Müəllim – yalnız bilik verən deyil, həm də gələcək nəsli tərbiyə edən, onların şəxsiyyət kimi formalaşmasında böyük rol oynayan şəxsdir. Tarix boyu müəllimlər cəmiyyətin ən hörmətli və etibarlı insanları sayılıblar. Onlar tarix boyu cəmiyyətin ən fədakar, qayğıkeş, etibarlı dayağı olublar. Ürəyinin istisi, zəkasının nuru ilə ömrü boyu nəsil-nəsil vətəndaşlar yetişdirib müəllimlər.
Həmişə insanların gözündə bir müəllim obrazı olub. Elə bilirdik ki, müəllim çörək yemir, su içmir. Bu, illər öncə danılmaz bir həqiqət olub. Müəllimə heç zaman adi yanaşılmayıb, adi baxılmayıb. Müəllim peşələrin ən şərəflisi olub. Hörmət əlaməti olaraq nüfuz sahiblərinə, şəxsiyyətli insanlara müəllim sözü müraciət forması kimi işlənib. İndi də bu müraciət forması hörmət əlaməti olaraq işlənir. Nüfuz əlaməti olaraq deyil. Çünki artıq müəllim adının nüfuzu əvvəlki kimi deyil.
Müəllim nüfuzu – müəllimin biliyi, davranışı, etik dəyərləri və peşəsinə olan münasibəti nəticəsində qazandığı hörmət və etibardır. Bu nüfuz şagirdlərin ona olan inamını, valideynlərin əməkdaşlığını və həmkarların ehtiramını formalaşdırır. Müəllimin nüfuzu onun öz peşəsinə necə yanaşmasından, şagirdlərə və valideynlərə qarşı davranışından, cəmiyyət içindəki fəaliyyətindən asılıdır. Müəllim nüfuzu ifadəsi müəllimin cəmiyyətdə, məktəbdə və şagirdlərin gözündə ona olan hörmət və etibarı bildirir. Bu hörmət, müəllimin bilik və bacarığına, davranışına, ədalətinə, tələbkarlığına, insani keyfiyyətlərinə əsasən formalaşır. Yüksək nüfuza sahib müəllimlər şagirdlər üçün həmişə örnək olub.
Nüfuz - insanın mənəvi keyfiyyətlərə, təcrübəyə, ləyaqətə söykənərək digərlərinə təsir etmək qüvvəsidir. Bu baxımdan müəllimin nüfuzu onun mənəvi statusudur, çünki müəllimlik ictimai fəaliyyətin elə bir xüsusi sahəsidir ki, burada bilik, bacarıq, peşəkarlıqla yanaşı etik normalara riayət edilməsi nəticəsində formalaşan müəllim nüfuzunun böyük təsir qüvvəsi var. Çünki başqa sahədə çalışanlardan fərqli olaraq müəllim canlı, şüurlu, faktlara və hadisələrə öz fərdi münasibəti olan insanlarla işləyir və onların həyatına müəyyən təsir göstərir. Bu gün təhsilin inkişafı, məktəblərdə səmərəli mühitin yaradılması və şagirdlərin uğurlu gələcəyi birbaşa müəllimin nüfuzu ilə bağlıdır. Müəllimin öz şagirdləri, valideynlər, həmkarlar və cəmiyyət içində qazandığı hörmət və etibar onun üçün bir dəyərdir. Bu nüfuz illərlə göstərilən peşəkarlıq, dürüstlük, fədakarlıq və məsuliyyət hissi nəticəsində formalaşır. Nüfuzlu müəllim təkcə dərs keçən deyil – o, həm də öyrədən, yol göstərən, motivasiya edən və öyrənməyə sevgi aşılayan şəxsdir.
Müəllim nüfuzunun yüksək olması bir sıra müsbət nəticələrə gətirib çıxarır. Şagirdlər müəllimi örnək alır, ona hörmət edir və verdiyi biliyə dəyər verir. Dərsə maraq artır, şagirdlər dərsi daha məsuliyyətlə izləyir və iştirak edir. Valideynlər müəllimə güvənir, onlarla əməkdaşlıq edir, təhsilin inkişafına töhfə verir. Məktəbdə pozitiv mühit formalaşır, həmkarlar arasında sağlam əməkdaşlıq yaranır. Cəmiyyətdə müəllimin rolu yüksəlir, müəllimlərə münasibət daha hörmətli və dəyərli olur.
