Azedu.az

“Ən böyük arzum xoşbəxt və uğurlu olmaqdır” - 300 bal toplayan şagird

Məktəblər

Müsahibə və reportajlar

Tələbə və şagird

23 Aprel 2025, 09:02
“Ən böyük arzum xoşbəxt və uğurlu olmaqdır” - 300 bal toplayan şagird

“Abituriyentlərə qətiyyən bütün günü intensiv şəkildə çalışmağı tövsiyə etmirəm”

 

Bu sözləri buraxılış imtahanında maksimum bal toplayan, 313 saylı tam orta məktəbin şagirdi Mehdiyev Fərid Elnur oğlu AzEdu.az-a açıqlamasında bildirib.

 

“Mən 300 bal gözləmirdim. Çünki 'şübhəli' olaraq dəyərləndirdiyim bir neçə açıq tipli test tapşırığı mövcud idi. Etalon cavabları yoxladıqdan sonra ümumi gözləntim 290-295 bal arasında idi. Azərbaycan dili fənnindən bir sualı səhv hesab edirdim və bir neçə başqa şübhəli sualım var idi. Amma sevindirici haldır ki, bütün cavablarım düzgün oldu. Başlıca hədəfim informasiya təhlükəsizliyi ixtisası üzrə ali və peşəkar təhsil almaqdır. Bu sahəni dərinliklərinə qədər öyrənmək, gələcəkdə güclü bir kibertəhlükəsizlik mütəxəssisi olmaqdır məqsədim. Uğurumu isə əzmə və effektiv çalışmağa borcluyam”.

 

Fərid bildirib ki, o, IX sinif imtahanında da 284.3 bal toplayıb:


“2 il əvvəl IX sinif üzrə buraxılış imtahanı verəndə maksimum bal toplaya bilmədim. Həmin vaxt səhvlərim isə Azərbaycan dili fənnindən olmuşdu. Öz üzərimdə çalışaraq boşluqları aradan qaldırdım və bu dəfəki imtahanda tam – 300 bal toplaya bildim. Ən böyük arzum uğurlu və xoşbəxt olmaqdır. Bu arzumu gerçəkləşdirmək üçün çox çalışacağam”.

 

“Mən qətiyyən bütün günü intensiv şəkildə çalışmağı tövsiyə etmirəm”, - deyə 700 bala namizəd müsahibimiz qeyd edib:


“Mənim fikrimcə, qısa, amma effektiv şəkildə çalışmaq daha önəmlidir. Dərslərə sərf etdiyim zaman isə gündən-günə dəyişib. Bəzi günlər yeddi saata qədər dərslərlə məşğul olarkən, bəzi günlərdə bir neçə saat vaxt ayırırdım. Mənim üzərimdə əməyi olan, təşəkkür etmək istədiyim müəllim çoxdur. Hamısı mənə dəstək olmuş, zəif cəhətlərimi aradan qaldırmaqda mənə kömək etmişdi”.

Hərbi hissədə partlayış - Fövqəladə vəziyyət elan olundu
Son xəbərlərDaha çox