Məlum olduğu kimi, bir müddət əvvəl Ağstafa rayonundakı məktəblərdən birində 9-cu sinif şagirdi məktəb yoldaşını bıçaqlayıb. Tənəffüs vaxtı qeydə alınan bu hadisədə şagirdin yüngül xəsarət aldığı bildirilir. Aprelin 10-da isə Gəncə şəhərində 4 nömrəli xarici dil təmayüllü məktəb liseyində şagirdlərlə müəllim arasında baş verən mübahisə zamanı müəllimə xəsarət yetirilib.
Son illərdə orta məktəblərdə şagirdlər arasında şiddətin, kriminal aləmə meyilliliyin artması göz qabağındadır. Bu gün məktəblərimizdə sinif yoldaşına ağır xəsarətlər yetirən, vuran, döyən, bıçaqlayan şagirdlərimiz var. Belə şagirdlərin sayı gündən günə artır.
Təhsil müəsisələrində bəzi şagirdlər, xüsusən fiziki cəhətdən güclü olan yuxarı sinif şagirdləri özlərini kriminal aləmdəki kimi hesab edərək aşağı sinif şagirdlərinə müxtəlif qaydalar tətbiq edirlər. Onları müxtəlif cəza növləri ilə cəzalandırırlar. Yuxarı sinif şagirdlərinin aşağı sinif şagirdlərindən pul toplaması, özlərinə tabe etdirməsi kimi faktlar mövcuddur. Bunun ən başlıca səbəbi ümümtəhsil məktəblərində təlim-tərbiyə işinin sistemli aparılmaması və ölkədə tərbiyə konsepsiyasının olmamasıdır. Bu gün şagirdlər təhsil almaq əvəzinə cinayət aləminə yönəlir, elm öyrənmək yerinə bu aləmin “qayda-qanunlarına” meyil göstərirlər. Sinif yoldaşlarına qarşı şiddət tətbiq edir, cinayət tərkibli hadisələr törədirlər. Şagirdlərin bir-birini bıçaqlaması, onlar arasında baş verən kütləvi davalar, ciddi xəsarət yetirmə hallarının artması cəmiyyət tərəfindən də böyük narahatçılıq və narazılıqla qarşılanır. İnsanlar indidən əlində bıçaqla gəzən şagirdlərin gələcəkdə daha böyük cinayətlər törədəcəyindən narahatdırlar.
Mütəxəssilərin fikrincə, uşaqların kriminal aləmə meylli olmasında valideynlərin, xüsusən də ataların çox böyük təsiri var. Valideynlərin əksəriyyəti uşaqlarına sinfin lideri, ağası, böyüyü olmağı öyrədir. Bu da həmin uşaqlarda ağalıq, başçılıq etmək, sinifdə öz sözünü keçirmək kimi fikirlərin baş qaldırmasına səbəb olur. Həmin tərbiyə ilə böyüyən uşaqlar sinifdə özlərini ağa, böyük kimi aparmaq istəyirlər və hərəkətləri ilə sanki özlərini avtoritet hesab edirlər. Özlərindən “qaydalar” kəşf edir və onu şagird yoldaşlarına qarşı tətbiq edirlər. Onlara etiraz edən şagirdləri isə cəzalandırırlar. Son vaxtlar məktəblərdə, şagirdlər arasında baş verən xoşagəlməz halların da səbəbkarı məhz belə şagirdlərdir.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərov deyir ki, bu gün təhsil ocaqlarında tərbiyə prosesi tədrisdən çıxarılıb. Orta məktəblərdə tərbiyə məsələsi demək olar ki, diqqətdən kənarda qalıb. Tərbiyə olmayan cəmiyyət isə formalaşa bilmir və məhvə doğru gedir. Təlim-tərbiyəyə də fikir vermək üçün hər adamı məktəb direktoru təyin etmək olmaz. Bu işə pedaqoqlar cəlb olunmalıdır. Hansı ki, həmin adam tərbiyəni təhsildən fərqləndirə bilsin. Belə çıxır ki, məktəbin idarə olunmasına pedaqoqlar yox, qeyri-pedaqoqlar cəlb olunub: “Tərbiyə problemi günün problemi kimi gündəmə gətirlməli, həllini tapmalıdır. Bu istiqamətdə alimlərin fikirləri öyrənilməlidir. Yoxsa ki, mən təhsil eksperti kimi danışmaqla, media bu məsələ barədə yazmaqla heç nə alınmayacaq. Bu gün danışacağıq, sabah yaddan çıxacaq. Nəticə olmalıdır, iş görülməlidir”.
Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, bu gün məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər fərqli təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə, zəmanəmizdə tərbiyə işi, bir növ məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Dəyərlər dəyişib, düşüncə və yanaşma tərzimiz başqalaşıb, tələb və təklif prinsipləri yenilənib: “Əgər rüşvət, saxtakarlıq, zorakılıq və digər xarakterik hallar cəmiyyətin hansısa bir zümrəsi tərəfindən adi, hətta normal qəbul edilirsə, belə hallara məktəbdə digər təhsil müəssisələrində yol verildikdə, bu təbii ki, ictimaiyyət tərəfindən daha çox qınaq obyektinə çevrilir, az qala faciə səviyyəsinə qaldırılır. Halbuki, qloballaşma prosesi, elmi-texniki tərəqqi, yüksək texnologiyaların insani münasibətlərin önünə keçməsi əsas bilik, bacarıq, vərdiş, dünyagörüşü və tərbiyə elementlərinin ötürücüsü kimi məktəb faktorunu böyük ölçüdə arxa plana keçirib. Bununla belə, baş verənlərin səbəblərini aydınlaşdırmağın vacib olduğunu, ancaq belə hadisələr üzərində şoular düzəltməyə ehtiyac olmadığını bildirənlər çoxdur. Hətta tərbiyə və təhsilin bir paraleldə inkişaf edən amillər olduğunu, tərbiyənin müəyyən bir qisminin ailə ilə əlaqəli olub, digər faizinin məktəblə bağlı olduğu qənaətində olanlar da var”.
Ekspert vurğulayıb ki, məktəblərdə zorakılıq hallarına, şagirdlərin kriminal aləmə meyillənib bir-birinə qarşı müxtəlif “cəzalar”, şiddət tətbiq etməsilə bağlı insanda belə bir sual doğur. Görəsən, bu kimi arzuolunmaz halların baş verməsinə səbəb nədir, bu kimi təzahürlər nədən qaynaqlanır? İstər-istəməz düşünürsən ki, bəlkə bu zəmanədəndir. Dilemma qarşısında qalırsan: “Bəli, zəmanə dəyişib, dəyərlər başqalaşıb, insani münasibətlərin önünə keçən ifrat virtual ünsiyyətdən "əməkdaşlıq pedaqogikası” adlanan canlı ünsiyyətə keçməyə məcburuq. Biz müəllim-şagird-valideyn münasibətlərinin genişləndirilməsi yollarını axtarmalıyıq. Telekanallarda zorakılıq, şiddət hallarının göstərilməsi, müxtəlif saytlarda bu qəbildən olan video görüntülərin yayımlanması yolverilməzdir. Əgər pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən vətəndaş yetişdirməsək problemlər həll olunmayacaq. Xüsusilə son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən arzuolunmaz neqativ hallar belə qənaətə gəlməyə əsas verir”.
N. İsrafilov hesab edir ki, məktəblilərin qeyri-etik davranışlarının, pis vərdişlərinin formalaşması gələcəkdə onları cinayət törətməyə sövq edə bilər: “Bunun qarşısını indidən almaq lazımdır. Bu gün bu yaşında sinif yoldaşını döyən, cəzalandıran, bıçaqlayan uşaq gələcəkdə daha ağır cinayətlər törədə bilər. Bəzən düşünürlər ki, bütün bu baş verənlər məktəbdə psixoloqların az olması ilə əlaqəlidir. Düşünürəm ki, bu bir azda valideynlərin təlim-tərbiyəsi ilə də əlaqəlidir. Tərbiyənin yalnız müəyyən bir qismi təhsil müəssisələrinin payına düşür, demək olar ki, 80 faizi sağlam ailə modelindən asılıdır. Çünki məktəblərdə uşaqların sayı ilə psixoloqların sayı da qətiyyən düz gəlmir. Əlbəttə ki, hazırda vəziyyət ürəkaçan deyil. Yaxşı olardı ki, bu məsələ tez bir vaxtda öz həllini tapsın. Təbii ki, kiçik bir problemin həlli, onun kənar fəsadlarının həllindən çox daha asan olur. Psixoloq yanaşması fərdi şəkildə aparılmalıdır. Nəinki şagirdlərə, bəzən müəllimlərin özləri də yorğun, gərgin iş rejimindən təsirlənirlər. Ona görə də psixoloji xidmətlər həm şagirdlərə, həm də müəllimlərə gərəklidir. Bizdə hələ ki, bu məsələlər yeni-yeni işlənməyə başlayır. Sistem tamamilə uyğunlaşdırıldıqdan sonra bütün bu problemlər öz həllini tapacaq. 30 il keçməsinə baxmayaraq, təhsil sistemimiz Avropa standartlarına uyğunlaşdırılmağa davam edir. Bütün bu yeniliklər, kadr məsələləri, müəllimlərin diaqnostik qiymətləndirilməsi də proseslərə daxildir. Təhsildə psixoloji xidmət haqqında xüsusi əsasnamə var. Bu əsasnaməyə yenidən baxılmalıdır, burada psixoloq üçün nəzərdə tutulan əsas vəzifələr, səlahiyyətlər dəqiq müəyyənləşdirilməlidir. Hazırki əsasnamə isə sadəcə ümumi müddəalardan ibarətdir. Heç bir fərdi yanaşmadan, iş prosesindən bəhs edilmir”.
