“Əsas məqsəd Azərbaycan ümumtəhsil məktəblərində ingilis dili tədrisini yaxşılaşdırmaqla bağlı müzakirələr aparmaq və yekun təklifləri formalaşdırmaqdır”.
AzEdu.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyi və Britaniya Şurası arasında imzalanmış birgə fəaliyyət planı çərçivəsində Təhsil İnstitutu ilə əməkdaşlıqda hazırlanmış “ELSA Roadmap” (English Language Strategy for Azerbaijan Roadmap – Azərbaycan üçün İngilis Dili Strategiyası Yol Xəritəsi) sənədinin təqdimat mərasimində Təhsil İnstitutunun direktor səlahiyyətlərini icra edən Elnur Əliyev səsləndirib.
“Ümumilikdə, Azərbaycan məktəblərində ingilis dili tədrisinin qənaətbəxş vəziyyətdə olmadığı qənaətindəyik. Bunu məktəblərdə aparılan dərs dinləmələri və şagird nəticələri də sübut edir”.
O qeyd edib ki, 9-cu sinfi bitirən uşaqların göstəricilərinə nəzər salaraq bunu aydın görmək olar.
“Burada müəllim hazırlığı, saatların azlığı kimi nüansları səbəb olaraq göstərmək olar. Müəllimlərin sertifikatlaşdırılmasında hər yüz ingilis dili müəllimindən 20-si birinci mərhələdən keçə bilməyib. Bu vəziyyət müəllimlərin işə qəbulu imtahanında da eynidir.
Onun sözlərinə görə, bu mövzuda dərsliklərdən də danışmaq vacibdir:
“Uzun illər ingilis dili tədrisində köhnə dərsliklər, artıq standartlara cavab verməyən dərs vəsaitləri istifadə edilirdi. Lakin son 5 ildə görülmüş işlər nəticəsində biz məktəblərdə bu fənn üzrə yeni dərsliklərin istifadəsinə başlamışıq”.
Elnur Əliyev əlavə edib ki, ingilis dili fənni üzrə yeni kurikulum da artıq yekunlaşmaq üzrədir:
“Həmçinin, son bir neçə ildir ki, xarici dil müəllimlərinin inkişafı üçün çox sayda peşəkar inkişaf təlimləri də keçirilir”.