Azərbaycan elminin inkişaf etdirilməsi, eləcə də istedadlı şagirdlərin üzə çıxarılması məqsədilə təşkil olunan Respublika Fənn Olimpiadası (RFO) bu il də böyük maraqla qarşılanıb. Belə ki, müxtəlif bölgələrdən olan onlarla iştirakçının qatıldığı bilik yarışmasında fizika fənni üzrə final mərhələsi həyata keçirilib.
Burada şagirdlər bilik və bacarıqlarını nümayiş etdirməklə yanaşı, ölkəmizin gələcək elmi kadrlarının müəyyənləşdirilməsi baxımından da mühüm rol oynayıblar. Yarış iştirakçılarının gərgin hazırlıq prosesi, əzmkarlığı və bu sahəyə olan marağı final mərhələsində daha da aydın şəkildə özünü göstərib.
İmtahan saat 10:20-də start götürdü. Həm aşağı, həm də yuxarı yaş qrupuna aid olan şagirdlər eyni vaxtda imtahana başlayıblar. Aşağı yaş qrupu üçün imtahan 11:50-də, yuxarı yaş qrupu üçün isə 12:20-də başa çatacaq.
Şagirdlər imtahan öncəsi bütün əşyalarını masanın üzərinə qoyaraq yerlərini aldılar.
Artıq imtahandan xeyli vaxt keçib. Şagirdlər diqqətlə suallara fokuslanıblar və düzgün cavab vermək üçün bütün biliklərini səfərbər ediblər. Axı fizika – riyaziyyat kimi – yüksək diqqət və analitik düşüncə tələb edən fənlərdəndir...
Hər bir imtahan iştirakçının qarşısında diqqətimizə çəkən bu alət oldu. Belə ki, bu alət münsiflər heyəti tərəfindən hazırlanıb.
Yeri gəlmişkən qeyd edək ki, şagirdlər üçün əlavə kalkulyator, boş vərəqlər təqdim edilib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov fizika fənni üzrə keçirilən olimpiada ilə yaxından tanış olub.
İmtahanla bağlı daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) direktor müavini Fuad Qarayevə yaxınlaşdıq.
F.Qarayevin sözlərinə görə, ötən gün olimpiadanın nəzəri turu həyata keçirilib:
“Hazırda isə bu gün salonda yuxarı yaş və aşağı yaş qrupu olmaqla 121 şagird iştirak edir. Belə ki, aşağı yaş qrupu 8-9-cu siniflər, yuxarı yaş qrupu üzrə isə 10-11-ci siniflər olaraq nəzərdə tutulub. Praktiki turun nəticələri də müəyyən olunduqdan sonra münsiflər heyəti qalibləri müəyyən edəcəklər.
RFO-nun təşkil edilməsi və keçirilməsi qaydalarına görə aşağı yaş qrupu üzrə ən yaxşı 30, yuxarı yaş qrupu üzrə isə 30 şagird olimpiadanın qalibi olacaq. Aydın məsələdir ki, RFO digər fənlər üzrə də keçirilir.
Direktor müavini qeyd edib ki, 5-6 may tarixlərində riyaziyyat fənni üzrə olimpiada təşkil olunacaq:
“Belə ki, biz artıq informatika, kimya fənni üzrə olimpiadanı keçirmişik. Bundan sonra biologiya, tarix, coğrafiya Azərbaycan dili və 5-6 may tarixlərində riyaziyyat fənni üzrə olimpiada baş tutacaq. Beləliklə 2024-2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadalarına yekun vurmuş olacağıq.
Gələcəkdə, mayın sonunda və ya iyunun əvvəlində olimpiada qaliblərinin təntənəli mükafatlandırma mərasimi keçiriləcək. Olimpiadaların təşkili və keçirilməsi qaydalarına əsasən, münsiflər heyətimiz sualların konfidensiallığını yüksək səviyyədə qorumağa çalışır.
Bu da onu göstərir ki, imtahanlar hər kəs üçün eyni şərait və mühitdə, obyektiv şəkildə təşkil olunur. Ümumiyyətlə, olimpiadaların təşkili və keçirilməsində obyektivlik məsələsi artıq müzakirə mövzusu deyil.
Qaliblərə dövlət tərəfindən verilən imtiyazlar - xüsusilə də ali məktəblərə müsabiqədənkənar qəbul hüququ - bu sahəyə olan marağı xeyli artırır. Elm və Təhsil Nazirliyi olaraq biz də şagirdlərə bu imkanı yaratmağa çalışırıq. Güclü və layiq olan qalib gələcək.
Fikrimcə, burada iştirak edən hər bir şagird qalib sayılır. Çünki burada əyləşənlər ölkənin ən yaxşı 121 şagirdindən biridir”.
Uzun illərdir ki, Respublika Fənn Olimpiadası (RFO) həyata keçirilir. Artıq olimpiadada yalnız nəzəri turlarla kifayətlənilmir, eyni zamanda praktiki mərhələlər də təşkil olunur. Belə ki, bu ildən etibarən biologiya fənni üzrə də praktiki tur əlavə edilib.
Fizika fənni üzrə isə artıq ikinci ildir ki, praktiki turlar keçirilir. Həmçinin bu ildən informatika və riyaziyyat fənləri üzrə də dəyişikliklər edilib. Beynəlxalq olimpiadalarda olduğu kimi, bu fənlər üzrə imtahanlar iki gün ərzində təşkil olunur.