Təhsil eksperti Elçin Sleymanov bildirib ki, şagirdlərin kobud rəftarının, üzərlərində bıçaq gəzdirmələrinin məsuliyyətini təkcə məktəbə atmaq düzgün deyil. Bir şagirdin şəxsiyyətinin formalaşmasında ailə, məktəb, müəllim üçbucağı olmalıdır: "Çünki şagird günün 5-6 saatını məktəbdə olur. Digər saatlarını evdə və ya küçədə keçirir. Son illərdə bütün dünyada yeniyetmələr arasında aqresiya, şiddətə meyillilik artır. Buna da daha çox sosial şəbəkələr, "Tik-Tok" və müxtəlif oyunlar səbəb olur. Eyni zamanda cəmiyyətimizdə "oğru aləminə" meyillilik kimi sovet dövründən qalma mənfi bir tendensiya var. Onun təbliği isə müəyyən boşluqlardan olub. Bəzən avara, dərsi zəif bilən uşaqlar kriminal aləmi təqlid etməyə, onlara özlərini oxşatmağa çalışırlar".
Məktəbdə nəzarət sisteminin vacibliyini qeyd edən ekspert vurğulayıb ki, direktor və məsul şəxslər məsuliyyəti üzərindən ata bilməzlər: "Bir yaşlı gözətçi və ya müəllim 4-5 minlik məktəbə nəzarət edə bilməz. Burada növbətçi müəllimlər olmalı, "Məktəblinin dostu" kimi layihələr həyata keçirilməlidir. Şagirdlər arasında münasibət pozulması, illərlə davam edən anlaşılmazlıq varsa, mütləq valideynlər məktəb rəhbərliyini xəbərdar etməli, psixoloqlarla iş aparılmalıdır. Əgər ciddi təhlükə varsa, sahə polis müvəkkəli məlumatlandırılmalı və bu cür şagirdlər nəzarətə alınmalıdır. Şagirdin və ya vətəndaşın üstündə bıçaq, soyuq silah gəzdirməsi cinayət məsuliyyəti daşıyır. Zaman-zaman reydlər keçirilərək, müəyyən yaşlarda olan şagirdlərin üzərində bıçaq gəzdirməsi halları pislənilməli və ictimai qınaq formalaşmalıdır. Valideynlər də övladlarının nə ilə məşğul olmasına, boş vaxtını necə keçirməsinə, kiminləsə problemin olub-olmamasına nəzarət etməlidir. Uşaqların başıboş buraxılması həm bu cür kriminal hadisələrə gətirib çıxardır, həm də zərərli vərdişlərə meyli artırır".
E.Süleymanov qeyd edib ki, şagirdin davranış qaydalarının hazırlanması belə hadisələrin qarşısının alınmasında mühüm addımdır. Belə ki, davranış pozuntusu olan şagirdlərin məktəbdən uzaqlaşdırılmalı və çətin tərbiyə olunan uşaqların məktəbinə yönəldilməlidir.
