Azedu.az

Psixoloqlar olmadan keyfiyyətli təhsil mümkündürmü?

Məktəblər

Tələbə və şagird

Psixoloji xidmət

21 Aprel 2025, 09:14
Psixoloqlar olmadan keyfiyyətli təhsil mümkündürmü?

Bu gün təhsildə keyfiyyətin yüksəldilməsində psixoloji xidmətin mühüm və əhəmiyyətli rolu var. Uşaqların müəyyən psixoloji çətinliklərinin öhdəsindən gəlmələri üçün öz sənətinin peşəkarı olan psixoloqlarla daha tez-tez təmas qurulması vacibdir.

 

Bunu nəzərə alaraq dünyanın bir çox inkişaf etmiş ölkələrin məktəblərində iki, üç psixoloq xidmət göstərir. ABŞ məktəblərində psixoloqlar bütün səviyyələrdə – ibtidai, orta və yuxarı məktəblərdə işləyirlər. Onlar yalnız fərdi problemlərlə deyil, həm də ümumi davranış və sosial emosional inkişaf proqramları ilə məşğul olurlar. Psixoloqlar eyni zamanda inklüziv təhsil sahəsində xüsusi ehtiyaclı şagirdlərlə işləyirlər.

 

Almaniya məktəblərində psixoloqlar şagirdlərin emosional və akademik rifahını təmin etmək üçün fəaliyyət göstərirlər. Valideynlər və müəllimlərlə sıx əməkdaşlıq edirlər. Bu proses bölgədən-bölgəyə dəyişsə də, dövlət bu xidməti dəstəkləyir. Dünyanın ən uğurlu təhsil sistemlərindən biri olan Finlandiyada məktəblərdə psixoloq, sosial işçi və xüsusi təhsil müəllimləri komandası mövcuddur. Psixoloqlar həm müdaxilə, həm də profilaktik işlərlə məşğul olurlar.

 

İsveç məktəblərində hər məktəbdə "elevhälsa" (şagird sağlamlıq komandası) var, burada psixoloq, tibb bacısı və kuratorlar (sosial işçilər) yer alır. Məqsəd şagirdin rifahını və təhsildəki uğurunu təmin etməkdir. Kanada məktəblərində psixoloji dəstək geniş yayılıb. Xüsusi təhsilə ehtiyacı olan və ya psixoloji çətinliklər yaşayan şagirdlərə fərdi yanaşma tətbiq olunur.

 

Orta məktəblərdə psixoloqların olması xüsusilə vacibdir. Çünki bu dövr şagirdlərin həm fiziki, həm də psixoloji baxımdan ciddi dəyişiklik yaşadıqları bir mərhələdir. Orta məktəb dövrü yeniyetməliklə üst-üstə düşdüyü üçün emosional dəyişikliklər, kimlik axtarışı, özünü ifadə etmə ehtiyacı, sosial təzyiqlər və ailədaxili narahatlıqlar daha kəskin olur. Psixoloqlar bu mərhələdə şagirdlərə özlərini tanımağa, duyğularını idarə etməyə və.s problemlərin öhdəsindən gəlməyə köməklik edir. Ümumilikdə hazırki durumda inkişaf edən və ağırlaşan təhsil yükü fonunda ölkədə məktəb psixoloqlarına ehtiyac daha da artmaqdadır.

 

Orta məktəblərdə psixoloqların olması sadəcə problem yaşayan şagirdlər üçün deyil, ümumilikdə məktəb mühitinin sağlam, təhlükəsiz və dəstəkləyici olması üçün vacibdir.

 

Təssüf ki, Azərbaycan məktəblərində şagirdlər psixoloq dəstəyindən kifayət qədər yararlana bilmirlər. Paytaxtın təhsil müəssisələrinin müəyyən qismində məktəb psixoloqları olsa da bölgələrdə bu sahə üzrə kadr çatışmamazlığı mövcuddur.

