“Şagird şagirdi bıçaqladı”, “şagird məktəb yoldaşına xəsarət yetirdi”, “şagird müəllimini bıçaqladı”, “şagird sinif yoldaşını döyüb videoya çəkdi”...son bir neçə ildir ki, belə xoşagəlməz xəbərlərlə tez-tez rastlaşırıq. Məktəblərdə əsasən yuxarı sinif şagirdləri arasında aqressiv və kobud davranışlar geniş yayılıb və bu hallar daha da artmaqdadır. Belə şagirdlər, öz davranışları ilə ətrafındakı insanlara fiziki və ya emosional təzyiq göstərərək onlara zərər verir və xəsarət yetirir. Belə davranışlar şagirdin emosional və psixoloji vəziyyəti ilə yaxından əlaqəlidir. Aqressiv şagirdin məsuliyyətsiz hərəkətləri məktəb mühitini, təhsil prosesini pozmaqla yanaşı, təhsilverən və təhsilalanlar üçün də ciddi təhlükədir. Çünki belə uşaqlar psixoloji gərginlik səbəbindən ətrafındakı insanlara kobudluq edərək onlara xəsarət yetirmək istəyirlər.
Məktəblərdə aqressivlik, müəllim və sinif yoldaşlarına qarşı qeyri etik, xoşagəlməz davranışlar nümayiş etdirən şagirdlərin hərəkətləri cəmiyyət tərəfindən birmənalı qarşılanmır. Bəziləri hesab edir ki, ailədə nəzarətin zəif və təlim-tərbiyədə boşluqların olması bu kimi halların baş verməsinə gətirib çıxarır. Valideyn nəzarətindən uzaq olan uşaq küçə həyatına meyl edir, yaşına uyğun olmayan insanlarla dostluq edir, pis vərdişlərə yiyələnir və nəticədə onlarda davranış pozğunluqları baş verir.
Yaşadığı psixoloji gərginlik səbəbindən uşaq ətrafında insanlara qarşı aqressiv davranır və onlarla dava etmək istəyir. Ailə daxilində zorakılıq, münaqişələr, valideynlərin diqqətsizliyi və sevgisizlik uşağın özünü kimsəsiz hiss etməsinə səbəb olur ki, bu da onda aqressiv davranışlara yol açır. Ailədə fiziki zorakılıqla üzləşən, şiddət görən, qayğıdan, diqqətdən, valideyn sevgisindən uzaq uşaqda ətrafdakılara qarşı mənfi münasibət, aqressiv hisslər yaradır. Adətən belə uşaqlar təhsildən tez-tez yayınır. Məktəbə getmək, müəllimlərlə, sinif yoldaşları ilə ünsiyyət qurmaq onlara maraqsız gəlir. Ona görə də belə uşaqlar məktəb qaydalarını pozur, müəllimlərlə hörmətsiz davranır, məqsədli şəkildə disruptiv (pozucu) davranışlar sərgiləyirlər.
Psixoloqların fikrincə, ailədaxili münasibətlərin necə olması, valideynlərin göstərdiyi davranışlar, diqqət və qayğı uşaqlar üçün çox vacibdir. Çox zaman yeniyetmənin aqressiv hərəkətlərinə səbəb valideynlərin sərt cəza növlərini seçmələri olur. Ailədaxili münaqişələr, valideynlərin onlarla kobud rəftarı uşaqlarda aqressiyanın pik həddə çatmasına şərait yaradır. Onlar həddindən artıq emosional, əsəbi və gərgin olurlar.
Psixoloq Elnur Rüstəmov hesab edir ki, doğru olmayan ailə modelinin ailədəki uşaqlara verdiyi zərər daha böyükdür. Valideynin övladına qarşı soyuq olması, öhdəliklərindən imtina etməsi, ona dəstək və dəyər verməməsi, övlad ilə ünsiyyət qurmaması, həmçinin onun problemləri ilə maraqlanmaması uşağın psixologiyasına mənfi təsir göstərir. Uşağı daim başqası ilə müqayisə etmək, onu təhdidlərə məruz qoymaq aqressiyanın baş qaldırmasına birbaşa təsir edən digər səbəblərdən biridir. Valideyn əmr vermək yerinə doğru ilə yanlışı izah etməli, çətin anlarda övladına çıxış yolu tapmaqda kömək etməli, problemlərin həllində ona doğru seçim etməyi öyrətməlidir.
Uzman-klinik psixoloq Narınc Rüstəmova deyir ki, bəzi yeniyetmələr həddindən çox aqressiv olur və ya yanlış qruplaşmalara yönəlir ki, bu da nəticədə onların məktəbdən uzaqlaşmasına səbəb olur: “Belə dönəmdə uşaqlar yanlış maraqlara, zərərli vərdişlərə daha tez yönələ bilirlər. Həmçinin valideynlər övladlarının bu dönəmdə dost çevrəsini, ünsiyyətdə olduğu insanlara da diqqət etməli və onları tanımalıdır. Əgər uşaq təhsildən yayınırsa, dərslərini oxumaq istəmirsə vaxtını daha çox dostları ilə əylənərək keçirirsə, zamanla bu davranış yalnış istiqamətə yönələcək. İnsan sosial varlıqdır, biz övladlarımızı nə qədər tərbiyə etsək də, doğru yolu göstərsəkdə cəmiyyət, ünsiyyətdə olduğu insanlar da onun müəyyən mənada tərbiyyəsində rol alacaq”.