Millət vəkili Ceyhun Məmmədov hesab edir ki, şagirdlərin kriminal aləmə meyl göstərməsinin kökündə valideynlər dayanır. Valideyn nəzarətindən, diqqətindən kənar qalan uşaqlar yanlış istiqamətə yönəlir:
“Valideynlər övladlarına daha çox vaxt ayırmalı, təlim-tərbiyəsi ilə daha ciddi məşğul olmalıdır. Ata-ana övladını daim nəzarətdə saxlamalı, dərslərini necə oxuması, məktəbdə özünü necə aparması ilə maraqlanmalıdır. Uşaqda mənfi yöndə baş verən dəyişikliyin qarşısını almaq üçün valideyn vaxtında tədbirlər görməlidir. Xüsusən də yeniyetməlik dövrünü yaşayan yuxarı sinif şagirdlərinə qarşı daha diqqətli davranmaq lazımdır. Bu dövrdə uşaqlar həyatda öz mövqelərini hələ müəyyən etməmiş, həyata baxışları da fərqli olur. Bu səbəbdən də müxtəlif istiqamətlərə meyillənirlər. Buna görə də valideyn övladına düzgün istiqamət verməli, doğru yol göstərməlidir. Valideynlər ilk növbədə düzgün tərbiyələndirmə aparmalı, övladlarına humanizmi təbliğ etməlidirlər. Onlar övladlarını məktəbə yola salanda övladlarına bir sıra təlimatlar və öyüd-nəsihətlər verməlidirlər. Hər bir valideyn öz övladının məktəbdə gündəlik davranışı haqda məlumat əldə etməli, bilməlidir ki, onun övladı məktəbdə bu gün necə davranıb.
Valideynin işi təkcə səhər övladına yemək verib, onu məktəbə yola salmaq deyil. Digər tərəfdən məktəblə valideyn arasında ciddi münasibət qurulmalıdır. Çünki bu vacibdir. Ən başlıcası isə məktəblərdə maarifləndirici, tərbiyələndirici söhbətlər, müzakirələr geniş şəkildə aparılmalı, televiziyalarda, sosial şəbəkə platformalarında bu istiqamətdə sistemli şəkildə ciddi işlər aparılmalıdır. Şagirdlərin cinayətkar elementlərə marağının artmasında sosial şəbəkələrdə kriminal aləmin xoşagələn, prestijli iş kimi təqdim olunmasının da rolu böyükdür. Biz kompleks şəkildə mübarizə aparmalıyıq. Uzun müddətdir ki, Azərbaycanda sosial şəbəkələrlə bağlı çox geniş müzakirələr aparılır. Burada diqqət yetirilməsi vacib olan istiqamətlərdən biri gənclərin bu kimi neqativ hallardan qorunması barədə görülən işlərdir. Çünki sosial şəbəkə faktorunun tamamilə qarşısını almaq mümkün deyil, sadəcə daha müsbət işlərdə rol oynamasına kömək edə bilərik. Məktəblərdə şagirdlər arasında baş verənlər çox ciddi mətləblərdən xəbər verir, buna etinasız yanaşmaq olmaz”.
Millət vəkili qeyd edib ki, şagirdlər arasında baş verən neqativ halların aradan qaldırılması üçün direktorlar da öz məsuliyyətini dərk etməlidir: “Direktorlar valideynlərlə daha sıx işləməlidir. Əgər hansısa valideynin övladı dərs oxumur, özünü yaxşı aparmırsa, onda kriminal aləmə meyillik hiss olunursa, dərhal o valideyn məktəbə çağırılmalı və fərdi qaydada söhbət edilməlidir. Müəllimlər və məktəb rəhbərliyi dərk etməlidir ki, indiki şagirdlər əvvəlki şagirdlərlə eyni deyil. Əgər müəllim görürsə ki, bir şagird özünü yaxşı aparmır, bu zaman məktəb direktoruna və valideynə məlumat verməlidir. Bunun qarşısı vaxtında alınmalıdır. Əks təqdirdə proses dərinləşəcək və qarşısı alınmaz vəziyyət yaranacaq”.
Hüquqşünas Rüstəm Əzimzadə bildirib ki, məktəblərdə cinayət hadisələrinin artmasının bir neçə əsas səbəbi var. İlk növbədə, ailə mühitində baş verən problemlər, valideyn nəzarətinin zəifləməsi və sosial problemlər yeniyetmələrin cinayət əməllərinə meyilli olmasına şərait yaradır. Ailədə diqqətsiz böyüyən, sevgidən məhrum olan uşaqlar özlərini təsdiq etmək üçün bəzən yanlış yollar seçirlər: “Bundan əlavə, sosial şəbəkələr və mediada zorakılığın yayınlanması da bu cür halların artmasına səbəb olur. Hüquqi baxımdan valideyn məsuliyyəti Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Cinayət Məcəlləsi çərçivəsində tənzimlənir. Valideynlər yetkinlik yaşına çatmayan övladlarının qanunsuz hərəkətlərinə görə hüquqi məsuliyyət daşıyır və onların tərbiyəsinə laqeyd yanaşdıqları halda inzibati və hətta cinayət məsuliyyətinə cəlb oluna bilərlər".
Hüquqşünasa görə, psixoloq və sosial işçilərin sayının azlığı, onların yanaşmalarının zəifliyi və şagirdlər arasında konfliktlərin vaxtında həll edilməməsi məktəblərdə cinayət hadisələrinin baş vermə ehtimalını artırır. Bu cür halların qarşısını almaq üçün məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsi, sosial problemlərin vaxtında araşdırılması və müəllimlərin bu sahədə xüsusi təlimlərdən keçməsi vacibdir:
"Təhsil haqqında” qanun, Uşaq Hüquqları Konvensiyası və Yetkinlik yaşına çatmayanların profilaktik nəzarəti haqqında qanunvericilik aktları məktəblərdə psixoloji xidmətlərin təşkilini və şagirdlərin təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutur. Qanunvericiliyə əsasən, hər bir təhsil müəssisəsi şagirdlərin psixoloji və sosial rifahını qorumaq məqsədilə müvafiq tədbirlər görməli, zorakılıq halları aşkarlanarsa, bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməlidir. Bundan əlavə, məktəb rəhbərliyi şagirdlərin sosial və hüquqi maarifləndirilməsini təşkil etməli, müəllimlər isə yetkinlik yaşına çatmayanların müdafiəsi və hüquqi məsuliyyəti ilə bağlı təlimlərə cəlb olunmalıdırlar. Bu cür tədbirlər məktəblərdə cinayət hallarının qarşısının alınmasında mühüm rol oynaya bilər".
Rüstəm Əzimzadənin fikrincə, hüquq-mühafizə orqanlarının məktəblərlə mütəmadi əməkdaşlığı, əməkdaşlar tərəfindən yeniyetmələrlə maarifləndirici görüşlərin keçirilməsi və məktəblərə yaxın ərazilərdə təhlükəsizlik tədbirlərinin gücləndirilməsi cinayət hadisələrinin azalmasına səbəb ola bilər. Eyni zamanda, məktəblərdə videonəzarət sistemlərinin tətbiqi və daxili təhlükəsizlik qaydalarının sərtləşdirilməsi mühüm addımlardan biridir.
Hüquqşünasın dediyinə görə, təhsil müəssisələri psixoloji və tərbiyəvi işləri gücləndirməli, şagirdlərin sosial problemlərinin vaxtında aşkar edilməsi və həll olunması üçün məktəb psixoloqları və sosial işçilərin fəaliyyəti genişləndirilməlidir. Hüquq-mühafizə orqanları məktəblərlə sıx əməkdaşlıq etməli, yeniyetmələr arasında hüquqi maarifləndirmə işlərini artırmalı və məktəb ətrafı ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər. Valideynlər isə övladlarının tərbiyəsinə daha çox diqqət ayırmalı, onların sosial çevrəsini yaxından izləməli və riskli davranışları erkən mərhələdə aşkar edərək qarşısını almağa çalışmalıdırlar.
Məktəbdə təlim-tərbiyə işinin düzgün qurulması bu hadisələrin qarşısını almağa yardımçı olacaq. Burada sinif rəhbərinin, müəllimlərin, psixoloqların rolu böyükdür. Məktəb-valideyn münasibələrinin zəif olması, valideynlərin öz övladlarına qarşı laqeyd yanaşması, kimlərlə oturub-durduğuna, hansı sosial şəbəkələrdən istifadə etdiyini izləməməsi bu kimi halların baş verməsinə səbəb olur.
Kriminal aləmə meylliliyi azaltmaq üçün əsaslı şəkildə iş görülməli, maarifləndirmə işləri artırlmalıdır. Bundan başqa yeniyetmələrin asudə vaxtının təşkilini düzgün qurmaq lazımdır. Onları faydalı vərdişlərə istiqamətləndirmək mütləqdir. Sosial şəbəkələrdə kriminal aləmlə bağlı videoların yayılmasının qarşısını almaq lazımdır. Şagirdlərin bu aləmə meyl göstərməsinin qarşısını almaq üçün tək müəllim yox, valideyn, cəmiyyət olaraq səy göstərilməlidir. Nə qədər ki, gec deyil vəziyyətin ciddiliyini nəzərə alıb hamılıqla bu problemi həll etmək istiqamətində işlər görülməlidir.
Nərmin Qarazadə