Güllübulaq kəndi XIX əsrin sonlarınadək Qars əyalətinin Qars dairəsində, daha sonra isə Qərbi Azərbaycanın Amasiya rayonuna daxil olan kənd olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamış, kənd öz milli-mədəni simasını qoruyub saxlamışdır. Həmin ildən etibarən, bölgədə baş verən siyasi və etnik təzyiqlər nəticəsində Güllübulaq kəndi də digər türk-müsəlman yaşayış məntəqələri kimi dağıdılmış, əhalisi didərgin salınmış və kənd erməniləşdirilmişdir.
Hazırda Güllübulaq kəndi Ermənistan Respublikasının ərazisində mövcuddur. Tarixi mənbələrə əsasən, kənd İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Ermənistanın Qızılqoç (indiki Qukasyan) rayonunda yerləşir. Rayon mərkəzindən cəmi 4 kilometr məsafədə yerləşən bu kənd “İrəvan əyalətinin icmal dəftəri”ndə də qeyd olunmuşdur.
Kəndin adı "güllü, çiçəkli" mənasında işlənən "güllü" sözü ilə "bulaq" sözünün birləşməsindən yaranmışdır və “çiçəklərlə əhatələnmiş bulaq kənarında yerləşən kənd” mənasını verir. Bu ad hidrotoponim kimi qiymətləndirilir və quruluş baxımından mürəkkəb toponimdir. Kəndin adı sonradan erməni dilinə hərfi tərcümə edilərək Vardaxbyur şəklində dəyişdirilmişdir.
Güllübulaq kəndi Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi və bölgənin qədim türk yurdlarından biri hesab olunurdu. Kənd ərazisində Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı kimi xalq qəhrəmanları ilə bağlı toponimlər mövcud idi. Bu adlar Azərbaycan xalqının qəhrəmanlıq folkloru ilə bağlılığı göstərir. Eyni zamanda, kənddə yaşayan tayfaların adları da sırf türk mənşəli idi ki, bu da onun etnik və mədəni kimliyinin açıq göstəricisidir.
Amasiya bölgəsinin kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində inşa edilmişdir. Ötən əsrin əvvəllərində bu kənddə ibtidai rus–tatar məktəbi fəaliyyət göstərmiş və kənd əhalisinin böyük bir qismi müəyyən dövr ərzində rus dilində təhsil almışdır.
Güllübulaq kəndi, əməkdar və baş müəllimlərinin, eləcə də orta məktəbi qızıl medalla bitirən məzunların sayına görə bölgənin qabaqcıl kəndlərindən biri hesab olunurdu. Kəndin yetirmələri arasında Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, eləcə də müxtəlif partiya və sovet orqanlarında yüksək vəzifələrdə çalışan şəxslər olmuşdur.
1920–1930-cu illərdə, Zaqafqaziya üzrə yeganə sənaye təhsil müəssisəsi olan Gümrü Sənaye Texnikumunu bitirənlər arasında da Güllübulaq kəndinin nümayəndələri üstünlük təşkil etmişdir.
Kənddə yüksək dini və dünyəvi təhsilə malik şəxslərin sayı da diqqətəlayiq idi. Belə ki, Güllübulaqda 31 Kərbəlayi, 17 Məşədi, 10-dan çox Hacı və Axund yaşamışdır. Bu faktlar kəndin maarifçilik və dini-mədəni dəyərlərə olan bağlılığını açıq şəkildə göstərir.
Güllübulaq kəndi, Ağbaba mahalında ziyalı və təhsilli insanların sayına görə daim ön sıralarda olub. Bu kənddə elə bir ev tapmaq mümkün deyildi ki, orada heç olmasa bir-iki ali təhsilli şəxs yaşamamış olsun. Təkcə kəndin Dığırlı adlı bir məhəlləsində yüzdən artıq ali təhsilli elm və peşə sahibi vardı.
1930-cu illərdən etibarən fəaliyyət göstərən Güllübulaq məktəbi ilk olaraq dini təhsil ənənələrindən dünyəvi təhsilə keçid dövrünü yaşamışdır.
1949-1950-ci tədris ilində Güllübulaq kənd orta məktəbinin ilk buraxılışı olmuşdur. Həmin dövrdə məktəbə Latif Hüseynov rəhbərlik edirdi. Bir neçə il sonra o, Ermənistanın Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür. Güllübulaqda və ümumilikdə rayonda orta məktəb məzunları arasında ilk medal da L.Hüseynovun direktor olduğu dövrdə əldə olunmuşdur. Məktəbin məzunu Qəmbər Namazov 1952-ci ildə (hazırda o, professordur və Bakı Dövlət Universitetində çalışır) təhsildə qazandığı uğurlara görə gümüş medalla təltif olunmuşdur.
1965-1966-cı tədris ilində Güllübulaq kənd orta məktəbini bitirən məzunlardan 12 nəfəri qızıl və gümüş medala layiq görülmüşdü. Onların böyük əksəriyyəti birinci qəbul imtahanında əla qiymət alaraq nüfuzlu ali məktəblərə və qabaqcıl ixtisaslara daxil olmuşdu.
Bu uğurların arxasında kənddə elmə və təhsilə göstərilən dərin hörmət dayanırdı. Xüsusilə qeyd olunmalıdır ki, bu münasibətin formalaşmasında açıqfikirli din xadimlərinin illərlə verdiyi tövsiyələrin böyük rolu olmuşdur. Güllübulağın din xadimləri yalnız dini biliklərlə kifayətlənməmiş, elmin, savadın, maarifin təbliğinə də önəm vermiş, ətraf kənd və mahallarda nüfuz qazanmışdılar.
1986-1988-ci illərdə Güllübulaq məktəbinin direktoru olmuş Ellazov Rza Museyib oğlu qeyd edib ki, Güllübulaq məktəbi 1972-1973-cü illərdə yeni binaya köçürülmüşdü:
“Həmin dövrdə məktəbin üçmərtəbəli əsas korpusu fəaliyyətə başlamışdı. Məktəb dəhlizinin bir hissəsi yeməkxana, digər hissəsi isə idman zalı kimi istifadə olunurdu. Bu məktəb rayonda orta təhsil verən ilk məktəb olmuşdur. Ətraf kəndlərdə yerləşən məktəblər isə yalnız 8 və ya 9 illik təhsil səviyyəsinə malik idi. Sonralar həmin kəndlərdən olan şagirdlər təhsillərini davam etdirmək üçün Güllübulaq məktəbinə üz tuturdular.
Məktəbin qarşısında iki mərtəbədən ibarət korpus inşa edilmişdi. Bu bina əslində yataqxana funksiyası daşımalı idi və digər kəndlərdən gələn şagirdlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuşdu. Eyni ərazidə müəllimlər üçün də yaşayış binası tikilmişdi. Kənar bölgələrdən gələn müəllimlərin yaşayış şəraiti bu şəkildə təmin olunurdu.
Yeni binası olan Güllübulaq məktəbi 1176 yerlik idi. 1988-ci ilə qədər burada 1200-dən çox şagird və təxminən 80 müəllim fəaliyyət göstərib. Lakin həmin dövrdə bölgədə başlayan köçkünlük dalğası şagird sayına da təsir göstərdi. Çətin şəraitdə yaşamaq mümkün olmadığından əhalinin bir qismi kəndi tərk etməyə başladı və nəticədə məktəbdəki şagirdlərin sayı sürətlə azaldı.
Mənim rəhbərlik etdiyim dövrdə məktəbdə 850 şagird və 65-66 müəllim fəaliyyət göstərirdi. 1988-ci ildə, hazırda Gümrü adlanan ərazidə baş vermiş zəlzələdən sonra məktəbdə tədris tamamilə dayandırıldı. İnsanlar sənədlərini belə götürə bilmədən kəndi tərk etdilər və yalnız məktəbin adı yaddaşlarda qaldı.
Əvvəllər kənddə iki təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu məktəblər təxminən 1932–1933-cü illərdə biri rayon mərkəzində, digəri isə Güllübulaqda açılmışdı. Güllübulaq məktəbində dərslər azərbaycan, rus və erməni dillərində keçirilirdi. Kənd həmçinin çoxsaylı dini xadimləri ilə də tanınırdı – 5 nəfər axund Xoy, İrəvan və Xorasan bölgələrində dini təhsil almışdı. Onlar Çar Rusiyası dövründə gənclərə mədrəsələrdə dini dərs keçirdilər.
Kənddə böyük bir məscid fəaliyyət göstərirdi və ilk dərslər də məhz burada təşkil olunurdu. Lakin sovet dövründə bu məscid anbara çevrilmiş, din xadimləri isə həbs olunmuşdular. Təxminən 1930-cu illərdən sonra artıq dünyəvi təhsil sistemi formalaşmağa başladı. Şagird sayı artdıqca yeni korpuslar tikilərək məktəbin sahəsi genişləndirildi. Müəllimlər əsasən İrəvan quberniyasından Güllübulağa gəlirdilər.
1965–1966-cı tədris ilində tədris sistemində dəyişiklik edildi – 11 illik təhsil sistemi ləğv edilərək 10 illik təhsilə keçildi. Bu dövrdə Ermənistan tarixində görünməmiş hadisə baş verdi: 4 sinifdən 12 şagird qızıl və gümüş medal aldı. Onların 11 nəfəri ali məktəblərə qəbul olundu. Medalistlər yalnız bir dəfə imtahan verərək universitetlərə daxil olurdular. Həmin vaxt məktəbin direktoru Məmmədəli müəllim idi. Bu uğur Ermənistanda böyük əks-səda doğurdu.
11-ci sinif şagirdləri “istehsalat təlimi verən orta məktəb” anlayışı ilə təcrübəyə göndərilirdi. Həmin illərdə məktəbdə 80 şagirddən 60-ı ali məktəbə qəbul olmuşdu. Əhalinin çoxu müəllimlik və aqronomluq ixtisaslarına üstünlük verir, az bir qismi isə tibb sahəsinə üz tuturdu. Kəndin müəllimləri kifayət qədər idi və bir çoxu sonradan digər məktəblərdə direktor vəzifəsində çalışmışdır”.
Güllübulaqda yaşamış Əlyar Murtuz oğlu Mehdiyev söyləyib ki, o dövrdə illərdə hazırlıq kursları olmadan belə, məktəbdə keçirilən dərslər şagirdlərin imtahan verib ali məktəbə qəbul olunmaları üçün kifayət edirdi:
“Kənd əhalisi də övladlarını oxutmağa xüsusi önəm verirdi. 1965–1966-cı illərdə imtahan zamanı kənd camaatı gecəni yatmadan məktəbin qarşısında gözləyərdi.
Məktəbin savadlı müəllimləri arasında riyaziyyat fənnini Yusif Mustafayev, Yunis Bayramov və Tağı Mustafayev, kimya fənnini Cəfər Mustafayev, ədəbiyyat fənnini Şükür Əliyev, Məhərrəm Abbasov və İbrahim Bayramov, fizika fənnini isə Abbas Həsənov və Adil Abbasov tədris edirdilər.
Məktəbdə erməni dili də tədris edilirdi. O dövrdə kənd yerlərinə təyinatla gələn müəllimlər hərbi xidmətə çağırılmırdı. Buna görə də erməni əsilli müəllimlər kəndə gəlib fəaliyyət göstərirdilər.
Güllübulaqda ali təhsil alan ilk şəxs isə İsmayıl Məsimov olmuşdur. O, rus dili müəllimi kimi çalışmışdır.
Kənddə “Bilik günü”, “Son zəng” və digər bayram tədbirləri hər il qeyd olunurdu. Dərslər 1 sentyabrda başlayır, 25 və ya 30 may tarixində başa çatırdı”,- deyə o qeyd edib.
Güllübulaq kəndinin tanınmış pedaqoqlarından biri də unudulmaz Şəfiqə xanım Məhərrəmova idi. O, yalnız Güllübulaq məktəbində deyil, ətraf kəndlərdə də tanınır və sevilirdi. Onun adı hər zaman hörmət və ehtiramla çəkilirdi. Şəfiqə xanım 40 ilə yaxın müddətdə Amasiyanın müxtəlif kəndlərində müəllimlik etmişdi. Onun dərs dediyi şagirdlər arasında bu gün tanınmış alimlər, həkimlər, müəllimlər, mühəndislər var.
Şəfiqə xanım 1925-ci ildə İrəvan şəhərində anadan olmuşdu. Dörd qardaşın tək bacısı idi. Qədim və tanınmış Avşar nəslinə mənsub olan bu ailə İrəvanın sayılıb-seçilən şəxsləri ilə tanınırdı. Atası Məşədi Ələsgər, anası Zəhra xanım, nənəsi Hacı Səkinə, babası Hacı Mehdi İrəvan elitasının nüfuzlu nümayəndələri sırasında yer alırdı. Məşədi Ələsgər dövrünün maarifpərvər, savadlı və açıq dünyagörüşlü insanlarından biri olmuşdur. Hacı Mehdi ağanın İrəvanda 50-dən çox iri mülkü, o cümlədən Uluxanlı bölgəsinin bir çox kəndləri ona məxsus idi. Hətta İrəvandakı keçmiş Lenin meydanının yaxınlığında yerləşən Mərkəzi Poçt binası Hacı Səkinənin, yəni Şəfiqə xanımın nənəsinin şəxsi mülkü olmuşdur.
Şəfiqə xanım Məhərrəmova pedaqoji fəaliyyətə 1942-ci il noyabrın 22-də, Amasiya rayonunun Sultanabad kənd yeddiillik məktəbində başlamışdır. Həmin dövrdə o, İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunun üçüncü kursunda təhsil alırdı. Lakin İkinci Dünya müharibəsinin gedişində Ermənistanın kənd yerlərində müəllim çatışmazlığı səbəbilə Ermənistan Maarif Nazirliyinin səfərbərlik əmri ilə texnikumun üçüncü kursunda təhsil alan on üç nəfər qız müəllim kimi kənd məktəblərinə göndərilmişdi. Şəfiqə xanım da bu qızlar arasında idi və həmin tədris ilində Sultanabad kəndində müəllimlik fəaliyyətinə başlamışdı.
Sultanabaddakı fəaliyyəti bir il davam etdikdən sonra o, taleyini Güllübulaq kəndi ilə bağladı. Həmin dövrdə müharibə davam edirdi, vətəni müdafiə edən minlərlə azərbaycanlı cəbhələrdə vuruşurdu. Atası, maarifpərvər şəxsiyyət Məşədi Ələsgərin vəfatı Şəfiqə xanım üçün ağır itki olmuşdu. Doğma İrəvana – ata ocağına qayıtmaq istəsə də, şəxsi həyatında baş verən önəmli dəyişiklik bu qərarına təsir göstərdi: o, Güllübulaq kənd orta məktəbində müəllim işləyən, Böyük Vətən müharibəsi iştirakçısı Məmmədəli müəllimlə ailə həyatı qurdu. Beləliklə, Güllübulaq Şəfiqə xanımın ömürlük yurduna çevrildi.
Böyük Vətən müharibəsindən əvvəl kənd sakinlərindən Abbasov Məhərrəm, Bayramov İsmayıl, Əliyev Apo, Gülməmmədov İsmayıl və başqaları Nəriman Nərimanov adına İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirmiş ilk güllübulaqlılar olmuşlar. Güllübulaqda və ətraf kəndlərdə qabaqcıl maarif işçiləri kimi tanınan Səməd Əliyev, Yunis Bayramov, Həmzə İsmayılov, Qulu Quliyev, Şükür Əliyev, Məmmədəli Məhərrəmov və digərləri qonşu Çaxmaq, Oxçoğlu, Quzukənd, Qarabulaq kəndlərində müxtəlif illərdə məktəb direktoru vəzifəsində çalışmışlar.
İnqilabdan əvvəl Qəribov İbrahim, Rzayev İsrafil, Hüseynov İdris və digər güllübulaqlılar Gümrü şəhərində rus məktəbində oxumuş, lakin maddi çətinliklər səbəbindən təhsillərini davam etdirə bilməmişlər. Gümrü şəhərində fəaliyyət göstərən və Zaqafqaziyada yeganə olan Gümrü Süd Sənaye Texnikumunda da bir çox güllübulaqlı gənc təhsil almışdır.
Ümumilikdə, Güllübulaq kənd orta məktəbinin mövcud olduğu 50 il ərzində 1988-ci ilədək i 50 nəfər məzunu “əla” qiymətlərlə qızıl və gümüş medala layiq görülmüşdür.
Knyaz Ələsgər oğlu Əliyev 1940-cı il martın 21-də Qərbi Azərbaycanın Amasiya rayonunda anadan olub. Hələ uşaqlıq illərindən öz savadı, səriştəsi ilə digərlərindən fərqlənib, 1957-ci ildə Amasiyanın Güllübulaq kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin il Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mexanika fakültəsinə daxil olub.
1962-ci ildə AzPİ-ni Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə fərqlənmə diplomu ilə bitirərək, mühəndis-mexanik sənətinə yiyələnib. Savadı və yüksək mədəniyyəti ilə müəllimlərinin rəğbətini qazanan K.Əliyev ali təhsilini başa vurduqdan sonra Nəzəri mexanika kafedrasında müəllim-assistent vəzifəsində saxlanılıb. İllər sonra o, dəfələrlə bu etimadı doğruldub, çoxsaylı gənclərin elm sahəsində inkişafına təkan verib. 1969-cu ildə professor İ.Bəxtiyarovun rəhbərliyi altında namizədlik, 1986-cı ildə Leninqrad (indiki Sankt-Peterburq) Politexnik İnstitutunda "Çoxrabitəli bircins və qarışıq mühitlər üçün elastiklik" mövzusunda doktorluq dissertasiyasını müdafiə edən K.Əliyevin elmi işi keçmiş SSRİ-nin görkəmli alimləri, professorlar D.İ.Şerman, G.R.Çerepanov, V.A.Palmov və digərləri tərəfindən yüksək qiymətləndirilib. XX əsrin 70-80-ci illərində mexanika elminə verdiyi əsaslı töhfələr Knyaz müəllimin adını elmin bu sahədə qabaqcıl nümayəndələri siyahısına daxil edib.
O, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının "Mexanika" bölməsinin sədri, namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyalarının müdafiəsi üzrə Elmi Şuranın üzvü, Elmi Şuranın nəzdindəki elmi seminarın sədri olduğu dövrdə də həmişə öz nümunəvi fəaliyyəti ilə fərqlənib.
Professor Knyaz Əliyev ölkəmizin hüdudlarından kənarda, beynəlxalq konfrans və simpoziumlardakı çıxışları ilə elmimizi yüksək səviyyədə təmsil edib. Amerika Bioqrafiya İnstitutu tərəfindən 1997-ci ildə dərc olunmuş dünyanın 2000 ən görkəmli elm və ictimai xadimini əhatə edən beynəlxalq sorğu kitabında-ensiklopediyada ona xüsusi yer ayrılıb, elmi-pedaqoji fəaliyyətinə yüksək qiymət verilib. O, 2009-cu ildə Amerika Bioqrafiya İnstitutu tərəfindən "İlin adamı" diplomu ilə təltif edilib. Alimin Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. Belə ki, Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamla o, "Əməkdar müəllim" fəxri adına layiq görülüb. 100-dən artıq elmi məqalənin, dərs vəsaitinin müəllifi olan professor K.Əliyev 40 ilə yaxın AMİU-nun Nəzəri mexanika kafedrasına rəhbərlik edib.
Abel Məmmədəli oğlu Məhərrəmov – əslən Qərbi Azərbaycanın Amasiya rayonunun Güllübulaq kəndindən olub, 5 yanvar 1950-ci ildə Ağdam rayonunda anadan olmuşdur. O, 1966-cı ildə Güllübulaq kənd orta məktəbini medalla bitirmişdir. Həmin il məktəbin 12 məzunu qızıl medala layiq görülmüşdü. Abel Məhərrəmov elə həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olmuş, 1971-ci ildə oranı əla qiymətlərlə başa vurmuşdur.