Professor Misir Mərdanov deyir ki, bu gün təhsil sisteminin ən ciddi hədəflərindən biri müəllim nüfuzunun necə - hansı yollarla yüksəldilməsindən ibarət olmalıdır. İlk növbədə müəllimlər özləri bu məsuliyyəti dərindən hiss etməli, daxilən saflaşmalı, müəllimlik peşəsinin müqəddəsliyini dərk etməlidirlər. Hər hansı bir peşə sahibi səhv edə bilər və onun səhvindən ziyan çəkənlər də olar, lakin bu səhvi aradan qaldırmaq mümkündür. Amma müəllimin səhvi çox sayda insanların həyatını və gələcəyini təhlükədə qoyur, bu səhvi aradan qaldırmaq isə bir çox hallarda mümkün olmur. Ona görə də, müəllim öz peşəsinə daim məsuliyyətlə yanaşmalı, öz nüfuzunu qorumağa və yüksəltməyə çalışmalıdır.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin yüksək qayğısı ilə Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrilmiş təhsilin inkişafına böyük diqqət göstərilir, bu sahədə keyfiyyət, təhsil işçilərinin sosial rifahı hər il yaxşılaşır. Bu məqsədyönlü fəaliyyət nəticəsində son illərdə müəllim nüfuzunun, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılıb.
“Əlbəttə, bu da bir həqiqətdir ki, müəllim nüfuzunu hər hansı qərarla, əmrlə, göstərişlə və inqilabi yolla yüksəltmək qeyri-mümkündür. Bu iş təkamül prosesində, tədricən və planlı şəkildə reallaşmalıdır. Müəllimin təklif olunan üsul və vasitələrlə peşəsinin nüfuzunu yüksəltməsi öz yerində, dövlət və hökumət, ictimaiyyət və kütləvi informasiya vasitələri, məktəb rəhbərliyi və təhsili idarəetmə orqanları millətin gələcəyi naminə eyni dərəcədə müəllimin nüfuzunu qorumağa və yüksəltməyə çalışmalıdır. Kompleks işlərin məcmusundan ibarət olan bu böyük və strateji məqsədə çatmaq üçün bütün cəmiyyət eyni dərəcədə məsuliyyətlə çalışmalıdır. Müəllim elə bir insan - mütəxəssis olmalıdır ki, uşaqlar, gənclər ondan öyrənməyə can atsınlar. Xalq arasında belə bir deyim formalaşıb, "müəllim o kəs deyil ki, öyrədir, o kəsdir ki, ondan öyrənirlər". Səriştəli, peşəkar müəllim olmaq üçün daim axtarışda olmaq, oxumaq, öyrənmək lazımdır. Müqəddəs kitabımız Qurani-Kərimdə buyrulduğu kimi, "insan beşikdən qəbir evinə qədər öyrənməlidir". Hər bir müəllim yadda saxlamalıdır ki, insana xas olan qüsurların ən pisi qeyri-peşəkarlıqdır”.
Misir Mərdanova görə, müəllim tərbiyə işinə özündən başlamalıdır, çünki özündə olmayan keyfiyyəti başqalarına ötürmək mümkün deyil. Həqiqətən, bütün insanlar həyatları boyu müəllimdən öyrənir. Bəzən müəllim sinifdə, auditoriyada bilavasitə pedaqoji fəaliyyətlə məşğul olmadan da adama nəsə öyrədir. Onun yerişi, geyimi, duruşu, davranışı, insanlara münasibəti, hazırcavablığı, humanistliyi, xeyirxahlığı bəzən adama kitablardan və dərslərdən daha çox şey öyrədir: “Fikrimcə, müəllimin bütün davranışı ilə nümunə olması tələbi də məhz bu baxımdan zəruri hesab edilir. Uşaqlar çox vaxt valideynlərindən sonra ən çox ünsiyyətdə olduğu müəllimi ideal kimi qəbul edir, ona bənzəməyə meyilli olurlar. Bu zaman müəllimin yersiz bir hərəkəti, yanlış bir rəftarı, hətta kobud bir sözü uşağın daxili dünyasını alt-üst edə bilər. Ona görə də, müəllim bütün hallarda öz ləyaqətini, alicənablığını, gənclərə nümunə olmaq keyfiyyətlərini qorumağa çalışmalıdır. Müəllim dərin biliyə, erudisiyaya malik olmalıdır. Bilik müəllimin əsas silahıdır. Biliksiz müəllim işıqsız lampaya, susuz bulağa bənzəyir.”
