“Məktəblərdə şagirdlərin qarşısına qoyulan imtahan yükü artıq ağıla və pedaqogik məntiqə sığmayan səviyyəyə çatıb”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədov deyib.
“İlin əvvəlindən keçirilən imtahanları bir yerdə topladıqda ortaya son dərəcə absurd, təhsil psixologiyasına və inkişaf nəzəriyyələrinə tamamilə zidd bir mənzərə çıxır.
Bu baxımdan Kings, Koala, Zəfər olimpiadası, Bilbacar, Vebras, Kenquru müsabiqəsi, Respublika fənn olimpiadaları, Respublika fənn müsabiqələri, Lütfizadə adına olimpiada, daha sonra 9-cu sinif buraxılış imtahanı, 11-ci sinif buraxılış imtahanı, 11-ci sinif blok imtahanları (iki cəhd), 4-5-6-cı siniflər üçün monitorinq, məktəbdaxili kiçik summativ qiymətləndirmələr, məktəbdaxili böyük summativ qiymətləndirmələr, sınaq və monitorinqlər (digər fənlər üzrə), buraxılış fənləri üzrə hər ay keçirilən monitorinqlər və başqalarını sadalamaq olar.
Bu siyahı sadəcə bir şagirdin bir tədris ili ərzində qarşılaşdığı minimum 17 əsas imtahan və qiymətləndirmə deməkdir. Halbuki burada qeyd edilməyən kurs sınaqları, DİM sınaqları və əlavə təşkil olunan fərdi testlər də var. Bütün bu yüklə şagird təxminən hər 1-2 həftədən bir imtahan vəziyyətinə salınır. Bu yanaşma artıq təkcə akademik yük problemi deyil. Bu sistematik şəkildə uşağın psixoloji durumuna, emosional sabitliyinə və təhsil keyfiyyətinə vurulan bir zərbədir”.
“Azərbaycan təhsilində isə “yüklə və ölç” yanaşması normaya çevrilib”,-deyə müsahibimiz vurğulayıb:
“Dünyanın inkişaf etmiş ölkələrində – məsələn, Finlandiyada şagirdlər 9 il ərzində cəmi bir neçə böyük qiymətləndirmədən keçirlər. İbtidai və orta təhsil müddətində uşaqların əsas diqqəti öyrənmək, kəşf etmək, düşünmək və bacarıqlarını inkişaf etdirmək üzərinə yönəlir. Almaniyada əsas qiymətləndirmələr sinifdə gündəlik iştirak və layihə əsaslı işlərlə ölçülür. ABŞ-da belə imtahanlar ildə 1-2 dəfə əsas summativ məqsədli olur, lakin uşaq hər ay imtahan stresi yaşamır.
Azərbaycan təhsilində isə “yüklə və ölç” yanaşması normaya çevrilib. Təhsil Qanununun 18-ci maddəsinə görə “təhsildə şəxsiyyətin inkişafı məqsəd olmalıdır”, qiymətləndirmə isə “təlimin məqsədinə xidmət etməli, inkişafı təşviq etməlidir”. Halbuki bu qədər ardıcıl və intensiv imtahanlarla şagirdin yalnız stressi artırılır, öyrənmə motivasiyası isə məhv edilir. Əslində hər imtahan öyrənməni yox, sadəcə sıxışdırılmış qısa müddətli yaddaş bacarığını ölçür.
Bu yanaşmanın başqa fəsadları da var. Daimi imtahanlarla uşaq təhsili sevmir, təlimə qarşı qorxu və narahatlıq formalaşdırır. Özünü ifadə etmə bacarıqları zəifləyir, öyrənməyə maraq azalır. Şagirdlər yalnız suallara doğru cavab vermək üçün “hazırlanır”, lakin düşünmək, araşdırmaq, mübahisə etmək kimi ali kognitiv bacarıqları inkişaf etdirmir.
Bundan başqa, bu imtahanların çoxu, Kings, Koala, Zəfər, Bilbacar, Vebras, Kenquru kimi olimpiadalar və müsabiqələr qeyri-formal, kommersiya məqsədli tədbirlərdir. Nəticədə, bu tədbirlər həm valideynlər üçün əlavə maddi yük yaradır, həm də şagirdlərin vaxtını və enerjisini yarışlar uğrunda sərf etdirir.
Ən ciddi təhlil məsələsi isə ondan ibarətdir ki, bu qədər imtahana baxmayaraq, təhsil nəticələri yüksəlmir. Son 5 ilin statistikasına görə 9-cu və 11-ci sinif buraxılış imtahanlarında orta nəticə ölkə üzrə 54-58% arasında dəyişir. Yəni nə qədər çox imtahan olsa da, uşaqların real bilik səviyyəsi, oxuma bacarığı və riyazi savad göstəriciləri ciddi şəkildə artmır. İmtahan sayı çoxalır, amma nəticə dəyişmir.
Əslində doğru yanaşma təhsildə qiymətləndirməni bu qədər kəmiyyətə deyil, keyfiyyətə yönəltmək olmalıdır. İldə 1-2 əsas qiymətləndirmə, davamlı formatda isə diaqnostik təhlillər aparılmalıdır. Qiymətləndirmə şagirdin özünü inkişaf etdirməsinə, fərdi zəif və güclü tərəflərini anlamağa kömək etməlidir. Hər ay, hər həftə imtahan keçirib sadəcə statistika toplamaqla nə şagird inkişaf edir, nə də təhsil sistemi yaxşılaşır”.
K.Əsədov qeyd edib ki, imtahanların sayı kəskin şəkildə azaldılmalıdır:
“İmtahanların sayı kəskin şəkildə azaldılmalı, yalnız fundamental qiymətləndirmələr saxlanılmalıdır. Buraxılış və qəbul imtahanları istisna olmaqla digər bütün yarışmalar şagirdin könüllü və maraq əsaslı iştirakına buraxılmalıdır. Məktəblər tədris prosesini imtahana yox, təlimin özünə yönəltməlidir. Şagirdlərin hər gün dərsə qiymət üçün yox, öyrənmək üçün gəlməsi təmin olunmalıdır.
Əks halda biz bu yolu davam etsək, gələcək nəsillərimiz düşünən, yaradan, innovativ fərdlər yox, yalnız suallara cavab verən mexaniki düşüncəli “imtahan robotları” olacaq".