Azedu.az

Ən rəqabətli ixtisas QRUPU - Abituriyentlər nə etməlidir?

Məktəblər

İmtahanlar

Tələbə və şagird

9 Aprel 2025, 10:22
Ən rəqabətli ixtisas QRUPU - Abituriyentlər nə etməlidir?

“III ixtisas qrupuna daxil olmağın çətinliyi bir neçə amilin kəsişməsi ilə izah olunmalıdır. Sadəcə fənlərin çətinliyi və ya keçid ballarının yüksək olması ilə bu prosesi tam izah etmək mümkün deyil. Hər iki fikirdə müəyyən qədər həqiqət var, lakin reallıq daha çox rəqabət səviyyəsi və ixtisas seçimlərinin spesifikası ilə bağlıdır”.

 

Bu sözləri AzEdu.az-a açıqlamasında ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov söyləyib.

 

Ekspertin sözlərinə görə Hüquqşünaslıq, beynəlxalq münasibətlər, jurnalistika, filologiya, tərcümə, tarix müəllimliyi və ibtidai sinif müəllimliyi kimi ixtisaslara olan tələbat yüksəkdir:

 

“Əvvəla qeyd edilməlidir ki, III ixtisas qrupunda tarix, Azərbaycan dili, ədəbiyyat və əlavə olaraq DİM-in seçdiyi fənn (əksər hallarda coğrafiya) imtahan verilir. Bu fənlər riyaziyyat və fizika ilə müqayisədə daha asan görünsə də, testlərdə mətn anlayışı, məntiqi nəticə çıxarma və terminologiya bilikləri tələb olunur. Məsələn, tarixdə yalnız fakt deyil, həm də dövrlərin müqayisəsi, səbəb-nəticə əlaqəsi, ədəbiyyatda isə bədii nümunələrin analizi və mətnin mənasının təhlili tələb olunur. Bu isə əzbərçiliklə deyil, dərin anlayış və təfəkkürlə imtahanda uğur qazanmağı mümkün edir”.

 

Lakin əsas çətinlik bu qrupa müraciət edənlərin sayında və nəticələrinin sıxlığı ilə bağlıdır”, deyə K.Əsədov qeyd edib:

 

“DİM-in 2023-cü il qəbul statistikalarına əsasən, III ixtisas qrupunda 500-dən yuxarı bal toplayanların sayı digər qruplara nisbətən daha çox olmuşdur. Bu, təklif olunan ixtisasların populyarlığı və abituriyentlərin kütləvi marağı ilə əlaqədardır. Hüquqşünaslıq, beynəlxalq münasibətlər, jurnalistika, filologiya, tərcümə, tarix müəllimliyi və ibtidai sinif müəllimliyi kimi ixtisaslara olan tələbat yüksəkdir. Bu isə rəqabəti kəskinləşdirir və keçid ballarının süni şəkildə yüksəlməsinə səbəb olur.

 

Həmsöhbətimiz bildirib ki, burada “yüksək bal toplayanlar çoxdur, ona görə keçid balı da yüksəkdir” fikri reallığa daha çox uyğundur:

 

“Çünki bu qrupda ən yüksək bal toplayanların böyük hissəsi hüquq və tərcümə kimi məhdud sayda yerə malik ixtisaslara yönəlir və ixtisas üzrə sıralama uğrunda ciddi mübarizə yaranır. Nəticədə, bəzən 600-dən çox bal toplayan abituriyentlər belə, ilk seçiminə düşə bilmir. Məsələn, 2023-cü ildə III ixtisas qrupunda hüquqşünaslıq üzrə dövlət sifarişi ilə qəbul balı 641 bal idi ki, bu, IV və II qruplardakı əksər mühəndislik ixtisaslarını belə geridə qoyurdu.

 

Digər tərəfdən, bu qrupda bəzi ixtisaslar üzrə qəbul yerlərinin az olması da keçid balının yüksəlməsinə təsir edir. Misal üçün, tərcümə (ingilis dili) və beynəlxalq münasibətlər ixtisaslarında yer sayı məhduddur, lakin bu sahələr abituriyentlər üçün həm prestijli, həm də gəlirli hesab olunduğundan daha çox tələb olunur. Bu isə təkcə yüksək bal deyil, eyni zamanda sıx ixtisaslaşmış seçimdə strateji düzgünlüyü də tələb edir”.

 

Müsbət tərəfi ondan ibarətdir ki, bu qrupda oxuyub uğur qazanan abituriyentlər humanitar sahələr üzrə keyfiyyətli təhsil və geniş əmək bazarı imkanlarına sahib olurlar:

 

“Xüsusilə tərcümə, filologiya və pedaqoji ixtisaslar üzrə təhsil alanlar son illərdə həm dövlət, həm də özəl sektorda iş tapmaqda digərlərinə nisbətən daha çox üstünlük əldə edirlər. Lakin mənfi tərəf ondan ibarətdir ki, bəzən bu qrup “asandır” düşüncəsi ilə seçilir və hazırlıq səviyyəsi zəif olan abituriyentlər arasında kütləviliyə səbəb olur. Bu da bal sıxlığı və ixtisas üzrə rəqabətin artmasına gətirib çıxarır.

 

Nəticə etibarilə, III ixtisas qrupuna daxil olmağın çətinliyi əsasən ixtisasların prestiji və abituriyent sıxlığı ilə bağlı rəqabət faktorundan qaynaqlanır. Fənlərin çətinliyi burada müəyyən rol oynasa da, əsas amil çox sayda yüksək nəticəli namizədin az sayda populyar ixtisas uğrunda mübarizəsidir. Ona görə də bu qrupa hazırlaşan abituriyentlər həm ciddi bilik bazasına sahib olmalı, həm də ixtisas seçimini strateji şəkildə planlamalıdır”.

Rusiyadan Bakıya hücum - Bunu da etdilər!
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox