Şagirdlərin yay tətili istirahətini səmərəli keçirməsi həm fiziki, həm də psixoloji baxımdan olduqca əhəmiyyətlidir. İlin böyük bir hissəsini dərslərlə məşğul olan uşaqlar üçün yay tətili onların yaxşıca istirahət edib yenidən enerji toplamaları üçün əla fürsətdir. Şagirdlər bu müddətdə həm istirahət etməli, həm də vaxtlarını səmərəli keçirməyə çalışmalıdırlar. Səmərəli tətil təkcə əyləncə ilə yox, həm də faydalı məşğuliyyətlərlə dolu olmalıdır. Kitab oxumaq, müxtəlif kurslarda iştirak etmək, yeni hobbilər qazanmaq və idmanla məşğul olmaq uşaqların həm biliyini, həm də fiziki və zehni bacarıqlarını artırır. Ailə ilə vaxt keçirmək, təbiətdə gəzintilər etmək isə psixoloji rahatlıq verir. Bundan başqa, yay tətili şagirdlərin öz məsuliyyətlərini dərk etməsi üçün də yaxşı bir zamandır. Günlərini planlamağı öyrənmək, gündəlik tapşırıqları vaxtında yerinə yetirmək onların gələcək təhsil və həyat uğurlarına zəmin yaradır.
Doqquz ay boyunca hər gün dərsə gedən, dayanmadan oxuyan, imtahan verən şagirdlər yay tətilinin başlamasını böyük səbirsizliklə gözləyirlər. Stressli və gərgin dərs ilindən sonra yay tətilini səmərəli keçirmək, yorğunluqdan qurtulmaq isə hər bir şagirdin arzusudur. Ancaq bir çoxları üçün bu, elə arzu olaraq qalır. Yalnız maddi imkanı yaxşı olan valideynlər övladlarını yay tətilini səmərəli keçirməsi üçün təşkil olunan düşərgələrə göndərir. İmkansız ailələrin uşaqlarının bəziləri isə yay tətilini bölgələrdə yaşayan nənə-babanın yanında keçirir. Paytaxtda yaşayanlar isə tətil boyunca şəhərə uyğun məkanlarda, parklarda, məhəllədə, evdə televizor, kompüter, telefon arxasında keçirmək məcburiyyətində qalırlar.
Postsovet dövründə məktəblilərin 3 aylıq yay tətilini daha səmərəli keçirmələri üçün pioner düşərgələri fəaliyyət göstərirdi. SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə, istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi. Ümumilikdə, 50-yə yaxın uşaq istirahət düşərgəsi bağlandı.
Hazırda müxtəlif dövlət qurumlarının Həmkarlar İttifaqlarının nəzdində 4-ə yaxın yay düşərgəsi fəaliyyət göstərir.
Özəl müəssisələr tərəfindən təşkil olunan yay düşərgələrinin sayı isə kifayət qədərdir. Sözügedən düşərgələrdə isə şagirdlərin yay istirahətini səmərəli keçirməsi üçün müxtəlif qiymətlər təklif olunur. Valideynlər 1000-1300 manat vəsait ödəməklə övladlarının yay istirahətini maraqlı, səmərəli təşkil edə bilərlər. Bu düşərgələrdə məktəblilər üçün gündə 4 dəfə qidalanma, ingilis dili və rəqs məşğələləri, məntiqi-əyləncəli oyunlar, yarışmalar, diskoteka, ekskursiyalar, gündəlik idman tədbirləri nəzərdə tutulur.
Bəzi özəl qurumlar tərəfindən isə şagirdlər üçün müxtəlif eko-düşərgələr təşkil olunur. Bölgələrdə təşkil olunan bu eko-düşərgədə Azərbaycan, rus, ingilis dilli məktəblilər üçün xüsusi proqramlar təklif edilir. Buraya hovuz, zip-layn, ekskursiyalar, intellektual və əyləncəli oyunlar, yarışlar, estafetlər, master klasslar vəs. təşkil edilir.
Mütəxəssislərin fikrincə, düşərgələr uşaqların yay tətilində asudə vaxtının mənalı və səmərəli təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük əhəmiyyətə malikdir. Yay düşərgələrinə qatılan şagirdlər orada özlərinə yeni dostlar tapır, təşkil olunan oyun və yarışmalarda iştirak edir, idman və s. aid bacarıq və vərdişlərə yiyələnirlər. Bir sözlə, yay tətilini səmərəli və maraqlı keçirir, yaxşıca dincəlir, təhsil ilinin yorğunluğunu və stressini üzərlərindən atmış olurlar.
Psixoloq Narınc Rüstəmova deyir ki, yay aylarında bütün uşaqların istirahətə ehtiyacı var. Xüsusən də uşaqların yay düşərgələrində istirahət etməsi daha məqsədəuyğundur. Düşərgə asudə vaxtın təşkili üçün ən gözəl vasitədir. Uşaq sosiallaşır, ana-atadan ayrı qalaraq qaydalara tabe olmağı öyrənir, şəxsiyyət kimi formalaşır: “Bizim cəmiyyətin ən böyük problemlərindən biri uşaqların ata-anaya çox bağlı olmasıdır. Ailələrdə uşaqların sayı azdır. Buna görə də valideynlərin uşaqların üzərində diqqəti daha çoxdur. Diqqətini bir uşağa verən valideyn ondan daha çox şey tələb etməyə başlayır. Uşağa özü vaxt ayırdığı üçün onu düşərgəyə göndərməyə ehtiyac duymur. Uşaqları özlərindən uzaq tutmurlar ki, başlarına nəsə pis hadisə gələ bilər. Amma əvvəllər uşağın yaşı uyğun gəldikdə rahatlıqla düşərgələrə verirdilər. 3 yaşından sonra uşaq bağçaya getməli, düşərgələrdə olmalıdır. 3 yaşına qədər uşağa dayə qulluq edə bilər. Amma sonra dayə yox, bağça daha yaxşıdır. Əgər uşağın sosial bacarıqları inkişaf etməsə, o, ancaq sözünü evdəkilərə keçirə bilir. Evdən kənarda isə heç bir bacarığa malik olmur. Bu gün valideynlər uşaqlara çox diqqət göstərirlər və onları normadan artıq himayə edirlər”.
N.Rüstəmovanın sözlərinə görə, düşərgələrdə psixoloqların olması vacibdir. Belə düşərgələrin təşkil edilməsi məsuliyyətli işdir və burada hər bir detal nəzərə alınmalıdır. Uşaqların qidalanmasından tutmuş, əyləncələrinə qədər nəzarətdə olmalıdır. Çünki uşaqlar fərqli ailələrdən gəlir, zövqlər, fikirlər eyni olmur. Eyni zamanda, uşaqların yaş qruplarını da nəzərə almaq lazımdır. Böyük uşaqlarla balacaları eyni qrupa salmaq düzgün deyil. Düşərgə bir ailədir və uşaq orada qaydalara tabe olur, özünə dost tapır, sosiallaşır. Bir sözlə, uşaq bu cür mərhələlərlə cəmiyyətə hazırlanır. Məktəb yaşına qədər bağçaya, bu cür düşərgələrə gedən uşaqların məktəbə uyğunlaşması çətin olmur. Evdə oturan, eqoist böyüyən uşaq cəmiyyətə uyğunlaşa bilmir”.
Psixoloq onu da bildirib ki, uşaqların istirahəti valideynlərdən ayrı olanda daha yaxşı olur. Bunun üçün isə düşərgələr yaxşı vasitədir: “Uşaq bəzən yaşıdları ilə gəzintiyə getmək istəyəndə anası icazə vermir, deyir özüm aparacam. Valideynlər uşaqların onlarsız da özlərini təlqin etmələrinə imkan yaratmalıdırlar. Valideyn şərait yaratmalıdır ki, uşaq sərbəst həyatda ayaq üstə qalmağı öyrənsin. Uşaqların valideynindən ayrı istirahət etməsi çox vacibdir. Uşaqları müəyyən qədər boş buraxmaq lazımdır”.
Psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bütün yaş qrupları üçün tətilin düzgün planlanlaşdırılması, istirahətin təşkili vacib məsələdir. Xüsusilə, şagirdlərin asudə vaxtının səmərəli təşkili onların emosional, intellektual və psixoloji inkişafına müsbət təsir göstərir: “Təəssüf ki, yay tətilini faydalı, ürəyincə keçirmək hər kəs üçün əlçatan deyil. Hətta valideynlər özləri belə, məzuniyyət götürəndə bəzən arzuladıqları kimi istirahət edə bilmirlər.Amma yenə də düşünürəm ki, valideynlər heç olmasa yay tətili müddətində uşaqları ilə vaxt keçirməlidir, məzuniyyət günlərini öz aralarında düzgün bölüşdürməlidirlər. Ən diqqət ediləcək məqamlardan biri də yay tətilində uşaqlar üçün gündəlik planlama, disiplinin olmasıdır. Yəni uşaqlar dərs yoxdur deyə, bütün günü telefondan, oyunlardan, internetdən uzun müddət istifadə etməməlidirlər, gec saatlarda yatmamalıdırlar. Nəzərə almalıyıq ki, tətil günlərində də evdə uşaqlara nizam-intizam tətbiq etməsək, rahatlığa öyrəşəsələr, onlarda məktəbə qarşı aqressiya yaranacaq. Ona görə də istirahətin, asudə vaxtın təşkilində mütləq müəyyən bir rejimə əməl edilməlidir. Bu məsələ böyüklərə də aiddir. Tətildə özümüzə xüsusi rejim tətbiq etməsək, sonra işə qayıdanda adaptasiyamız çətin olur. Ailələr unutmamalıdır ki, övladları bir də uşaq olmayacaq. Əgər valideynlərdə istək olarsa, vaxtlarını, büdcələrini düzgün bölə bilərlərsə, ən aşağı büdcə ilə də övladları ilə maraqlı vaxt keçirə bilərlər. Əsas odur ki, buna istək, həvəs olsun”.
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, uşaqların yay tətilində necə və harada dincəlməsi sualı bu günün özündə də əksər valideynləri çox düşündürür. Bir vaxtlar pioner düşərgələri adlandırılan bu təsisatlar indi çoxları üçün xoş və şirin xatirələrdən ibarət bir nisgilə çevrilib. Sovet dönəmini qoyaq bir kənara, heç olmasa 2000-ci ilin əvvəllərinə qədər uşaqların asudə vaxtının səmərəli təşkili üçün Gənclər və İdman Nazirliyi və Elm və Təhsil Nazirliyi yay düşərgələri təşkil edirdi. Müəyyən müddətdən sonra belə düşərgələrin təşkili dayandırıldı. Halbuki, bəyənmədiyimiz postsovet məkanında bu qəbildən olan düşərgələr dövlət hesabına təşkil olunurdu. Hətta, rayonlarda iri təsərrüfatların özlərinin balansında mövsümi düşərgələr var idi. Ayrı-ayrı təşkilatların Həmkarlar İttifaqı hesabına uşaqlar şən və mənalı istirahət edirdilər. Bu istirahət məkanlarına düşmək isə hər bir məktəblinin ən böyük arzusu idi. Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə bu düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından əhəmiyyəti danılmaz olaraq qalır.
Ekspert bildirib ki, yay düşərgələri şagirdlər üçün tətilin mənalı, səmərəli, asudə vaxtın təşkili idi. Zaman-zaman yay düşərgələrini yenidən təşkili məsələsi gündəmə gətirilib. Parlamentdə məktəb turizminin inkişaf etdirilməsi məsələsinin müzakirə olunacağı da bildirilib. Hətta bir neçə il bundan qabaq millət vəkillərimiz ötən illərin nisgilini reallığa çevirmək üçün Milli Məclisdə uşaqların asudə vaxtlarını müzakirə etmək məsələsini də gündəmə gətirmişdilər. Belə ki, qanun çərçivəsində ölkədə uşaq istirahəti üzrə dövlət standartları və onun təsnifatı müəyyənləşməli idi. Sənəddə uşaq istirahəti üzrə dövlət standartlarında “Uşaq istirahəti yerlərinin tərbiyə prosesinin və uşaqların asudə vaxtının təşkili üçün zəruri olan inventar və avadanlıqla, uşaq əyləncə vasitələri ilə təminatı normativləri”, “Uşaq istirahət yerlərinin ərazisində uşaqların istirahət üçün yerləşdirilməsi normativləri”, “Uşaqların fizioloji tələbatlarına uyğun qida ilə təmin edilməsi normaları” və s. nəzərdə tutulurdu. Ancaq hələlik ortada bir mexanizm yoxdur. Uşaqlar bizim gələcəyimizdir, gələcəyi isə qorumaq borcumuzdur. Uşaq, uşaqlıq həyatını yaşamalı və böyüməlidir. Demək olar ki, şagirdlər yay tətilini yaşamır, asudə vaxt tapan kimi kompüter qarşısında müxtəlif oyunlar oynamaqla özlərinə təsəlli tapırlar. Təbii ki, bu da onların sağlamlığına və tərbiyəsinə təsirsiz ötüşmür. Məktəblilərin yay düşərgəsi məsələsi geniş şəkildə ictimailəşməli, problemin üstünə gedilməlidir”.
N. İsrafilov bildirib ki, 1998-ci ildə qəbul olunan “Uşaqların hüquqları haqqında" qanunun 25-ci maddəsində qeyd olunur: “Hər bir uşağın istirahət və asudə vaxtından istifadə etmək hüququ var. Uşaq öz maraqlarına və qabiliyyətinə uyğun olaraq məktəbdən kənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildir. Valideynlər və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidir. Dövlət uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək, mədəni həyata və yaradıcılıq fəaliyyətinə qovuşmasını təmin etmək məqsədilə məktəbdənkənar müəssisələrin, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır, inkişaf etdirir, bu obyektlərdən pulsuz və güzəştli istifadə qaydalarını müəyyən edir. Qanunda sadalananları nəzərə alıb şagirdlərin istirahət və asudə vaxtlarını səmərəli təşkil etmək üçün bütün imkanlardan istifadə olunmalıdır. Uşaqların istirahəti büdcə vəsaiti, Həmkarlar İttifaqı, sahibkarlar, bələdiyyələr, xeyriyyəçilər və ianələrin hesabına, ya da imkanlı valideynlərin öz hesabına olsa belə bütün mümkün imkanlar araşdırılmalıdır. Problemin dövlət büdcəsi hesabına həll olunması və dövlət nəzarəti altında olması isə arzu olunandır. Əks halda isə problem öz həllini tapanadək, cüzi miqdarda dövlət büdcəsindən pul ayırmaqla, heç olmasa yay tətili zamanı səfalı regionlarda yerləşən məktəblərin bina və ərazilərini yay düşərgəsinə çevirmək və düşərgə xidmətləri təşkil etmək olar. “Sağlam bədəndə sağlam ruh olar” deməklə iş bitmir. Əlaqədar hökumət və dövlət qurumları gələcəyimiz olan uşaqlarımızın sağlamlığı, mənəvi və fiziki inkişafı imkanlarını lazımınca dəyərləndirməli və ölkə başçısı qarşısında müvafiq məsələ qaldırmalıdır”.
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, əvvəllər uşaq düşərgələrinə ancaq təbiətin gözəl olduğu məkanlarda deyil, birçox kəndlərdə rast gəlmək olardı. Amma sonradan onu sovet mexanizmi kimi ləğv etdilər. Uşaqlara sovet ideologiyasının təbliğ olunduğu əsas gətirilərək yığışdırıldı. İndi Azərbaycançılıq ideologiyası, dövlətçiliyimiz barədə təbliğat işi qurmaq olar. Burada təbliğat ikinci dərəcəli əhəmiyyətə malikdir. Dərslər olmayan vaxtlarda düşərgələrdə uşaqların vətəndaş kimi formalaşması üçün tədbirlər görülürdü. Bunun üçün yaxşı proqram tutmaq lazımdır. Həmin düşərgələrdə uşaqlarla psixoloqların işləməsinə şərait yaradılmalıdır. Psixoloqlar uşaqların qabiliyyətlərinin üzə çıxmasına yardım etməlidir. Düşərgələr şəxsiyyətin sosiallaşmasına kifayət qədər kömək edən vasitə idi.