Əslində, müəllimin digər peşə sahiblərindən heç birində olmayan bir imkanı da var. Həyatın dərk edilməsi, bilik və bacarıqların əldə olunması yolunda öz şagirdi ilə yanaşı getmək, onunla bərabər öyrənmək və daim kamilləşmək. Düşünürəm ki, uşaqlara böyük məhəbbətlə yanaşı, daim yeni biliklər əldə etmək həvəsi, öyrənmək və özünü təkmilləşdirmək səyləri, mənəvi inkişaf müəllimin əsas xüsusiyyətləri olmalıdır".
Misir Mərdanov hesab edir ki, müəllim öz ixtisasını dərindən bilməklə, pedaqoji, psixoloji, metodik hazırlığa malik olmaqla yanaşı, peşəsinin vurğunu olmalı, onu ürəkdən sevməlidir. Çünki bu işdə əsas amillərdən biri sevgidir: müəllim öz işini və yetirmələrini sevməli, onlara qayğı ilə yanaşmalı, onları başa düşməli, hər birinə fərdi yanaşmağı bacarmalı, problemlərini, qayğılarını öyrənməli, münasibətləri əməkdaşlıq səviyyəsində qurmalı, öz qabiliyyəti, davranışı, geyim, danışıq tərzi, tədrisdə seçdiyi üsul və vasitələri, öyrənməyə həvəs göstərməsi ilə də şagirdi cəlb etməlidir”.
Təhsil eksperti Nadir İsrafilovun dediyinə görə, ən müqəddəs hesab etdiyimiz və dəyər verdiyimiz peşə sahibi olan müəllim o qədər də uzaq olmayan keçmişimizlə müqayisədə əvəlki mövqe və nüfuz sahibi deyil. Bu məsələyə sırf pedaqoji aspektdən yanaşmaq, bunu təhsilin mövcud durumu ilə birbaşa əlaqələndirmək də düzgün olmazdı. Müəllim nüfuzunun aşağı düşməsi daha çox sosial xarakterli məsələdir. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yeniləşib. Əgər rüşvət, saxtakarlıq, zorakılıq və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən adi hal, hətta normal qəbul edilirsə və belə hallara müəllim tərəfindən yol verildik bu ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir hətta faciə səviyyəsinə qaldırılır. Başqa sözlə müəllim faktoru ilə bağlı neqativlər qəsdən və ya bilməyərəkdən həddən artıq qabardılır, bu da müəllimin nüfuzu baxımından yol verilməzdir. Digər bir məsələ müəllimə olan inam və etibarın azalmasıdır: “Bugünkü müəllimlərimizin böyük əksəriyyətinin peşəkarlığı bir yana, lazımi bilik və hazırlıq səvviyəsi əvvəlkilərlə müqayisədə xeyli aşağıdır.
Elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik ötürücüsü kimi müəllim faktorunu böyük ölçüdə arxa plana keçirib. Ali məktəblərə qəbul prosesinin ixtisas qrupları üzrə aparılması müəllimə alternativ “yeni peşə sahiblərinin” – repetitorların, markerlərin, hətta el arasında deyildiyi kimi “bunker repetitorlarının” dəbə minməsinə və bunların müştərilərinin də xeyli sayda artmasına rəvac verib. Bir sözlə müəllim məktəbdən, şagird müəllimdən uzaq düşüb. Korporativ maraqların əksinə olaraq məktəb mühitinin deformasiyaya uğramasının qarşısı alınmalı, müəllim və şagird məktəbə qaytarılmalıdır”. Son illər “savadsız müəllimlər”, “saxta müəllimlər”, “filan qədər müəllim imtahandan kəsildi”, “filan direktor işdən qovuldu” və s. bu kimi fikirlər səsləndirilir, “pul yığan müəllimlərə ciddi xəbərdarlıq” kimi rəsmi bəyanatlar verilir. Dünyanın hansı sivil ölkəsində belə xəbərdarlıqlar edilir? Əgər hansısa bir məktəbdə, hansısa valideyn komitəsi və ya icması tərəfindən “Müəllim günü” münasibətilə hansısa müəllimə hörmət və ehtiramlarını bildirmək üçün hədiyyə ilə onu təbrik etmək istəyirlərsə bunu qabardaraq ictimailəşdirmək, rüşvət və korrupsiya səviyyəsinə qaldırıb cəmiyyətə təqdim etmək müəllim adına baş ucalığı gətirən hal deyil. Hansısa bir və ya bir neçə kollektivdə baş vermiş və ya baş verə biləcək bu kimi halların bütövlükdə müəllim şəxsiyyəti fonunda ümumiləşdirilməsi yol verilməzdir. Sokratın təbirincə desək dünyada hər şeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinə əsla dəyər verilə bilməz”.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov hesab edir ki, müəllim o zaman cəmiyyətdə hörmətli vətəndaşa çevriləcək ki, o, öz övladına “orta məktəbi qurtardınmı, attestat aldınmı, sən müəllimliyə get, mənim sənətimi davam elə, bu, gözəl sənətdir” - deyəcək. Əgər müəllim bunu desə, deməli, cəmiyyətdə müəllim peşəsi hörmətlidir. Yox, əgər müəllim “oğlum (və ya qızım), amanın günüdür, bu sənətə getmə, mənim səhvimi təkrarlama” - desə, onda nə edirsən et, lap qızıl suyuna çəkilmiş hərflərlə “müəllimə hörmət edin!” şüarını yaz, yenə bu sənət hörmətli olmayacaq. Bu cür çağırışların az əhəmiyyəti var: “Müəllim bu həyatda adi adamdır. Bu adamın adi ailəsi və öz tələbləri var. Müəllim mühəndisdən, həkimdən çox maaş alarsa, onda o, öz sənətini də sevəcək, övladını və şagirdlərini də müəllim olmağa həvəsləndirəcək. Mən bu istiqamətdə başqa yol görmürəm”.
Millət vəkili Ceyhun Məmmədovun fikrincə, müəllimin nüfuzunun qalxması, ilk növbədə müəllimlərin özlərindən asılıdır. Onlar qarşılarındakı şagird və tələbəyə nümunə olmağı bacarmalıdırlar: "Biz əvvəlki dövrə baxanda görürük ki, belə nümunələr daha çoxdur. Ancaq zaman-zaman neqativ halları da müşahidə etdik. Ümumilikdə Azərbaycan müəllimləri məsuliyyətlidirlər, şagirdlərə qayğı göstərir və öz üzərilərində işləyirlər. Hesab edirəm ki, bu gün müəllimlərin daha geniş imkanları var və onlar bu imkanlardan dah çox istifadə etməlidirlər”.
Millət vəkili hesab edir ki, şagird-müəllim münasibətlərində artıq əvvəlki ənənəvi yanaşma özünü tam doğrultmur: "Əvvəl belə bir yanaşma vardı ki, müəllim şagirdi tənbeh edə və cəzalandıra bilər, onda nəticələr daha yaxşı olacaq. Amma son tendensiyalar göstərir ki, indi hər müəllim şagirdinə öz övladı kimi yanaşmalı, onları motivasiya etməli, istiqamət verməli və gələcəyə hazırlamalıdır. Bu prosesdə həm müəllimin, həm də Təhsil Nazirliyinin üzərinə ciddi vəzifələr düşür. Müəllim şagirdlərlə dost olmağı bacarmalıdır”.
Millət vəkili Zahid Oruc hesab edir ki, cəmiyyətin sosial əhvalından və dəyərlər sisteminin vəziyyətindən asılı olmayaraq, pedaqoji işi yüksək səviyyədə təşkil edən və milli həyatı tarazlıqda saxlayan, ictimai mənəviyyata yalnız müsbət töhfələr verən insanlar müəllimlərimizdir. Onların daşıdıqları missiyanı virtual məkanda yayılan bir neçə döyülmə səhnəsi xarakterizə edə bilməz. Heç bir mübaliğəyə yer vermədən demək olar ki, bu gün dövlət quruculuğu və yeni nəslin formalaşması vəzifəsi qarşısında ən hazırlıqlı qüvvə məhz təhsil məkanında çalışanlardır. Müəllimlər gözdən salınınca onda başqa dəyərlərin müqəddəsliyini qorumaq çətin olacaq.
Nərmin Qarazadə