1973-cü ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetində Üzvi kimya ixtisası üzrə əyani aspiranturaya qəbul olunmuş, 1976-cı ildə akademik N.S. Zefirovun rəhbərliyi ilə namizədlik (fəlsəfə doktoru) dissertasiyasını müdafiə etmişdir.
1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissə müdiri, dekan müavini kimi müxtəlif vəzifələrdə çalışmış, 1991-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Həmin il Üzvi kimya kafedrasının professoru seçilmiş, 1993–1999-cu illərdə isə Kimya fakültəsinin dekanı olmuşdur.
1999-cu ilin yanvarında ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunmuş və bu vəzifədə 2018-ci ilin noyabrınadək – 20 ilə yaxın fəaliyyət göstərmişdir. Hal-hazırda BDU-nun Üzvi kimya kafedrasının və “Zərif Üzvi Sintez” Elmi-Tədqiqat Laboratoriyasının müdiridir.
Rektorluğu dövründə BDU-da geniş miqyaslı islahatlar həyata keçirilmiş, universitetin beynəlxalq nüfuzu artmış, reytinq cədvəllərində mövqeyi yüksəlmişdir. Bu dövrdə iki yeni fakültə, onadək kafedra və otuzadək elmi-tədqiqat laboratoriyası (Nano Araşdırmalar Mərkəzi daxil olmaqla) yaradılmış, Gənc İstedadlar Liseyi və BDU-nun Qazax filialı açılmışdır. Əlavə olaraq, universitetin müxtəlif tədris korpusları, idman kompleksi, stadion, üzgüçülük hovuzu, yeməkxana, poliklinika və əməkdaşlar üçün 800 ailəlik yaşayış kompleksləri inşa olunmuşdur.
Abel Məhərrəmov 2000-ci ildə “Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüş, 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının, 2016-cı ildə isə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. O, “Şöhrət” ordeni (2009), II dərəcəli “Əmək” ordeni (2019), “Heydər Əliyev” medalı (2024), İqtisadi Əməkdaşlıq Təşkilatının “Qızıl medal”ı (2000), Rumıniyanın “Qızıl Ulduz” ordeni (2006), “İSESCO” mükafatı (2012) və digər beynəlxalq təltiflərlə mükafatlandırılmışdır.
Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycan Respublikasının Elm, Texnika, Memarlıq, Mədəniyyət və Ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının və Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üzvü təyin edilmişdir.
Abel Məhərrəmov Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti (2002–2004), Avrasiya Universitetləri Assosiasiyasının vitse-prezidenti (2015–2019), Latviya Elmlər Akademiyası nəzdində Beynəlxalq Elmi Şuranın, Gürcüstan Milli Elmlər Akademiyasının və Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi və fəxri üzvüdür.
Mustafayev Ağa Məmməd oğlu 9 may 1942-ci ildə Amasiya rayonunda anadan olmuşdur. 1958-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin əczaçıllıq fakültəsinə qəbul olunmuş və 1963-cü ildə oranı bitirmişdir. Ali təhsili başa vurduqdan sonra təyinatla Sumqayıt Kimya zavoduna göndərilərək 1963–1966-cı illərdə orada kimyaçı vəzifəsində işləmişdir. O, 1966–1969-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunun (NKPİ) aspiranturasının əyani şöbəsində oxumuşdur. Mustafayev Ağa Məmməd oğlu 1969–1972-ci illərdə NKPİ-də kiçik elmi işçi kimi çalışmış, 1972-ci ildən AMEA-nın Polimer Materialları İnstitutuna keçirilərək kiçik elmi işçi, sonra böyük və aparıcı elmi işçi kimi fəaliyyət göstərmişdir. Mustafayev Ağa Məmməd oğlu 1997-ci ildən "Doymamış Poliefirlər" sektorunun, 2007–2014-cü illərdə "Doymamış Poliefirlər", 2014-cü ildən isə "Poliefir və polikarbonat materiallar" laboratoriyasının müdiridir.
O, 1971-ci ildə kimya elmləri üzrə namizədlik, 1991-ci ildə Kazan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasında doktorluq disseretasiyasını müdafiə etmişdir. 2007-ci ildə ona "Üzvi Kimya" ixtisası üzrə professor adı verilmişdir. Bakı Dövlət Universitetinin Üzvi Kimya kafedrasının professoru və universitetin nəzdində fəliyyət göstərən Dissertasiya Şurasının üzvüdür.
Hidayət Bilal oğlu İsayev 1944-cü il sentyabrın 4-də Ermənistan SSR-in Amasiya rayonunun Güllübulaq kəndində anadan olmuşdur.
1960-cı ildə kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1967-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə başa vurmuşdur.
1967–1974-cü illərdə Sovet Ordusunda hərbi həkim kimi xidmət etmiş, ümumi cərrahiyyə və neyrocərrahiyyə ixtisasları üzrə təkmilləşmə kursları keçərək hərbi hospitallarda cərrah kimi çalışmışdır.
1974-cü il yanvarın 2-dən 1978-ci ilin avqust ayına qədər Bakı şəhərində yerləşən Mir-Kasımov adına Respublika Klinik Xəstəxanasının əvvəlcə nevrotravmatologiya, daha sonra isə neyrocərrahiyyə şöbələrinin rəhbəri olmuşdur. 1978-ci ilin avqust ayından etibarən həmin xəstəxananın ümumi cərrahiyyə şöbəsinə rəhbərlik edir.
1979-cu ildə A. V. Vişnevski adına Cərrahiyyə İnstitutunun (Moskva) aspiranturasına daxil olmuş, 1982-ci ilin iyun ayında “Şəkərli diabetli xəstələrdə kəskin xolesistit və kəskin appendisitin cərrahi müalicəsinin xüsusiyyətləri” mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini almışdır.
1984-cü ildə onun təşəbbüsü ilə Respublika Klinik Xəstəxanasında İrinli cərrahiyyə şöbəsi yaradılmışdır və həmin vaxtdan etibarən bu şöbəyə rəhbərlik etmişdir. Professor Qidayət İsayev irinli peritonit və digər irinli xəstəliklərin müalicəsi ilə məşğul olmuş, regionlarda diaqnostika və ixtisaslı cərrahi yardımın kifayət qədər inkişaf etməməsi səbəbindən bu sahədə ixtisaslaşmış elmi-praktik komanda formalaşdırmışdır.
Toplanmış elmi və praktiki təcrübənin nəticəsi olaraq, o, 1991-ci ildə Moskvada “Diffuz irinli peritonitin kompleks müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.
1993-cü ildə onun təşəbbüsü ilə Akademik M.A. Topçubaşov adına Elmi-Tədqiqat Eksperimental Cərrahiyyə İnstitutunun tərkibində irinli-septik cərrahiyyə üzrə elmi laboratoriya yaradılmış və bu laboratoriyaya rəhbərlik etmişdir.
Professor Q. B. İsayevin rəhbərliyi ilə 4 doktorluq və 29 namizədlik dissertasiyası uğurla müdafiə olunmuşdur.
O, həmçinin Ümumdünya Cərrahlar Təşkilatının tamhüquqlu üzvüdür.
Güllübulaq kəndindənin digər tanınmış şəxsiyyətləri:
Mustafa Qurdoğlu (Qlava Mustafa) - Ağbaba mahalında ilk müasir məktəbin qurucusu, bölgədə maarifçilik hərəkatının öncüllərindən biri.
Yusif Hümbətov - Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü
Qəzənfər Qəribov - Tədqiqatçı-jurnalist, AzTV-nin “Xəbərlər” proqramının baş redaktoru, “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini.
Qəmbər Namazov - Fizika-riyaziyyat elmləri namizədi, professor
Vərqa Kələntərli - Fizika-riyaziyyat elmləri doktoru, professor
Qasım Mustafayev - Fizika-riyaziyyat elmləri namizədi, elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş alim.
Nazim Mustafayev - Tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun əməkdaşı, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı.
Muxtar Mustafayev - Hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü.
Malik Namazov - Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun “Sistemli analizin riyazi məsələləri” şöbəsinin kiçik elmi işçisi.
Tünzalə Abbasova