Sosiolqun söylədiyinə görə, oğlanlarla qızların bir yerdə uşaq düşərgələrində istirahət etməsinə valideynlərin etibarlılıq dərəcəsi də azalıb. Bu da düşərəglərin bu gün aktuallıq qazanmasına mane olan amillərdəndir: “Əvvəllər uşaq düşərgələrinə valideynlər etibar edirdilər deyə, övladlarını oğlanlı-qızlı oraya göndərirdilər. İndi isə cəmiyyətdə gedən proseslər elə şəkildədir ki, bir az mənəvi cəhətdən cəmiyyət sanki bu məsələlərdən uzaqlaşıb. Ona görə düşərgələr elə təşkil edilməlidir ki, valideynlər etibar edib uşaqlarını oraya göndərsinlər. Bu baxımdan işlərin yenidən qurulmasına böyük ehtiyac var. Türkiyə, Rusiyada kimi ölkələrdə bu mexanizmin dəyişik metodlarına rast gəlmişəm”.
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, bu gün şagirdlərin yay tətilini səmərəli və mənalı keçirmələri üçün yay düşərgələrinin təşkilinə çox böyük ehtiyac var: “Əksər hallarda məktəblilərin çoxunun yay tətili boyunca vaxtlarını səmərəli keçirə bilmədiyinin şahidi oluruq. məktəblilərin yay tətilini ev şəraitində səmərəsiz və maraqsız keçirməsi maddi imkanı aşağı olan valideynləri çox narahat edir. İndi yay düşərgələrinin çoxu özəl şirkətlər tərəfindən təşkil olunduğu üçün orada qiymətlər çox bahadır. Hər ailənin övladını oraya göndərməyə maddi imkanı çatmır. Yalnız maddi imkanı yaxşı olan valideynlər övladlarını şagirdlərlərin yay tətilini səmərəli keçirməsi üçün təşkil olunan düşərgələrə göndərirlər. İmkansız ailələrin övladları isə yay tətilini ev şəraitində keçirmək məcburiyyətində qalır və tətilin onlara yaratdığı imkandan səmərəli istifadə edib dincələ, dərs ilinin yoruğunluğunu üzərlərindən ata bilmirlər. Hesab edirəm ki, maddi imkanı aşağı olan ailələrin uşaqlarının da qatıla biləcəyi, ödənişsiz və ya cüzi ödəniş tələb olunan yay düşərgələri təşkil olunmalıdır. Ya da əksinə, dövlət ödəniş məsələsini öz üzərinə götürərək məktəblilərin yay tətili boyunca vaxtlarını səmərəli keçirməsi üçün yay düşərgələri təşkil edə bilər. Bu gün buna doğrudan da ehtiyac var. Düşünürəm ki, zamanla bu məsələnin həlli istiqamətində müvafiq addımlar atılacaq”.
Elm və Təhsil Nazirliyindən bildirilib ki, artıq bir neçə ildir ki, nazirlik tərəfindən şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi, məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə "Yay məktəbi" təşkil olunur. Ödənişsiz və könüllü əsaslarla təşkil olunan "Yay məktəbləri"ndə ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri iştirak edirlər. "Yay məktəbi" zamanı şagirdlər üçün təlim, seminar və informativ sessiyalar keçirilir, müxtəlif idman yarışları, əyləncəli saatlar təşkil edilir. "Yay məktəbi" çərçivəsində ekskursiyalar təşkil olunur. Ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin dünyagörüşünü, bilik və bacarıqlarını daha da inkişaf etdirmək, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında ətraflı məlumatları çatdırmaqdan ibarətdir.
Valideynlər də övladlarının yay tətilini səmərəli keçirmələri üçün alternativlər ortaya qoymalıdır. Onlar tətil müddətində övladlarını müxtəlif muzeylərə, tarixi, görməli yerlərə apara bilərlər. Əgər belə səfərləri ölkə xaricinə təşkil edə bilmirlərsə, ən azından Azərbaycanın müxtəlif regionlarına səfər edə bilərlər. Yay tətili günlərində şagirdlərin sağlamlıqlarının qayğısına da qalmaq vacib məqamlardandır. Valideynlər bu dövr ərzində övladlarını müxtəlif idman klublarına yazdıra bilərlər. Alternativlər çoxdur. Sadəcə valideynlər bu məsələyə diqqət yetirməlidirlər. Şagirdlərin yay tətilinin səmərəli təşkili ilə bağlı hər bir ailənin öz proqramı olmalıdır. Valideyn övladını yay tətilini bu proqrama əsasən səmərəli təşkil etməlidir.
Nərmin Qarazadə