoxalacaq.

 

Millət vəkili Elman Nəsirovun fikrincə, xarici ölkələrin nüfuzlu ali məktəblərinə gedən gənclərimiz imkan və potensiala ciddi önəm verirlər. Hesab edirələr ki, qabaqcıl universitetlərdə daha yüksək təhsil ala və karyeralarını inkişaf etdirə bilərlər: “İkinci bir tərəfdən, hazırlıq səviyyəsi aşağı olanlar da bir çox hallarda xarici, xüsusən də qonşu ölkələrin hətta nüfuzlu olmayan, imtahansız qəbul mümkün olan universitetlərinə üz tutur. Qarşı tərəf isə bu amilə valyuta nöqteyi-nəzərindən yanaşır. Yəni, hər iki tərəf sanki razı qalır. Amma hesab edirəm ki, bu yolu seçən tələbələr uduzur. Çünki diplomun olması hələ heç nə demək deyil. Bu fonda diplom keyfiyyət ölçüsünə çevrilmir və belə tələbələr dövlət qurumlarında tələb olunan kadrlara çevrilə bilmirlər”.

 

Millət vəkili deyir ki, bu günün gəncləri fəaldır, onlar hər zaman hərəkətdədir, bir yerə qapanıb qalmır. Məsələn, İtaliyadakı gənc İspaniyada, Almaniyadakı isə Amerikada, Kanada da və əksinə oxumaq istəyir. Bu nöqteyi-nəzərdən Azərbaycan gənclərinin də təhsil üçün xaricə getməsi motivlərini başa düşmək olar.

 

Millət vəkili Ceyhun Məmmədov qeyd edib ki, gənclərin xaricdə təhsilə önəm verməsi çox ciddi problem və aktual bir məsələdir. Həqiqətən də bu gün Azərbaycandan xaricə çox kütləvi beyin axını var və xaricdə təhsil almağa gedənlərin əksəriyyəti Azərbaycana qayıtmaq istəmirlər.

 

C.Məmmədova görə, gənclərin xaricə getməsinin bir neçə səbəbi var: “Birinci səbəb odur ki, Azərbaycanda təhsilin keyfiyyəti yüksək deyil. Biz hələ də Azərbaycan universitetlərinin dünya reytinqində 1000-dən aşağı düşdüyünü görməmişik. Bu gün bizim universitetlərimiz 1000-ci və 1000 ətrafıdır. Bu da onu göstərir ki, təhsilin keyfiyyətində hələ xeyli problemlər var. Birincisi, təhsilin keyfiyyətini artırmalıyıq ki, Azərbaycan universitetləri həm keyfiyyətli təhsil versinlər, həm də dünya reytinqində irəliliyə bilsinlər.Bu gün biz bu məqsədə və hədəfə nail ola bilməmişik. Yəni gənclərin xaricə üz tutmasının səbəblərindən birincisi keyfiyyətdir. İkinci bir məsələ isə beyin axınıdır. Bu kadrların bir hissəsi xaricdən Azərbaycana qayıtdıqdan sonra iş tapmaqda çətinlik çəkirlər. Onlar dövlət qurumlarına müraciət edirlər, bəzən isə onları subyektiv və müxtəlif səbəblərdən götürmürlər. Maaşlarla bağlı səbəblər də var. Ona görə də bu şəxslər düşünürlər ki, öz diplomları ilə daha yaxşı iş tapa bilərlər. Onun üçün də xaricə üz tuturlar”.

 

Milli Məclis üzvü düşünür ki, xaricdə təhsil alan tələbələrlə bağlı çox ciddi proqram işinin olması lazımdır ki, onlar xaricdəki təhsilini bitirib gəldikdən sonra onların müxtəlif dövlət qurumlarında çalışmasına nəzarət olmalıdır: “Yəni onlarla ciddi iş aparılmalıdır ki, onlar Azərbaycanda müvafiq işlə təmin olunub xaricə üz tutmasınlar. Burada kompleks bir işin qurulmasına ehtiyac var. Biz hər il müxtəlif proqramlar qəbul edib xaricə tələbələr göndəririk. Lakin Azərbaycanda yüksək təhsili təmin etməklə həm də çoxsaylı vəsaitin xaricə getməsinin qarşısını ala bilərik. Bu istiqamətdə addımların mütləq şəkildə atılmasına ehtiyac var. Bu gün Qərbdə hər şeyin əla və yüksək səviyyədə olması haqqında güclü təbliğat aparırlar. Bu da gənclərimizdə belə bir fikir yaradır ki, həqiqətən də xaricdə hər şey yüksək səviyyədədir. Lakin heç də bu elə deyil. Ona görə də burada həm düşüncə, həm universitetlərimiz, həm də xaricdə oxuyan tələbələrə münasibət dəyişməlidir ki, biz problemi həll edək”.

Nərmin Qarazadə

Rusiya Belarusa ordu yığır - Dəhşətli hücum başlayır?
Son xəbərlərDaha çox