N.Rüstəmovanın sözlərinə görə, bunun üçün valideynlər ilk növbədə övladlarının təhsil səviyyəsinə, intellektual bacarıqlarını inkişaf etdirmələrinə diqqət etməlidirlər: “Hiperaktivlik müşahidə olunan uşaqları, “böyüyəndə düzələcək”, “dəcəldir” deyib keçmək və belə davranışları gözardı etmək düzgün yanaşma deyil. Çünki irəli yaşlarda bunu kontrol etmək çətinləşə bilər. Məsələn: 6-7 yaşında bir uşağın aqressiv davranışlarını kontrol etmək nisbətən asandır. Ancaq 14-15 yaşında uşağa nəzarət etmək və onların kobud davranışlarının qarşısını almaq daha çətin olur. Əgər uşaqlar kiçik yaşlardan öz əşyalarına, oyuncaqlarına qarşı aqressiv davranırsa, onları davamlı qırırsa, sökürsə, hissələrə ayıraraq dağıdırsa bu onlarda aqressiyanın əlaməti ola bilər. Ümumiyyətlə, aparılan tədqiqatlar onu göstərir ki, istər psixoloji, istərsə də fiziki şiddət görən uşaqlarda hər zaman daxili aqressiya olur. Bu da zaman keçdikcə onların da başqalarına qarşı şiddət göstərməsi hallarına gətirib çıxarır”.
Yuxarı sinif şagirdləri yetkinlik dövrünə qədəm qoyduqları üçün daha aqressiv olurlar. Cinsi yetişkənlik dövründə endokrin vəzilərində olan dəyişikliklər nəticəsində yeniyetmənin davranışlarında müəyyən uyğunsuzluqlar müşahidə olunur. Belə şagirdlər həddindən artıq emosional, aqressiv, əsəbi olmaqla yanaşı ərtafındakılara da zərər verməyə çalışırlar.
Aqressiv və psixoloji gərginlik keçirən uşağa yalnız psixoloq dəstəyi yetərli deyil. Psixoloq müəyyən söhbətlər, danışıqlar aparıb yeniyetməni sakitləşdirə və daxili gərginliyini azalda bilər. Uşağa sinifdə müəllim, evdə valideyn diqqəti, qayğısı, sevgisi və ən başlıcası isə anlayış göstərilməsi mütləqdir.
E.Rüstəmov qeyd edib ki, məktəb yaşda olan uşaqlarda bir çox hallarda şiddət yönəlik davranışlar müşahidə edilir. Lakin valideynlərin etdiyi səhvlərdən biri, uşaq böyüdükcə aqressiv və zorakı davranışların da azalmasına ümid edərək heç bir önləyici tədbirlər görməməsidir. İstənilən yaşda uşaqda zorakı davranışlar hər zaman ciddi qəbul edilməlidir. Bunu sadəcə "keçid dövründəki mərhələ" kimi dəyərləndirmək doğru deyil: “Valideyn aqressiv davranışları olan uşağı vaxtında mütəxəssisə yönləndirməklə psixoloji sağlamlığı bərpa edə bilər. Hər bir problemdə olduğu kimi uşaqların davranış pozuntuları və aqressiv hərəkətləri mütəxəssis tərəfindən erkən müdaxilə edilərək həll oluna bilər. Belə qiymətləndirmələr gənclərin ailələri, məktəb mühiti və həmyaşıdları ilə münasibətdə onların davranışlarını anlamaq üçün sınaqdan keçirilmiş metodlardan istifadəni nəzərdə tutur. Həmçinin, paralel olaraq ailə daxilində münaqişələr, məktəbdə baş verən problemlər də həll edilməlidir. Qeyd edilən risk faktorları əhəmiyyətli dərəcədə azaldılsa və ya aradan qaldırılarsa, bir çox zorakı davranışın öncədən qarşısını almaq mümkündür. Əsas diqqət, uşaq və yeniyetmələrin evdə, cəmiyyətdə və media vasitəsilə zorakılığa məruz qalmasının kəskin şəkildə azaldılmasına yönəldilməlidir. Unutmayaq ki, bir zorakılıq başqa bir zorakılığa gətirib çıxarır”.
Aqressiv davranışları idarə etmək və şagirdləri daha sağlam bir şəkildə yönləndirmək üçün mütəxəssilər tərəfindən müxtəlif yanaşmalar tətbiq olunur.
Şagirdin kobud davranışlarının arxasında hansı səbəblərin dayandığını anlamağa çalışmaq vacibdir. Müəllimlər və valideynlər şagirdi dinləyərək, ona dəstək göstərməli və emosional vəziyyətini nəzərə almalıdırlar. Şagirdə emosional idarəetmə və öz hisslərini daha sağlam yollarla ifadə etməyi öyrətmək faydalı ola bilər.
Aqressiv şagirdlər qəzəbli, sərt olduğu vaxtlarda onlarla ünsiyyət alınmaz. Sakitləşmələrini gözləmək, daha sonra nəyi səhv etdiklərini sakit səslə izah etmək lazımdır.
Onlara düzgün davranışlar öyrətmək üçün həvəsləndirici təşviq və mükafat sistemi tətbiq etmək mümkündür.
Psixoloji yardıma ehtiyacı olan şagirdlərə terapiya təklif edilməli, onların emosional vəziyyətləri ilə məşğul olunmalıdır. Məktəbdə psixoloq və ya sosial işçi tərəfindən dəstək göstərilməsi şagirdin aqressivliyinin azalmasına kömək edə bilər.
Müəllimlər və valideynlər arasında normal ünsiyyət şagirdin davranışını izləmək və ona düzgün istiqamət vermək üçün vacibdir. Müəllimlər, şagirdin davranışlarını izləyərək, valideynlərlə birgə planlar hazırlamalıdır.
Şagirdlərə məktəbin qaydalarını və normalarını başa salmaq, onların nəzakətli və cəmiyyətdə normal davranmalarını təmin etmək vacibdir. Məktəbdə müsbət davranışları təşviq edən mühit yaratmaqla aqressiv davranışların qarşısını almaq mümkündür.
Aqressiv şagirdlərin də potensialları var. Müəllimlər bu potensialı üzə çıxarmalı, həmin şagirdləri yüksək qiymətləndirməli, hətta mükafatlandırmalıdır. Bu məqamda “Gözəl söz ən böyük mükafatdır” deyimini xatırlamaq lazımdır.
Təhsil eksperti Nadir İsrafilovun fikrincə, tərbiyə, təhsil və təlim prosesləri birlikdə vəhdət təşkil edir. Bunların hər üçü birlikdə şəxsiyyətin inkişafına xidmət edir. Təlim prosesi tərbiyə funksiyasını yerinə yetirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə öz təsirini göstərir. Ümumilikdə götürsək pedaqoji prosesin hər bir sahəsi bütün bu funksiyların yerinə yetirilməsində əsas rol oynayır. Çünki, təhsil insanın müxtəlif bilik və bacarıqlara yiyələnməsinə, həmçinin dünyagörüşünün formalaşmasında əhəmiyyətlidir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişafetdirici üç əsas funksiyanı yerinə yetirir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir. Ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır. Təhsil, insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsinə, onun dünyagörüşünün formalaşmasına, tərbiyə və inkişafında böyük rol oynayır”.
Ekspertin sözlərinə görə, postsovet dövründə əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin əsasını təşkil edirdi: “Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi və s mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi. Hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, həmin dönəmdə davranışla əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, vətənpərvərlik tərbiyəsi və s mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi. Bu gün də biz yaxşı vətəndaş yetişdirmək üçün biliklə yanaşı daha çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmalıyıq”.
Müəllim Səkinə Əliyevanın söylədiyinə görə, sözə qular asmayan, verilən öyüd-nəsihətlərə məhəl qoymayan, dərsi pozan, nizam-intizam qaydalarına riayət etməyən, müəllimləri incidən, sinif yoldaşlarını vuran, döyən şagirdlər illər öncə də olub, indidə var. İndi sadəcə belə şagirdlərin sayı artıb: “Dərsi pozan, müəllimin sözünə qulaq asmayan, yoldaşlarını incidən belə aqressiv şagirdlər əsasən oxumayan, dərsə marağı olmayan, küçə həyatına meyli olanlardır. Belə uşaqları məktəbə, cəmiyyətə qaytarmaq lazımdı. Kobud davranmaqla, özündən uzaqlaşdırmaqla biz belə uşaqları geri dönüşü olmayan bir yola itələmiş olurq. Onlarla mütəmadi olaraq danışmaq, söhbətlər aparmaq, səhv yoldan döndərməyə, məktəbə, təhsilə qaytarmağa çalışmaq, ən başlıcası sevgi göstərmək lazımdır. Həm valideynlər, həm uşaqlar belə şagirdlərlə həm müəllim həm də psixoloq kimi davranmalıdırlar. Doğrudur, çətin tərbiyə olunan belə uşaqları düz yola qaytarmaq asan olmasa da çətinliklə də olsa buna nail olmaq mümkündür. Hər bir müəllim müəyyən mənada psixoloqdur. O, dərs dediyi şagirdlərin psixologiyasına ən azı valideynləri qədər bələddir. Hər gün dərs dediyi, ünsiyyətdə olduğu şagirdlərinin ayrı-ayrılıqda hansı psixologiyaya, fərdi xüsusiyyətinə, hansı düşüncəyə malik olduğunu yaxşı bildiyi üçün də ona uyğun olaraq hərəkət etməlidir. Bu zaman hər hansı bir nəticəyə gəlmək mümkündür”.
Müəllim bildirib ki, uşaq ailənin güzgüsü hesab edilir. Odur ki, hər bir şagird öz ailəsi haqqında mənfi rəy yaratmamaq üçün hərəkətlərinə və davranışlarına fikir verməlidir.
Nərmin Qarazadə