Şagirdlərə ümumilikdə 3 sual təqdim olunub. Qeyd edək ki, cari ildə 70 mindən çox şagird Respublika Fənn Olimpiadalarında iştirak etmək üçün müraciət edib.
Saat 11:40. Budur, artıq bəzi şagirdlər sualları cavablandırmağı bitiriblər. İlkin təəssüratları öyrənmək üçün bir şagirdə yaxınlaşırıq...
Aşağı yaş qrupu üzrə iştirak edən Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyin 8-ci sinif şagirdi Gülay Rzalı qeyd edib ki, imtahan olduqca maraqlı keçib:
“Təcrübə mərhələsi kifayət qədər maraqlı idi. İlk dəfə idi ki, bu turda iştirak edirdim və düşünürəm ki, yaxşı yazmışam. Bürünc medal qazanacağıma inanıram. Yarımfinal mərhələsi mənim üçün daha rahat keçmişdi, final mərhələsi isə daha maraqlı və həyəcanverici oldu.
Suallar ümumilikdə məni qane etdi. Fizika fənninə marağım, əslində, riyaziyyatdan başladı. Əvvəlcə riyaziyyat üzrə imtahanlara hazırlaşırdım, bu prosesdə fizika da diqqətimi çəkməyə başladı.
Hesab edirəm ki, fizikanı həll edə bilmək üçün ən vacib amil onu vizual olaraq təsəvvür etmək, yəni "görmək"dir. Gələcəkdə I ixtisas qrupu üzrə hazırlaşmağı və xaricdə təhsilimi davam etdirməyi planlaşdırıram".
Fizika Riyaziyyat İnformatika Təmayülü Liseyin 8-ci sinif şagirdi Allahverdi Kamranın sözlərinə görə, imtahan şəffaf şəkildə keçirilib:
“Heç bir köçürmə halı qeydə alınmadı. Nəzarətçilər həqiqətən də ciddi və peşəkar şəkildə nəzarət edirdilər. Nəzəri tur bir qədər çətin oldu, lakin praktiki tur nisbətən daha rahat keçdi. Bu mərhələdə ən çox diqqətimi çəkən sual qayıtma bucağı ilə bağlı idi, çünki onun cavabı xüsusi riyazi hesablamalar tələb edirdi.
Fizika fənninə marağım 7-ci sinifdən başlayıb. Məqsədim fənn olimpiadasında medal qazanmaq idi və mənə ən maraqlı gələn fənn məhz fizika oldu. Ümumiyyətlə, təbiətdə gördüyüm hadisələrin səbəblərini anlamaq mənim üçün olduqca maraqlıdır.
Bu fənnə olan marağım səbəbilə gələcəkdə I ixtisas qrupunu seçməyi düşünürəm. Hədəfim isə ya Sinqapur Beynəlxalq Universiteti, ya da ABŞ-ın nüfuzlu universitetlərindən birində təhsil almaqdır".
Aşağı yaş qrupu üzrə iştirak edən şagirdlər artıq zalı tərk etmişdilər. Ara-sıra həyəcandan imtahan dəqiqələrini də soruşanlar diqqətimizdən qaçmadı.
Və, budur, imtahan yekunlaşdı.
Xətai rayonu 269 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Müjgan Talıbzadə imtahanla bağlı təəssüratlarını bizimlə bölüşüb:
“İmtahan mənim üçün yaxşı keçdi. Yeganə fəndir ki əzbər lazım deyil. Artıq 2-ci il idi ki, final mərhələsində iştirak edirəm. Keçənilkinə nisbətən də bu il daha yaxşı təəssüratlarım var. Hər kəsə uğurlar arzulayıram. Düşünürəm ki, praktiki tur nəzəriyyədən daha asan oldu.
I ixtisas qrupu üzrə hazırlaşıram və İKT sahəsində uğur qazanmaq istəyirəm. ADA və yaxud BANM-də təhsil almağı düşünürəm. Buraxılışda 288 bal toplamışam, lakin apellyasiya mərhələsinə müraciət etmişəm. Hesab edirəm ki, olimpiadadan bürünc medal qazanacağam”.
264 nömrəli məktəb-liseyin 11-ci sinif şagirdi İlkin Tağıyev söyləyib ki, imtahan nə çətin, nə də ki, asan idi:
“İnşAllah yüksək nəticə toplayacağam. İnanıram ki, qızıl medal qazana biləcəm. IV ixtisas qrupu üzrə hazırlaşıram və məqsədim cərrah olmaqdır. Buraxılış imtahanından 286 bal toplamışam. Düşünürəm ki, insanda intuisiya hissi olmalıdır ki, düsturu başa düşə bilsin”.
Qeyd edək ki, bu gün Aşağı yaş qrupu üzrə iştirak edən şagirdlərdən 10-u qız, 50-si oğlan idi. Eyni zamanda yuxarı yaş qrup üzrə imtahan verənlərin 5-i qız, 56-sı oğlan şagirdidir.
Həmçinin qaydalara görə hər yaş qrupu üzrə 5 nəfər qızıl, 10 nəfər gümüş və 10 nəfər isə bürünc medalın sahibi olacaq.
Bütün iştirak edən şagirdlərə uğurlar arzulayırıq.