Azedu.az

5 dil bilən Nübar: Anamı xaricə aparmaq üçün diplomat olacam

Məktəblər

Tələbə və şagird

9 Aprel 2025, 14:14
5 dil bilən Nübar: Anamı xaricə aparmaq üçün diplomat olacam

Yaşının az olmasına baxmayaraq çoxsaylı dillərə marağı olan və bu bacarığa sahib bir şagird var. Bəli, söhbət 12 yaşlı Nübar Tağıyevadan gedir.

 

Belə ki, 5 dil bilən Nübarın son günlər əcnəbi vətəndaşla xarici dildə sərbəst danışması olduqca müsbət qarşılanmaqla yanaşı cəmiyyətdə böyük marağa səbəb olub.

 

N.Tağıyeva Azərbaycan, Türk, İngilis, Rus və Alman dillərində danışa bilir.

 

O, bizə hər yaşda yeni bir dil öyrənərək, dünyaya fərqli bir pəncədən baxmağın mümkün olduğunu göstərir.

 

AzEdu.az müsahibəni təqdim edir.

 

- Bu yaşda qazandığın uğura görə səni ilk növbədə təbrik edir, uğurlar arzulayıram. Nübar, səni oxucularımıza daha yaxından tanıtmaq istərdik.

 

- Çox sağ olun. Mən, Nübar Tağıyeva Culfa rayon Camaldın kəndində anadan olmuşam. 6-cı sinifdə oxuyuram. Birinci sinifdən 5-ci sinfə kimi Naxçıvanda yerləşən 3 nömrəli (rus sektoru) məktəbdə oxumuşam. 6-cı sinifdən isə Naxçıvanda yeni fəaliyyətə başlamış Naxçıvan Dövlət Universiteti (NDU) nəzdində olan İngilis təmayüllü Kembric məktəbində təhsilimi davam etdirmişəm.

 

- Lap yaxşı. Xarici dilə olan marağın haradan yaranıb? Sənə bu yolda kim dəstək olub?

 

- İlk növbədə ondan başlayım ki, biz lap balaca olandan atam məni və bacım Xumarı rus dili öyrənməyə məcbur edirdi. Baxmayaraq ki, özü rus və ingilis dilini bilmirdi, amma bizə görə o, həm rus, həm də ingilis dilini müəyyən qədər öyrəndi. Biz məktəbə getməmişdən öncə kənddən şəhərə köçdük və atam ilk dəfə məni, daha sonra məndən 1 il fərqi ilə bacımı rus sektoru üzrə məktəbə yazdırdı. Mən 5-ci sinfə kimi o məktəbdə oxudum. Daha sonra 6-cı sinifdən isə ingilis dili məktəbinə qəbul oldum və hazırda orada oxuyuram.

157935

Hələ məktəbə getməmişdən əvvəl atam rus çizgi filmləri bizə izlədirdi. Bizə rus dilində tərcüməsini bilməsək də nağıllar oxuyurdu, sonra məktəbi rus sektoru üzrə oxumağa başladıqdan sonra artıq dərs proqramları ilə dili öyrəndik. İngilis dilini isə əsasən indi oxuduğum məktəbin hazırlıq kursunda öyrənməyə başladım. Həmçinin alman dilini də təhsil aldığım məktəbdə öyrənirəm. Öz dilimizi isə həm azərbaycanlı olduğum üçün, həm də məktəbdə öyrədildiyinə görə yaxşı bilirəm. Atamın bizə hər zaman bir sözü var. Hər zaman bizi təmbeh edir ki, "istəyirsiniz 5 yox, 5 dil bilin, amma ən əsası öz dilimizi bilin. Çünki öz dilimizi bilməsəniz, bu qədər əziyyətiniz boşa getmiş olur".

 

- Sən yaşda bir şagird üçün həm dərslərinə fokuslanmaq, həm də dil bacarığını inkişaf etdirmək çətin olur. Bilmək istərdim ki, sənə bu yolda kim dəstək olub?

 

- Dərslərimizdə bizə həm atam, həm də anam kömək edirlər. Xarici dil öyrənməyə stimul yaradan şəxs əsasən atam olub və hazırda da bütün dərslərlə bağlı problemimdə kömək olmağa çalışır. Anam da həmçinin əlindən gəldiyi qədər bizə dəstəkdir. Buna görə də valideyinlərimiz bizim dil öyrənməyimizdə ən birinci dəstəkçilərimizdir.

 

- Nə gözəl. Bəs, başqa hansısa sahələrə marağın var?

 

- Bəli, mənim rəsmə və yeni şeylər yaratmağa həvəsim olduğu üçün gələcəkdə dizayner olmağı daha çox istəyirəm. Anamı İsveçrə və Hindistanda apara bilmək və ölkəmizə daha faydalı işlər görə bilmək üçün diplomat olmağı arzulayıram.

 

- Bəs, bacın Xumar necə, sənin kimi xarici dilə maraq göstərir?

 

157934

- Bəli, bacım Xumar da rus dilində çox gözəl danışır və artıq o da ingilis dilində müəyyən səviyyədə danışmağı bacarır. Bacım da xarici dil öyrənməyə həvəslidir.

 

- Bu günə qədər hər hansısa bir olimpiadada iştirak etmisən?

 

- Xeyr, indiyə qədər heç bir olimpiadada iştirak etməmişəm. Hələ ki, bir nailiyyətim yoxdur. Ümid edirəm ki, gələcəkdə qazanaram.

 

- Yaşıdlarının sənə olan münasibəti necədir? Heç olubmu ki, dostlarına sənə dil öyrənməklə bağlı müraciət edib?

 

- Yaşıdlarımın mənə olan münasibəti pis deyil. Xeyr, bununla bağlı məndən kömək istəyən olmayıb.

 

Nübarın anası Səhnə Tağıyeva övladlarının hər ikisinə ən yaxşı şeyləri arzu etdiyini dilə gətirib:

 

“Mənim əsas istəyim övladlarımın öz arzuladıqları həyatı yaşamaları və arzuladıqları peşəyə sahib olmalarıdır. Ancaq Nübarın da yuxarıda qeyd etdiyi kimi övladlarımın diplomat olmalarını arzulayıram. Nübar elə birinci sinifdən məsuliyyətli, dərslərində fəal iştirak edən, oxumağa həvəsli bir qız olub. Eyni zamanda müəllimlərinin hörmətini qazanıb. Hətta ibtidai sinif müəllimi hələ də Nübarla əlaqə saxlayır, onun nailiyyətlərinə sevinir. Nübarın hazırda oxuduğu məktəbdə STEAM dərslərinə, digər fənnlərdən daha çox marağı var və bu dərslərdə daha fəaldır. Eyni zamanda rəsm və dizayn sahəsində də aktivdir. Digər dərslərini isə hər zaman diqqətlə izləyir və uğurla öyrənməyə çalışır".

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox