Fransanın Nant şəhərindəki liseylərin birində baş verən bıçaqlı hücum faciə ilə nəticələnib.
AzEdu.az haber global-a istinadən xəbər verir ki, hadisə zamanı bir şagird ölüb, üç nəfər isə yaralanıb.
Hadisə yerli vaxtla günorta saatlarında Notre-Dame-de-Toutes-Aides Liseyində baş verib. 15 yaşlı ikinci sinif şagirdi məktəbin həyətinə daxil olaraq iki ayrı sinifdəki şagirdlərə hücum edib. Hücum nəticəsində dörd şagird yaralanıb. Onlardan biri ağır vəziyyətdə olan yeniyetmə xəstəxanada həyatını itirib.
Hücum edən şəxs məktəb müəllimləri tərəfindən çətinliklə zərərsizləşdirilib və dərhal polis tərəfindən saxlanılıb. Hadisə yerinə təcili tibbi yardım və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Fransa Prezidenti Emmanuel Makron başsağlığı verərək deyib:
"Nant şəhərindəki liseydə baş verən bıçaqlı hücumda bir qız həyatını itirib, üç şagird isə yaralanıb. Həlak olanın ailəsinə, digər şagirdlərə və bütün təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı verirəm. Müəllimlərin müdaxiləsi daha böyük faciənin qarşısını aldı. Onların cəsarəti hörmətə layiqdir."