 

Rəsmi məlumata görə, hazırda ölkə üzrə ümumi təhsil müəssisələrində üç mindən artıq psixoloq çalışır. Ölkə üzrə məktəblərin sayını nəzərə alsaq, bu rəqəm çox azdır.   Xüsusən də şagird sayı çox olan məktəblərdə. Elə məktəblər var ki orada kontingentin sayı 4 min nəfəri keçib. 4 min uşağa 1 psixoloq təbii ki, kifayət deyil. Hətta iki bölməli məktəblərdə rus və Azərbaycan dilli psixoloqların fəaliyyəti vacibdir.

 

Qanunvericiliyə əsasən, hər 500 uşağa 1 məktəb psixoloqu düşür. Məsələn, məktəbdə 1200 uşaq varsa, bu zaman həmin məktəbə 2, ən yaxşı halda 3 məktəb psixoloqu ayrılır. Bu gün məktəblərdə hər 500 uşağa 1 psixoloqun düşməsi o qədər də faydalı deyil. Buna görə də məktəb psixoloqlarının sayı artırılmalıdır.

 

Elə məktəblər var ki, orada, ümumiyyətlə, psixoloq yoxdur. Psixoloji kabineti olmayan məktəblər də az deyil. Paytaxtın təhsil müəssisələrinin müəyyən qismində məktəb psixoloqları olsa da, bölgələrdə bu sahə üzrə kadr çatışmazlığı mövcuddur.

 

Təhsil eksperti Etibar Əliyev şagird sayı çox olan ümumtəhsil məktəblərində bir neçə psixoloqun olmasının tərəfdarıdır. Ancaq bir şərtlə ki, onlar sözün əsil mənasında yaxşı psixoloq olsun: “Bu gün məktəblərdə psixoloqlara çox ehtiyac var. Xüsusən də yuxarı sinif şagirdlərinin psixoloqlarla mütəmadi danışıqlar, söhbətlər aparması vacibdır. Bu gün məktəblərdə yaxşı psixoloqlar var. Təssüf ki, yaxşı olmayan psixoloqlar da var. Fikrimcə, məktəblərə işini bilən mütəxəssislər işə götürülməlidir. Təhsil müəssisələrində çalışan psixoloqların daim peşəkarlıq səviyyəsi artırılmalı, onlar xüsusi təlim, kurs və s. cəlb olunmalıdırlar”.

 

İbtidai siniflərdə təhsil alan şagirdlər fərqli psixoloji dəstəyə ehtiyac duyurlar. Yuxarı sinif şagirdlərinin isə tamamilə başqa psixoloji köməyə ehtiyacı var. İbtidailərin çoxunun valideyndən ayrı düşmək və yalnız qalma qorxusu olur. Bu kimi halları nəzərə alaraq məktəblərdə şagirdlərə psixoloq xidmətinin göstərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə davranmalı olduğunu yaxşı bilir.

 

Həkim-psixoloq Arifə Məmmədova hesab edir ki, hazırki vəziyyətdə hər bir məktəbdə psixoloqun olması vacibdir. Hətta şagirdlərə bir yox bir neçə psixoloq dəstək göstərməlidir: “İbtidailərin çoxunun valideyndən ayrı düşmək və yalnız qalma qorxusu olur. İbtidai sinif şagirdlərinin daha çox “hansısa müəllimdən qorxuram, filan şagirdlə bir yerdə oturmaq istəmirəm” kimi problemləri olur. Bu səbəbdən də onlar məktəbə ağlayaraq gəlir, sinifdə oturmaq istəmirlər. Yuxarı sinif şagirdlərində isə yetkinlik dövrünə xas xüsusiyyətlər müşahidə olunur. Onların bir-biri ilə yola getməməsi, aralarında münaqişənin yaranması, dərsdən yayınmaları, zərərli vərdişlərə meyl etmələri bu şagirdlərin ciddi psixoloji dəstəyə ehtiyac olduğunu göstərir. Bəzən isə ailədə problemin olması, valideynlər arasındakı gərginlik də şagirdin psixologiyasına mənfi təsir edir. Bu kimi halları nəzərə alaraq məktəblərdə şagirdlərə psixoloq xidmətinin göstərilməsi vacibdir. Psixoloq uşaqlarla doğru ünsiyyətin necə qurulmasını, aqressiv, gərgin şagirdlərlə necə davranmalı olduğunu yaxşı bilir”.

 

A.Məmmədova bildirib ki, son vaxtlar yeniyetmələr arasında intihar halları xeyli artıb: “Şagirdlərin psixoloqa olan ehtiyacı ödənilmədiyindən, psixoloji problemləri həllini tapmadığından intihar halları artır. Həyata hazır olmayan yeniyetmə hər hansı bir problemlə qarşılaşdıqda, çətinliklə üzləşdikdə vəziyyətdən çıxış yolu tapa bilmir. Depressiya düşür, özünü vəziyyət qarşısında açız, carəsiz hiss edir. Düşdüyü vəziyyətdən çıxış yolu tapa bilmədiyi üçün intihar edir”.

 

Təhsil eksperti Nadir İsrafilov söylədiyinə əsasən, məktəbdə psixoloji xidmətin başlıca məqsədi uşaq, yeniyetmə və gənclərin psixoloji sağlamlığını, şagirdlərin təlim və tərbiyəsi sahəsindəki çətinliklərini, qüsurlarını aradan qaldıraraq cəmiyət üçün xeyirli şəxsiyyətin formalaşdırılmasına çalışmaqdır. Bu halda məktəbə psixoloq nəinki lazımdır, hətta zəruridir. Digər tərəfdən​ məktəbin işi şagirdlərə təkcə bilik, bacarıq və vərdişlər aşılamaq deyil, həm də gələcək üçün komplekssiz, problemsiz şəxsiyyət yetişdirməkdir. Əlbəttə, söhbət məktəblərdə işini bilən, ixtisaslı, işinin öhdəsindən gələn psixoloqlardan gedir.

 

Ekspertin sözlərinə əsasən, müasir təhsil sistemindəki psixoloji xidmət praktik psixoloqun qarşısında uşaqların məktəb təliminə hazırlığı səviyyəsini aşkara çıxarmaqdır. Həmçinin onların məktəb həyatına daha yaxşı uyğunlaşmasını təmin etmək üçün müəllimlərlə birlikdə fərdi iş aparmaq, uşağın həyatında keçid və böhran dövrlərini xüsusi nəzarətdə saxlamaq şagirdlərin müəllimlərlə şəxsiyyətlərarası münasibətlərindəki konfliktlərin psixoloji səbəblərini aşkara çıxarmaq və aradan qaldırmaq kimi konkret və həlli vacib vəzifələr qoyur: “Məhz buna görədir ki, orta məktəblərdə psixoloq çatışmazlığı və psixoloji xidmətin təşkili ilə bağlı məsələ zaman-zaman gündəmə gətirilir”.

 

Millət vəkili Hicran Hüseynova hesab edir ki, ailədaxili münasibətlərdəki xoşagəlməz hallar uşaqların formalaşmasına, psixoloji vəziyyətinin dəyişməsinə mənfi təsir göstərir. Bu baxımdan orta məktəblərdə uşaqlara psixoloji xidmətin göstərilməsi yaxşı haldır: "Təəssüflər olsun ki, bu gün məktəblərdə çalışan psixoloqların sayı azlıq təşkil edir. Hətta məktəblərin bəzilərində ümumiyyətlə psixoloq yoxdur. Bu da təbii ki, şagirdlərə göstərilən psixoloji xidmətin keyfiyyətinə öz təsirini göstərir. Orta məktəblərdə psixoloq xidmətinin göstərilməsi olduqca vacibdir. Buna görə də hesab edirəm ki, məktəblərdə çalışan psixoloqların sayı artırılmalıdır".

 

Millət vəkilinin dediyinə görə, məktəb psixoloqlarının hazırlıq səviyyəsi ilə yanaşı, həm də onların sayının artırılması məsələsi də aktualdır. Çünki bəzi məktəblərdə psixoloqun sayı ilə şagirdlərin sayı tərs mütənasibdir. Digər tərəfdən pedaqoqların fənn bilik və bacarıqları ilə yanaşı, pedaqoji və psixoloji bilik və bacarıqlarının da qiymətləndirilməsi vacibdir: "Digər tərəfdən, valideynlərin məsuliyyəti məsələsini yaddan çıxarmamalıyıq. Əfsuslar olsun ki, bəzən valideynin övladına verdiyi tərbiyə neqativ təsirlərlə müşahidə olunur. Onlar müəllimə və sinif yoldaşına münasibətdə aqressiv olurlar. Şagirdlərin müxtəlif yaş keçid dövrlərində davranışlarında dəyişikliklər olur. Bu dəyişikliklər onun şəxsiyyət kimi formalaşmasına həm müsbət, həm də mənfi təsir edə bilər. Bunun üçün həm valideyn, həm də müəllim birgə hərəkət etməlidir. Nəzərə alsaq ki, hazırda biz açıq informasiya cəmiyyətində, İKT-nin inkişaf etdiyi bir zamanda yaşayırıq, o zaman bu məsuliyyət daha da artır. Bu baxımdan uşaqlara qarşı diqqətli və həssas yanaşmalıyıq. Onların etdiyi səhvləri elə izah etməliyik ki, şəxsiyyətləri alçalmasın. Biz onları özünəinamlı tərbiyə etməli, eyni zamanda, həmyaşıdlarına, böyüklərə hörmətlə, dözümlə yanaşmağı öyrətməliyik".

 

Təhsil eksperti Elçin Əfəndi deyir ki, bu günün əsas problemlərindən biri də məktəblərdə boş olan psixoloq vakansiyalarına qeyri-ixtisas sahibi şəxslərin işə götürülməsidir: “Psixoloqlar təyin olunduqdan sonra onların əmək fəaliyyətinə ciddi şəkildə nəzarət olunmalıdır. Onlar öz üzərlərinə düşən vəzifələri düzgün formada yerinə yetirməsələr vəziyyət işə götürülən psixoloqların sayından asılı olaraq dəyişməyəcək. Məktəb psixoloqları bütün günü otaqlarında əyləşib xaotik vəziyyətin yaranmasını və daha sonra müdaxilə etmələrini gözləməməlidirlər. Psixoloqlar müntəzəm olaraq valideynlərlə, şagirdlərlə, hətta müəllimlərlə də görüşlər təyin edib, müəyyən işlər aparmalıdırlar”.

 

Milli Məclisin deputatı Ceyhun Məmmədov vurğulayıb ki, təhsil sistemində ən önəmli vəzifələrdən biri psixoloqdur: “Bu mənada psixoloqların üzərinə böyük vəzifə və məsuliyyət düşür.  Bu, çox ağır və mürəkkəb işdir. Təəssüf ki, məktəblərdə bu gün  kifayət qədər psixoloq yoxdur. Onların sayı ilə bağlı ara-sıra şikayətlər olur. Əvvəlki dövrlə müqayisədə psixoloqların sayı bir az artırılsa da, hazırda bu məsələ tam həllini tapmayıb və tapmadığına görə də  bu problemləri yaşayırıq. Bu məsələlərə daha həssas yanaşmalıyıq. Psixoloqlar övladlarımızla  daha sıx işləməlidirlər. Çünki hər bir ailədə psixoloji dəstəyə ehtiyacı olan övladı ola bilər. Bu mənada bizim psixoloqlarımızın üzərinə mühüm vəzifə düşür. Onlar bu vəzifəni öhdəsindən layiqincə gəlməli, peşəkar olmalı, ciddi səy göstərməlidirlər ki, hər hansı çətinlik yaşanmasın. Bu vəzifənin də öhdəsindən gəlmək üçün kifayət qədər savad olmalıdır”.

 

Elim və təhsil naziri Emin Əmrullayev bildirib ki,  məktəb psixoloqları tədrisdə olduqca vacib rola malik insanlardır. Məktəblərdə həqiqətən də peşəkar psixoloqlar çalışmalıdır. Çünki hər bir təhsil müəsisəsində psixoloji xidmət və konsultasiya məsuliyyətli məsələdir. Əksər ​ ölkələrdə bu proses lisenziyalarla tənzimlənir və bu kifayət qədər ağır məsələdir. Bu mənada, çalışırıq ki, daha keyfiyyətli mərkəzləşmiş psixoloji xidmət quraq”.

 

Nərmin Qarazadə

HAZIRLIQ BAŞLADI! 4 ölkə Rusiyaya hücum edəcək
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox